Pərvanə Məstan qızı Bayram (Abdulxalıqova) 1 iyun 1975-ci ildə Ağsu rayonunun Dilman kəndində müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1992-ci ildə bitirmiş, həmin il Türkiyə Cumhuriyyətinin Ankara şəhərindəki Qazi Universitetinin Pedaqogika fakültəsinin Türk dili və ədəbiyyatı müəllimliyi bölməsinə daxil olmuşdur. 1997-ci ildə həmin universitetdən məzun olan Pərvanə Bayram eyni ildə Gazi Universitetinin Humanitar Elmlər İnstitutunda magistratura təhsilinə başlamış və 2000-ci ildə oradan məzun olmuşdur. 2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda namizədlik işini müdafiə etmişdir.
Türkiyədə bir çox institutda və Azərbaycandakı Qafqaz Universitetində dərs deyən Pərvanə Bayram hal-hazırda Ankarada yaşayır və məzun olduğu Qazi Universitetində müəllim kimi fəaliyyət göstərir.
Dosent Pərvanə Bayram iki kitabın, 50-yə qədər elmi məqalənin müəllifi olub, yüzlərlə tələbə yetişdirmişdir. Əsas ixtisas sahəsi klassik Türk və Azərbaycan ədəbiyyatı olan Pərvanə Bayramın təsəvvüf ədəbiyyatı, Türk xalqları ədəbiyyatı və müasir Türkiyə və Azərbaycan ədəbiyatına aid tədqiqatları vardır.
2013-cü ilin noyabr ayında ABŞ-ın Texas ştatının Austin şəhərindəki Texas Universitetinin Orta Şərq Araşdırmaları Mərkəzində Azərbaycan dilini, tarixini, mədəniyyətini və ədəbiyyatını tanıdan seminarlar vermiş; XIX-XX əsrlərdə Azərbaycanın sosial-siyasi durumu və ədəbiyyatı mövzusundakı seminarı maraqla dinlənilmişdir. 2014-cü ildə isə 3 aylığa ABŞ-ın Waşinqton DC-də müxtəlif akademik kurslarda Qazi Universitetini təmsil etmişdir.
Bütün dərslərində Azərbaycan ədəbiyyatını və mədəniyyətini tanıdan və layiqincə təmsil edən Pərvanə Bayram dərslərində, seminar və konfranslarda Azərbaycanın Türk dünyasının zəngin tarixi və mədəni keçmişə malik önəmli və ayrılmaz bir hissəsi olduğunu hər fürsətdə vurğulamaqdadır. Türkiyədə Azərbaycan mədəniyətinin və ədəbiyyatının təbliğində, Novruz bayramının, xüsəsən Xocalı həqiqətlərinin elmi və kütləvi ictimaiyyətə çatdırılmasında Pərvanə Bayramın xüsusi rolu vardır. Belə ki, o, Xocalı soyqırımı ilə bağlı dəfələrlə konfranslar keçirib, Nevşehir, Avanos və Polatlıdakı müəllim və tələbə kollektivinə, eyni zamanda geniş ictimaiyyətə bu faciə haqqında məlumat vermişdir.
"İsmayıl Hikmət Ərtaylanın Azərbaycan ədəbiyyatı tarixi (I və II cild)", "Əzizə Cəfərzadə, həyatı, şəxsiyyəti və hekayələrinin incələnməsi" adlı iki kitabın müəllifi olan Pərvanə Bayram 2009-2013-cü illərdə Nevşehir Universitetində Çağdaş Türk Ləhçələri və Ədəbiyyatları bölməsində kafedra müdirinin müavini olmuşdur. 2014-cü ildən etibarən isə Qazi Universiteti Polatlı Fənn Ədəbiyyat fakultəsində dekan muavini vəzifəsində çalışır.