Əməkdar artist Səməndər Rzayevin xatirə gecəsi keçirilib

Tarix: 12-2-2015 // saat: 18:09
Ağsu Rayon Mərkəzi Kitabxanasında görkəmli teatr və kino aktyoru, əməkdar artist Səməndər Rzayevin 70 illiyi ilə bağlı xatirə gecəsi keçirilib.
AzərTAc xəbər verir ki, xatirə gecəsində çıxış edən ziyalılar, ağsaqqallar, aktyorun yaxın dostları sənətkar barədə xatirələrini söyləyib, keçdiyi qısa və mənalı həyat yolundan, yaradıcılığından danışıblar.
Vurğulanıb ki, S.Rzayev 1968-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini bitirdikdən sonra Azərbaycan Dövlət Akademik Milli Teatrında yaradıcılıq fəaliyyətinə başlayıb. H. Cavidin “Xəyyam” əsərindəki Xacə Nazim, “Knyaz”dakı Knyaz, “İblis”dəki İbn Yəmin, M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsərindəki Hətəmxan ağa, S.Vurğunun “Vaqif” əsərindəki Vaqif obrazları, habelə C.Məmmədquluzadənin, M.Ordubadinin, M.Qorkinin, S.Rəhmanın, U.Şekspirin və başqalarının əsərlərində yaratdığı obrazlar tezliklə onu bir aktyor kimi məşhurlaşdırıb.
S.Rzayev teatr fəaliyyəti ilə yanaşı, “Evləri köndələn yar” televiziya tamaşasında, “Babamın babasının babası”, “Od içində”, “Babək”, “Bəyin oğurlanması” və başqa bədii filmlərdə də çəkilib. Azərbaycan Radiosunun “Bulaq” verilişinin əvəzsiz aparıcısı kimi onun təkrarolunmaz səsi bu gün də xatirələrdə yaşayır.
Keçdiyi qısa həyat yolunda fitri istedadı ilə qazandığı böyük uğurlara görə S.Rzayev əməkdar artist fəxri adına layiq görülüb.
Ağsu, 12 fevral, Adil Ağayev, AzərTAc
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN