ƏƏSMN tərəfindən İsmayıllı rayonunda tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin tətbiqi ilə əlaqədar əlillik müayinəsi üçün göndəriş formalarının düzgün və müasir tələblərə uyğun tərtibi məsələlərinə dair zona müşavirəsi keçirilib.
Tədbirdə 14 rayonun (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan, Ağdaş, Göyçay, Ucar, Zərdab) Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) və səhiyyə müəssisələrinin məsul şəxsləri və əməkdaşları iştirak edib.
Müşavirəni giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov nazirlik tərəfindən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin tətbiq olunmasının əlillik təyinatı prosedurunun şəffaflaşdırılmasına, bu sahədə fəaliyyət mexanizminin müasir tələblərə uyğun qurulmasına xidmət etdiyini vurğulayıb. “Səhiyyə müəssisələri ilə TSEK-lər arasında əlillik müayinəsi üçün müvafiq məlumatların elektron mübadiləsinə imkan verən bu sistem vasitəsilə eyni zamanda elektron məlumat bazası da, yaradılıb. Bu baza isə, öz növbəsində aidiyyəti dövlət orqanının əlillik müayinələrinin nəticələri ilə bağlı müvafiq məlumatları elektron yolla əldə etməsinə imkan verir”.
N. Məmmədov bu sistemin tətbiqi ilə əlaqədar Səhiyyə Nazirliyinin müvafiq əmri ilə TSEK-lərə göndərişlərin elektron registrinin yaradıldığını, habelə “Tibbi-sosial ekspert komissiyasına göndəriş” və “Uşaqlar üçün Tibbi-sosial ekspert komissiyasına göndəriş” formalarının təsdiq edildiyini bildirib: “Əlillik müayinələri artıq bu göndəriş formaları əsasında aparılır. Hazırda səhiyyə müəssisələri tərəfindən bu göndərişlərin hazırlanması və elektron informasiya sistemi vasitəsilə TSEK-lərə göndərilməsi, həmin göndərişlərdə diaqnozun, eləcə də ağırlaşma hallarının düzgün və obyektiv müəyyən olunması üçün qarşıya çıxan məsələlərin birgə araşdırılmasına ehtiyac var. Bu müşavirədə də biz bu məsələləri müzakirə edəcəyik”.
Müşavirədə əlillik müayinəsi üçün göndəriş formalarının tərtib olunması prosedurunun təkmilləşdirilməsi, habelə həmin müayinənin nəticələrinin müvafiq beynəlxalq təsnifat əsasında rəsmiləşdirilməsi məsələləri geniş müzakirə olunub, ayrı-ayrı şəxslər tərəfindən təkliflər irəli sürülüb.