İsmayıllıda yeni istehsal sahələri yaradılır

Tarix: 18-2-2015 // saat: 23:05
Fevralın 18-də İsmayıllı rayonunda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
AzərTAc xəbər verir ki, yığıncaq iştirakçıları əvvəlcə rayon mədəniyyət sarayının foyesində kənd təsərrüfatı və sənaye məhsullarının, eləcə də sənətkarlıq nümunələrinin sərgisi ilə tanış olublar.
Məruzə və çıxışlarda bildirilib ki, ötən il rayonda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. Hesabat ilində ümumilikdə 19 min 465 kvadratmetr ev tikilib istifadəyə verilib ki, bu da 2013-cü illə müqayisədə 55 faiz çoxdur. Nizami Gəncəvi küçəsində iki beşmərtəbəli, M.F.Axundzadə küçəsində isə iki doqquzmərtəbəli yaşayış binalarının inşasına başlanılıb. Prospekt və küçələrdə əsaslı yenidənqurma işləri aparılıb, şəhərin görkəminə xələl gətirən yaşayış evlərinin və ictimai binaların dam örtüyü dəyişdirilib, fasadları müasir memarlıq üslubunda təmir edilib. Habelə, Nizami küçəsində “Soyqırımı” abidəsi ucaldılıb, Heydər Əliyev adına parkda “Yaşıl teatr” üçün səhnə quraşdırılıb. Rayonda istehsal sahələrinin tikintisi istiqamətində də xeyli işlər görülüb. Belə ki, velosiped zavodunun inşası davam etdirilib, “Yaşıl market”in, “Şən fermer” MMC tərəfindən illik istehsal gücü 1000 ton quş əti olan hind toyuğu fabrikinin inşasına başlanılıb. Keyvəndi kəndində 1500 başlıq südlük-ətlik istiqamətli iri heyvandarlıq kompleksinin tikintisi isə davam etdirilir.
Qeyd olunub ki, rayonda aqrar sektorun aparıcı sahələri olan taxılçılığın, heyvandarlığın, habelə üzümçülüyün, bağçılığın, arıçılığın inkişafı istiqamətlərində ardıcıl tədbirlər görülür. Prezident İlham Əliyev tərəfindən 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunması bu sahədə mövcud ehtiyatlardan maksimum istifadə etməyə yol açır, bütün qüvvələrin səfərbərliyə alınmasını tələb edir. Məruzə və çıxışlarda təhsil, səhiyyə sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, turizmin inkişafı ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr də ətraflı təhlil olunub. Hesabat yığıncağında Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Dəyanət Abdullayev, Milli Məclisin deputatları Novruzəli Aslanov və Ərəstun Cavadov çıxış ediblər. Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Adil Ağayev, AzərTAc
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN