Rayon ictimaiyyətinin iştirak etdikləri mərasimdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Çıxışlarda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi hissələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayının hərbi texnikasının köməyi ilə Xocalıda törədikləri kütləvi qırğın, qətliamla bağlı faktlar diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi yazılan bu qətliamda 63-ü azyaşlı uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər vəhşicəsinə öldürülüb, 8 ailə tamamilə məhv edilib. Girov götürülən 1275 nəfər dinc sakindən 150-nin taleyi bu günədək məlum deyil.Vurğulanıb ki, artıq bir sıra nüfuzlu beynəlxalq təşkilatlar, dünya dövlətləri, o cümlədən Pakistan, Meksika, Kolumbiya, ABŞ-ın bəzi ştatları Xocalı faciəsini soyqırımı kimi tanıyıblar. Mərasimdə Xocalı həqiqətinin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının önəmindən də, danışılıb.Mərasimdə rayon ictimaiyyəti adından beynəlxalq təşkilatlara müraciət qəbul olunub.