Baba Vəziroğlu 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olmuşdur. Həmin rayonun Hacatamlı kənd orta məktəbini bitirdikdən sonra "Pravda" kolxozunda işləmiş, oradan ADU-nun hazırlıq fakültəsinə göndərilmişdir (1971-1972). Universitetin jurnalistika fakültəsində təhsil almışdır (1972-1977). Azərbaycan LKGİ MK RTİD qərargahında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı (1979) olmuş, Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləmişdir (1979-1991). "Molla Nəsrəddin" jurnalının baş redaktoru olmuşdur (1989)[2]. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilmişdir (1991). Ədəbi fəaliyyətə "Ulduz" jurnalında (1976, №8) çap etdirdiyi "Bir yaz axşamı", "Mağazinçi Dadaş" hekayələri ilə başlamışdır. Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr etmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Uzun illər teleşirkətdə aparıcı olmuşdur. "Mir" Dövlətlərarası Teleradio Şirkətində redaktor (1997-1998), Azərbaycan Kinematoqrafçılar İttifaqında baş redaktor (1998-2002) olmuşdur. Hazırda orada idarə heyətinin katibidir (2002-ci ildən). Sonra orada ədəbi proqramlar studiyasının müdiri (1991-1992), "Yurd" jurnalının məsul katibi (1993-1994), "İstedad" jurnalının baş redaktorunun müavini (1994-?) işləmişdir. Mindən artıq şeirinə mahnı bəstələnmişdir. "Həsən Seyidbəyli", "Yeri boş qalan adam" (Rəşid Behbudov), "Sənsiz və ya ömrün son axşamı" (Həsən Turabov), "Haradan başlanır vətən", "Elegiya" (Zərifə Əliyeva), "Beş nəğməlik ömür" (Oqtay Kazımov) və s. sənədli filmlərin ssenari müəllifidir. İ. Karacalenin "İtirilmiş məktub" dram əsərini Azərbaycan dilinə müvəffəqiyyətlə tərcümə etdiyinə görə SSRİ Mədəniyyət Nazirliyi və Ümumrusiya Teatr Cəmiyyətinin diplomuna layiq görülmüşdür (1983). Azərbaycan Yazıçılar İttifaqında gənc nasirlər birliyinin rəhbəri olmuşdur. M. Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini qiyabi bitirmişdir (1985). Sovet nümayəndə heyətinin tərkibində Bolqarıstanda tərcüməçilərin beynəlxalq müşavirəsində iştirak etmiş (1982), ADR Yazıçılar İttifaqının dəvəti ilə ADR-də yaradıcılıq ezamiyyətində olmuşdur (1984). Gənc yazıçıların Moskvada keçirilən VIII Ümumittifaq müşavirəsində nümayəndə kimi iştirak etmişdir (1984). "Humay" mükafatı laureatıdır (2000). Respublikanın əməkdar incəsənət xadimidir. Ailəlidir, iki qızı var.
Əsərləri:
Səhər qatarı (hekayələr). Bakı: Yazıçı, 1980, 125 səh.
Yaddan çıxan görüş (povest və hekayələr). Bakı: Yazıçı, 1985, 152 səh.
Ocaq (povestlər). Bakı: Gənclik, 1989, 280 səh.
Yol (povestlər və hekayələr). Bakı: Yazıçı, 1992, 352 səh.
Dünya dəyməz göz yaşına. Bakı: İşıq nəşriyyatı, 1998, 144 səh.
Filmoqrafiya:
Nəsrulla Nəsrullayev (film, 1999)
Kinorejissor Həsən Seyidbəyli (film, 2002)
Bahar oğlu (film, 2004)
Qonşular (film, 2006)