İsmayıllı rayonunun coğrafi mövqeyi, flora və faunasının zənginliyi, mədəni-tarixi irsi turizmin inkişafı üçün olduqca əlverişli imkanlar açır. Girdiman, Göyçay və Ax-Ox çayları bu rayonun ərazisindən keçir. Qalacıq, İstisu, Burovdal, Müdrüsə kəndlərinin yaxınlığında 50-25 metr yüksəklikdən tökülən şəlalələr, Babadağ yaxınlığında dəniz səviyyəsindən 3400-3500 metr yüksəklikdə, bir-biri ilə yanaşı yerləşən 3 təbii göl, eləcə də Kürdmaşı və Aşıqbayramlı kəndlərinin yaxınlığındakı 2 süni göl bu bölgənin inciləridir. Zəngin bitki və heyvanat aləminə malik olan İsmayıllı rayonunun ərazisində çoxlu dərman bitkiləri yetişir. Rayonun təbiətində maral, dağ keçisi, qaban, ayı, canavar, tülkü, çaqqal və başqa heyvanlara rast gəlmək mümkündür. 1969-cu ildə rayonda 5778 hektar ərazisi olan İsmayıllı qoruğu yaradılıb.
İsmayıllı xalq yaradıcılığının bəhrəsi olan mədəniyyət abidələri ilə də zəngindir. Bu abidələr əcdadlarımızın qoyub getdiyi cansız, lakin həqiqətləri əks etdirən, “danışa bilən” yadigarlar, tarixin əsl mühafizəçiləridir. Adı VII əsrdən məlum olan, Girdimançayın sahilində dəniz səviyyəsindən 1200 metr yüksəklikdə yerləşən Lahıc qəsəbəsi isə xarici turistlər arasında daha çox tanınır. Bu yer Azərbaycanın ən qədim sənətkarlıq mərkəzlərindən biridir. Sənətkarların misdən döymə üsulla hazırladıqları silahlar, məişət qabları və təsərrüfat alətləri Lahıcı çoxdan məşhurlaşdırıb. Öz əcdadlarının işlərini davam etdirən misgərlər, sərraclar, döymə iş ustaları, dulusçular, dəmirçilər, papaqçılar indi də az deyil. Lahıc, eləcə də digər qədim yaşayış məskəni olan Basqal tarix-mədəniyyət qoruqları bu gün də turistlərin ən çox maraq göstərdikləri yerlərdir. Basqalda XVII əsrə aid məscid, hamam, kəlağayı evi, Lahıcda isə 1791-ci ilə aid Bədöyün, Zəvəro, Ağolı məscidləri və Zəvəro bulağı mühafizə edilir.
Rayonda qədim və orta əsrlərə aid abidələr də, az deyil. Xanagah kəndindəki VII əsrə aid Qız qalası, Sulut kəndində adına rəvayətlər qoşulan XVIII əsrə aid Fitdağ qalası, Qalacıq kəndi yaxınlığında Qasımxan qalası, Girdimançay sahilində Qafqaz Albaniyasının hökmdarı Cavanşirin adı ilə bağlı VII əsrə aid Girdiman qalası və s. bu gün turistləri özünə cəlb edən tarixi abidələrdir.
İsmayıllı-Lahıc, İsmayıllı-Basqal-Xankəndi-Sulut, İsmayıllı-Talıstan-Cavanşir qalası, İsmayıllı-Qalacıq-Qasımxan qalası, İsmayıllı-Qalagah-Mollaisaqlı marşrutları xarici qonaqların ən çox istifadə etdikləri turist marşrutlarıdır. Son illər İsmayıllı getdikcə inkişaf edir, gündən-günə gözəlləşir. Bu gün rayonda dağ, atçılıq, ekoturizm sahələrinin inkişafı istiqamətində yeni layihələr həyata keçirilməkdədir.
İsmayıllıda görülən işlər rayona gələn turistlərin sayını da artırmaqdadır. Təkcə 2014-cü ildə İsmayıllıya 96 min nəfər turist gəlib ki, bu da 2013-cü illə müqayisədə 14 min nəfər çoxdur. Əminliklə demək olar ki, turizmin inkişaf etdirilməsi çərçivəsində həyata keçirilən tədbirlə nəticəsində builki göstəricilər daha da yüksək olacaq.