“Sağlam həyat naminə erkən nikaha yox deyək!” layihəsi çərçivəsində növbəti tədbir Qobustanda təşkil olunub

Tarix: 12-2-2015 // saat: 21:19
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Sağlam həyat naminə erkən nikaha yox deyək!” layihəsi çərçivəsində növbəti tədbir fevralın 12-də Qobustan rayonunda təşkil olunub.
AzərTAc xəbər verir ki, layihənin əsas məqsədi erkən nikahın yaratdığı fəsadlar haqqında cəmiyyətin müxtəlif təbəqələrinin məlumatlandırılması və respublikamızda erkən nikah hallarının qarşısının alınmasıdır.
Qobustan Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə Güləliyeva erkən nikah hallarının fəsadlarından danışıb, bunun qarşısının alınması üçün dövlət qurumları tərəfindən aidiyyəti üzrə tədbirlərin keçirilməsinin önəmini vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva ölkədə nikah, boşanma, erkən nikah halları ilə bağlı statistik göstəricilər və qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulmuş müddəalar haqqında danışıb.
Respublikamızda erkən nikah hallarının qarşısının alınması məqsədilə aparılan uğurlu siyasətdən, komitənin bununla bağlı paytaxtda və regionlarda mütəmadi olaraq həyata keçirdiyi tədbirlərdən bəhs edən A.Sofiyeva aidiyyəti dövlət qurumlarının erkən nikah hallarına qarşı birgə fəaliyyətinin zəruriliyini qeyd edib.
Sonra “Sağlam həyat naminə erkən nikaha yox deyək!” layihəsi ilə bağlı təqdimat olub.
Ekspertlərin iştirakı ilə keçirilən tədbirdə erkən nikah hallarının yaratdığı fəsadlardan və bu fəsadların sağlam cəmiyyətin gələcəyi üçün yaratdığı təhlükədən söhbət açılıb, mövzu ilə bağlı müzakirələr aparılıb.
Bakı, 12 fevral, AzərTAc
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN