Qəbulda RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və bir qrup kənd sakini iştirak edib. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Prezident cənab İlham Əliyevin rayona göstərdiyi xüsusi diqqət və qayğısından, respublikamızda qazanılan uğurlardan, eləcə də, Şamaxıda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışıb. Hacılı kənd sakinləri ilk öncə ötən il əkin zamanı toxumla bağlı yaranmış problemlərin aradan qaldırılması sahəsində görülən işlərə görə, 2014-cü ildə start verilmiş əhalinin tibbi müayinəsinin aparılması kampaniyasının bu il də, davam etdirilməsinə görə, kəndin fasiləsiz olaraq təbii qazla təminatına, kənd məktəbi üçün yeni binanın tikintisinə görə, əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli, tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində rayon rəhbərliyinin köməyi ilə həyata keçirilən uğurlu tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Həmçinin kənd sakinlərindən Cuvan Xələfov kənddə qəzalı vəziyyətdə olan elektrik dirəkləri və xətlərinin dəyişdirilməsinə, Babək Haqverdiyev ünvanlı sosial yardım almasına, Fikrət Əlifov kənddə tibb məntəqəsinin açılmasına köməklik göstərilməsini xahiş edib. Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev Hacılı kəndində keçirilən səyyar qəbul-görüşdə sakinlər tərəfindən edilən müraciətlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə lazımi tapşırıq və göstərişlər verib.