İsmayıllı rayonunda “Gənc əkinçi” layihəsi

Tarix: 13-3-2015 // saat: 23:28
“İrəli” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə İsmayıllı rayonunda “Gənc əkinçi” layihəsinin həyata keçirilməsinə başlayıb. 2015-ci ildə “Gənclər paytaxtı” seçilən İsmayıllıda keçirilən təlimlərə ölkə mətbuatını təmsil edən 30-dək gənc jurnalist cəlb olunub. Layihə iştirakçılarını İsmayıllı Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qəbul edib. Son illər rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlardan, gənclərin cəmiyyətdə rolunun artırılması məqsədilə görülən işlərdən bəhs edib. “Gənc əkinçi” layihəsinin önəmini vurğulayıb. “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov layihənin İsmayıllıda keçirilməsindən məmnunluğunu bildirərək Azərbaycanda kütləvi informasiya vasitələrinə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, bu gün ölkədə beş mindən çox KİV qeydiyyatdan keçib. Azərbaycan artıq qlobal informasiya sisteminə qoşulub və bu da gənc jurnalistlərin biliklərinin artırılmasını, onlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini zəruri edir. Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədli 1875-ci ildə “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycanda milli mətbuatın təməlinin qoyulmasından, müasir dövrdə jurnalistikanın problemlərindən, əldə olunan uğurlardan danışıb. Sonra rayon mədəniyyət sarayında “Gənc əkinçi” layihəsinin açılışı olub. “İrəli” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Türkan Xəlilova bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda peşəkar jurnalistikanı formalaşdırmaq, kütləvi informasiya vasitələri arasında əməkdaşlığı inkişaf etdirmək, yeni əlaqələrin qurulmasına şərait yaratmaqdır. Sonra iştirakçılarla jurnalistikanın tarixi, mediada peşəkarlıq və müasir mətbuatın problemləri mövzusunda ictimai müzakirə keçirilib. Layihə çərçivəsində martın 15-dək jurnalistlərə peşəkar ekspertlər və ixtisaslı kadrlar tərəfindən müxtəlif mövzularda  təlimlər, seminarlar keçiriləcək. Təlimlərdən sonra yaradılacaq qrupla mütəmadi işlər aparılacaq, dil kursları təşkil ediləcək. Qrupun, həmçinin gələcəkdə müxtəlif ölkələrin media orqanlarında təcrübə proqramlarına qatılması və həmin KİV-lərlə əməkdaşlığa cəlb edilməsi nəzərdə tutulur.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN