Xalq artisti Ağasadıq Gəraybəyli

Tarix: 31-1-2015 // saat: 23:29
Ağasadıq Gəraybəyli ömrünün ixtiyar çağında da ötən günlərini tez-tez xatırlayar və deyərdi: "1897-ci ildə, Novruz bayramı qabağı Şamaxıda anadan olmuşam. Atamı erkən itirdim. Yetimə "gəl-gəl" deyən çox olar, əsl qayğı göstərən isə az. Ən çətin anlarımda Yaradanımz imdadıma yetişdi. İndi də xatırlaya bilmirəm ki, necə oldu Bakıya gəldim. Ancaq qonşumuz Məşədi Məhəmmədin dedikləri hələ də qulaqlarımda səslənir: "Get, a bala, canın zəlzələdən qurtaracaq. Əlin Allahın ətəyində olsun. Zəhmət çəkərsən, bəhrəsini də görərsən". Sahibsiz uşaq idim. Tanımadığım bir darvazanı döydüm. Gülərüz, mehriban baxışlı, nurani, ahıl bir kişi qapını üzümə açdı. Elə bil məni çoxdan tanıyırdı. "Gəl görüm, nə istəyirsən?" Kimsəsiz olduğumu ona danışdım. Qəfil dilləndi: "Ay qız, Heyran, haradasan? Tanrı bizə züriyyət göndərib". Həmin gündən Əlisəttar kişidən atalıq, Heyran xanımdan analıq nəvazişi gördüm. Məktəbə gedəndə də bəxtim gətirdi. Sonralar yazıçı-dramaturq kimi tanınan Cəfər Cabbarlı ilə bir sinifdə oxuduq. Dövrün tanınan ziyalısı Hüseyn Ərəblinskidən çox mətləbləri öyrəndim. Mirmahmud Kazımovskinin təşkil etdiyi teatr dərnəyinə gedərdim. Ən çətin günlərim 1905-1907-ci illərdə oldu. Ermənilər Bakıda, bakılılara divan tuturdular. Yaxşı ki, niyyətlərinə çatmadılar. Haqq qalib gəldi. Dərslərimi pis oxumurdum. Ancaq yatanda da yuxuda teatr, səhnə görərdim. Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə getdim. İlk dəfə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevi 1913-cü il martın 15-də gördüm. Sərt xasiyyətli adam idi. Əhvalı yaxşı olanda isə üz-gözündən nur yağardı. İlk oxucularından biri də mən olmuşam". Ağasadıq Gəraybəyli dahi Üzeyir Hacıbəyovun adı çəkiləndə ehtiramla ayaq üstə durar, müqəddəs ruhuna dualar oxuyardı. Deyərdi: "Üzeyir bəy peyğəmbər xislətli şəxsiyyət, düha sahibi idi. Onun bircə amalı vardı: Azərbaycan ədəbiyyatı, musiqisi, teatrı ilə dünyada tanınsın. 1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində kefli İsgəndərin monoluqunu söyləyib səhnədən düşəndə məni yanına çağırdı. Əllə görüşdü, üzümdən öpdü, saçımı tumarladı. "Sənin kimi azərbaycanlılarla fəxr etmək lazımdır" – dedi. Üzeyir bəyin qayğısı sayəsində teatr kursuna yazıldım, ilk əməkhaqqı aldım, mənə birotaqlı mənzil verdilər. Ailə qurdum. Toy günü xeyirxahımın dediyi kəlamı dönə-dönə xatırlayıram: "Ailə qurmaq asandır, ailəsinin qədrini bilmək isə nər kişinin hünəridir". Milli teatrımızın klassiklərindən, fədailərindən biri olan Ağasadıq Gəraybəylinin səhnə fəaliyyətinə aid faktları xatırlayanda heyrətlənməyə bilmirik. O, 200 müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəyovun "Arşın Mal Alan", Cəfər Cabbarlının "Sevil", "Od Gəlini", "1905-ci İldə", sonralar "Vaqif", "Həyat", "On İkinci Gecə", "Xanlar"... Yaratdığı obrazların hər birinin adı teatr tarixinə qızıl hərflərlə yazılıb. Ona görə ki, aktyor təkcə müəllif fikirlərinə, rejissor quruluşlarına, mizanlarına görə səhnəyə çıxmayıb, oynamayıb. Həm də əsərin mahiyyətini anlayıb, etibar edilmiş rolların milli dəyərlərini dərk edib. Hər bir obrazın amalını, məqsədini tamaşaçılara çatdırmağa çalışıb. Bu cəhətlərinə görə də sevilib, hörmət qazanıb. Xalq şairi Səməd Vurğun yazıb: "Hər dəfə Ağasadığı səhnədə görəndə həyatın özü, yaratdığı obrazın canlı təsvirləri gözlərim önündən keçir. Onun timsalında həyatla səhnə arasında sıx əlaqə görürəm". Görkəmli teatr xadimi Mehdi Məmmədov isə deyərdi: "Aktyorluq onun alın yazısıydı. 1940-cı ildə respublikanın xalq artisti fəxri adına layiq görülmüşdü. Onu bir dəfə də olsun özündən razı görmədim. Məşqlərə həmkarlarından tez gələrdi. Hər jestinə, mimikasına fikir verərdi. Kollektivdə nüfuz qazanmışdı. Can deyib, can eşidərdi". Xalq artisti, ömrünün 60-cı baharında dünyasını dəyişmiş Əliabbas Qədirov danışardı: "İnstitut bitirmək, ali təhsil almaq azdır. Həyat təcrübəsinin yerini heç bir diplom, kitab verməz. Ağasadıq Gəraybəyli bizim mənəvi müəllimimiz idi. Onun qədrini bildikcə özümüz də şöhrət zirvəsinə ucalırdıq". Unudulmaz sənətkar, sevilən aktyor haqqında xoş xatirələr çoxdur. Dünya şöhrətli ifaçı Rəşid Behbudov deyərdi: "Bəxtiyar" filmində çəkiliş meydançasında Ağasadığı klub müdiri Ağabala rolunda görəndə sevindim. Çünki o, insan kimi də, aktyor kimi də əsl xarakter nümayiş etdirirdi. Bilirdim ki, o, bir neçə filmdə çəkilib. Ancaq Ağabalanı elə həvəslə oynayırdı ki, sanki kamera qarşısında deyildi, ekranda görünənlər real təsvirlər təki baxılırdı". 91 il yaşayan, unudulmaz iz qoyan Ağasadıq Gəraybəyli çox mükafatlara, fəxri adlara, orden-medallara layiq görülmüşdü. Ən böyük sevinci "O olmasın, bu olsun" filmində Rüstəm bəy rolunu oynamaq idi. Aktyor Rüstəm bəy obrazının taleyini – həm keçmişini, həm də mövcud vəziyyətini olduqca inandırıcı yaradıb. Tanınmış teatr-kino xadimi Adil İsgəndərov dəfələrlə qeyd etmişdi: "Əgər Ağasadıq Gəraybəyli təkcə Rüstəm bəy rolunu oynasaydı, yenə də ekran sənətimizin fəxri kimi xatırlanardı". Ağasadıq Gəraybəyli təvazökar insan, nümunəvi ailə başçısı idi. 1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışmış, alqışlarla qarşılanan səhnə xadimlərindən biri olmuşdu. O, şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayırdı. Məşhur müğənni Bülbüllə, xalq yazıçısı Mirzə İbrahimovla, xalq şairi Süleyman Rüstəmlə qonşu idi. Bir gün Süleyman müəllim ona deyib: "Ay qardaş, ay qonşu, ay oynadığın rollara can, nəfəs verən aktyor, niyə iş yerinə piyada gedib-gəlirsən? Sabahdan mənim xidməti maşınım səni teatra aparıb gətirəcək". Onun cavabı isə qısa oldu: "Yox, Süleyman, hələ ki, ayaqlarım sözümə baxır. Bir də qardaş, mənim doğma xalqımdan nə gizlinim? Teatrın binasından evimə gələnəcən yüzlərlə adam mənə salam verir, əhvalımı soruşur. Bundan da böyük şərəf, şöhrət olar?!" Həyatın, zamanın bütün sınaqlarından üzü ağ çıxmış insan, dönə-dönə xatırlanan sənətkar, örnək olası ailə başçısı, sadiq, sədaqətli dost-sirdaş Ağasadıq Gəraybəyli xarakterik rolların bənzərsiz ifaçısı kimi daim yad olunur. 2007-ci il aktyorun anadan olmasının 110 illiyi və səhnə fəaliyyətini 80 illiyi qeyd olunmuşdur.
 
Filmoqrafiya:
Qız qalası əfsanəsi (film, 1923)
Hacı Qara (film, 1929)
Sevil (film, 1929)-Balaş
Bakılılar (film, 1938)
Fətəli xan (film, 1947)
Bəxtiyar (film, 1955)-Ağabala
O olmasın, bu olsun (film, 1956)
Qızmar günəş altında (film, 1957)
Uzaq sahillərdə (film, 1958)
Bizim küçə (film, 1961)
Leyli və Məcnun (film, 1961)
Böyük dayaq (film, 1962)
Romeo mənim qonşumdur (film, 1963)
Arşın mal alan (film, 1965)
İyirmialtılar (film, 1966)
Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
Əzim Əzimzadə (film, 1967)
Poçt qutusu (film, 1967)
Ulduzlar sönmür (film, 1971)
Qızıl qaz (film, 1972)
Bizim küçənin oğlanları (film, 1973)
Ağasadıq Gəraybəyli (film, 1974)
Putyovka (film, 1975)
Diplom işi (film, 1979)
İstintaq (film, 1979)
Mən mahnı qoşuram (film, 1979)
Solmaz bir bahar kimi (film, 1979)
Məşədi İbad-80, yaxud köhnə tanışlar (film, 1980)
Dua (film, 1982)
Musiqi müəllimi (film, 1983)
Nəvəmin nəvəsinin nəvəsi (film, 1985)
Prima (film, 1992)
Səhər (veriliş, 1995)
Bizim qəribə taleyimiz (film, 2005)
Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
Sarıköynəklə Valehin Nağılı (film)

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN