İsmayıllı rayonunda sahibkarlar tərəfindən ayrı-ayrı yaşayış məntəqələrində 12 yeni istixana yaradılır. AZƏRTAC xəbər verir ki, aqrar sahədə sahibkarlığın inkişaf etdirilməsi məqsədilə Avropa İttifaqının dəstəyi çərçivəsində “Fermerlərin imkanlarının yerli innovasiyalar vasİtəsilə zənginləşdirilməsi” layihəsinə əsasən 2014-cü ilin yaz aylarında rayonun 3 yaşayış məntəqəsində - Topçu, Qurbanəfəndi və Sumağallı kəndlərində istixanalar yaradılıb. Bu istixanalarda yetişdirilən tərəvəz məhsulları nəinki İsmayıllı, Bakı şəhərinin və ətraf rayonların bazarlarına da çıxarılır. Hazırda isə 2-si İsmayıllı şəhərində, 8-i Topçu kəndində, digər 2-si isə Sumağallı və Kəlbənd kəndlərində olmaqla, 12 yeni istixana qurulur. Sahibkarlar yaxın vaxtlarda işləri başa çatdıraraq, tərəvəz əkininə, əsasən də pomidor və xiyar yetişdirilməsinə başlayacaqlar.