Ötən il Qobustanın yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində xeyli iş görülüb

Tarix: 19-2-2015 // saat: 21:25
Qobustanda 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. AzərTAc xəbər verir ki, yığıncaq iştirakçıları əvvəlcə Qobustan rayon Gənclər Mərkəzinin foyesində kənd təsərrüfatı, sənaye məhsulları və tikinti materiallarının sərgisi ilə tanış olublar. Rayon icra hakimiyyəti başçısının hesabat məruzəsində, eləcə də çıxışlarda ötən ilin bir sıra nailiyyətlərlə, xüsusilə tikinti-quruculuq və abadlıq işləri sahəsində diqqətəlayiq nəticələrlə başa çatdığı bildirilib. Belə ki, Qobustan şəhərində telekommunikasiya qovşağı və poçt binaları, Cəmcəmli kəndində ATS, Ərəbşalbaş və bir sıra digər yaşayış məntəqələrində sahibkarlıq obyektləri, Qarabağ müharibəsi əlilləri üçün 3 fərd ev tikilib istifadəyə verilib, 2 fərdi evin inşası isə davam etdirilir. Rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına ümumi uzunluğu 17 min 250 metr olan, 5 yaşayış məntəqəsini birləşdirən Təklə-Sündü-Xilmilli avtomobil yoluna asfalt döşənib, 23 suötürücüsü və 9 dayanacaq quraşdırılıb. Ümumi uzunluğu 40 kilometrdən çox olan, 10 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən 2 avtomobil yolu asfaltlanıb. Beş yaşayış məntəqəsini birləşdirən və 5000 nəfərə yaxın əhalinin istifadə etdiyi Qobustan-Poladlı yolunun tikintisi regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına daxil edilib. Ötən il kənd təsərrüfatı sahəsində də uğurlu nəticələr əldə edilib və cari ilin məhsulu üçün 21 min 958 hektar sahədə taxıl əkilib. İl ərzində rayona 18 taxılbiçən kombayn, 8 şum traktoru, 4 kotan, 3 taxılsəpən texnika gətirilib. Yığıncaqda əhalinin elektrik enerjisi və təbii qazla daha yaxşı təminatı istiqamətində görülən işlərdən də bəhs olunub. Vurğulanıb ki, Alternativ və Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi tərəfindən elektrik enerjisinin istehsalı davam etdirilib. Mərkəz tərəfindən hesabat ilində rayonun elektrik təsərrüfatına 2665882 kilovat-saat elektrik enerjisi verilib. Ümumilikdə mərkəz 2013-cü ilin mayından 2014-cü ilin sonunadək istehsal edib şəbəkəyə ötürdüyü elektrik enerjisinin müqabilində 123060,9 manat mənfəət əldə edib. Əhalinin içməli su ilə təchizatında da xeyli işlərin görüldüyü qeyd olunub. Belə ki, Yaponiya səfirliyinin ayırdığı qrant hesabına Xilmilli kəndində 15 bulaq tikilib. Şəhərdə, Nabır kəndində sakinlərin suya olan ehtiyaclarının daha yaxşı ödənilməsi istiqamətində tədbirlər həyata keçirilib. Hesabat yığıncağında təhsil, səhiyyə, mədəniyyət sahələrində görülən işlər, habelə qaşıda duran vəzifələr də ətraflı təhlil olunub. Əminliklə vurğulanıb ki, qobustanlılar 2015-ci ildə daha əzmlə çalışacaq, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramından irəli gələn vəzifələrin, Prezident İlham Əliyevin çıxışlarında qarşıya qoyulan konkret tapşırıqların yerinə yetirilməsində əllərindən gələni əsirgəməyəcəklər. Yığıncaqda Prezident Administrasiyası regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Dəyanət Abdullayev çıxış edərək, cari ildə qarşıda duran təxirəsalınmaz vəzifələrdən danışıb. Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN