XXI əsrdə Qafqazda yeni nüfuz dairələrinin bölünməsi uğrunda kəskin geosiyasi mübarizə genişlənməkdədir. Həm qonşu, həm də uzaqda olan böyük dövlətlərin bu regiona olan kəskin marağının səbəbi, burada zəngin təbii sərvətlərin, əsasən də neftin və qazın olması ilə yanaşı, Qafqazın geostrateji vəziyyətidir.
Cənubi Qafqazda müstəqil dövlətlərin yaradılması ilə ABŞ bu regionu öz maraq dairəsi elan edərək, burada öz nüfuzu uğrunda mübarizə aparacağını nümayiş etdirdi. Vaşinqton Gürcüstanla Azərbaycan arasında elə də fərq qoymur. ABŞ hər ikisinə mühüm strateji partnyor kimi baxır. Ermənistan isə regionda Rusiyaya verilmiş “kredit” kimi baxılır.
Rusiya öz növbəsində regionda itirilmiş mövqelərini bərpa etmək üçün hər vəchlə Qərbin Cənubi Qafqaz istiqamətində genişlənməsinin qarşısını almağa çalışır. Rusiya özünün regionda geostrateji məqsədlərinə nail olmaq üçün, ənənəvi olaraq Cənubi Qafqazda qeyri-sabitliyin mərkəzi olan Ermənistana - öz müttəfiqinə arxalanır. Digər tərəfdən Rusiya Azərbaycanda Qarabağ, Gürcüstanda isə Abxaziya və Cənubi Osetiya münaqişələrindən istifadə edərək bu ölkələrdə öz nüfuzunu qorumağa və artırmağa çalışır.
Beləliklə, XX əsrin 90-cı illərində Qərb-Şərq geosiyasi qarşıdurmasının yavaş-yavaş Aralıq dənizinin şərqindən Xəzər regionuna keçməsi prosesi başladı və ön plana bir tərəfdən ABŞ və NATO-nun, digər tərəfdən Rusiya və İranın geostrateji imperativləri çıxdı.
Məlum olduğu kimi, Azərbaycana mövcud vəziyyətdə Türkiyə, Gürcüstanla bərabər Avro-Atlantik bloka çıxışı təmin edirlər. Bu mənada Azərbaycanın hərbi-siyasi təhlükəsizliyinin təmin edilməsində bu dövlətlərin müstəsna qiymətini çətinliklə təyin etmək olar. Ankarada Gürcüstana öz növbəsində mühüm tranzit ölkə kimi baxılır. Hal-hazırda isə Türkiyə nəinki Azərbaycanın, həmçinin Gürcüstanın mühüm iqtisadi partnyoru sayılır. Beləliklə də, Türkiyə-Gürcüstan-Azərbaycan “üçbucağı”gündəmdədir.
Rusiya ilə maraqları üst-üstə düşən İran İslam Respublikası da Qafqazda öz nüfuzunu artırmağa çalışır. Beləliklə, XXI əsrdə Qafqazda geostrateji mərkəzlər arasında geosiyasi rəqabət genişlənməkdədir.
SSRİ-nin süqutu ilə Qafqaz bölgəsi bir sıra ciddi beynəlxalq və dövlətlərarası münaqişə ocağına çevrildi. İndiyədək keçmiş çar və sovet Rusiyasından miras qalmış etnik separatizmdən (Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Şimali Qafqazda Çeçenistan və b.) Qafqaz bölgəsi xilas ola bilmir və hazırda etnik münaqişələrin ən qaynar nöqtələrindən, sülh və təhlükəsizlik üçün narahat bölgələrdən biri olaraq qalır. Bu isə bölgə dövlətləri və xalqları arasında iqtisadi və mədəni inteqrasiyanı məhdudlaşdırır. Qafqazda münaqişə və qarşıdurmalar əsasən iki respublikanın ərazisində gedir: Azərbaycan və Gürcüstan respublikalarının, milli-etnik zəmində baş verən bu münaqişələrin həlli hər iki respublikanı müxtəlif diplomatik cəhdlər qarşısında qoymuş, onların iqtisadi inkişafına böyük sədd çəkmişdir. Ermənistan etnik təmizləmə siyasəti ilə özünü birdəfəlik bu problemdən azad etmişdir.
Lakin yeni müstəqil dövlətlərin siyasi elitaları bir faktı qəbul edirdilər ki, onların təhlükəsizliyinə bir-birindən ayrılıqda baxıla bilməz. Qafqazda təhlükəsizlik siyasətinin yaradılmasının əsas iştirakçıları bir tərəfdən Qafqazın müstəqil dövlətləri olan Azərbaycan, Gürcüstan və Ermənistandırsa, digər tərəfdən regionla qonşu və burada maraqları olan dövlətlər və beynəlxalq təşkilatlar – Rusiya, Türkiyə, İran, ABŞ, BMT, ATƏT, MDB, GUAM və NATO-dur.
Qeyd etmək lazımdır ki, regionda mürəkkəb geosiyasi oyunun getməsi ilə yanaşı, qabarıq şəkildə real iqtisadi və mədəni maraqlara əsaslanan proqmatik əlaqələr sisteminin qurulması elementləri nəzərə çarpır. Bu, ilk növbədə Azərbaycan ilə Gürcüstan arasındakı qarşılıqlı münasibətlərə aiddir. Belə ki, GUAM-da birgə üzvlülük, bir neçə regional lahiyələrdə əməkdaşlıq, o cümlədən TRASECA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) proqramı çərçivəsində, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərlərinin tikilməsi və istifadəsində, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikilməsində, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin və s. həyata keçirilməsindəki əməkdaşlıqları birbaşa Qafqazın, o cümlədən Azərbaycanın, Gürcüstanın milli təhlükəsizliyi, xalqlarımızın rifahı ilə yanaşı, region ölkələrinin, ilk növbədə Qafqaz ölkələrinin iqtisadi və mədəni inteqrasiyası, regional əməkdaşlığı sürətləndirməklə, sülhün, əmin-amanlığın, sabitliyin möhkəmlənməsinə yönəldilmişdir. Bu istiqamətdə strateji əməkdaşlıq Azərbaycan, Gürcüstan və Türkiyə Respublikaları arasında bağlanmış Trabzon sazişi ilə bərkidilmişdir. XXI əsrdə dünyanın bir çox dövlətlərini, o sıradan Qafqazı vahid iqtisadi məkanda birləşdirmək, Qafqazın Asiya ilə Avropa arasında iqtisadi və mədəni körpü rolunu həyata keçirtmək bu proqramların ana xəttini, leytmotivini təşkil edir.
Regional əməkdaşlıq, Cənubi Qafqaz ölkələrinin inteqrasiyası termini yerli və xarici siyasətçilərin, siyasətşünasların leksikonuna XX əsrin 90-cı illərinin ikinci yarısında girmişdir. Yəni, bu, münaqişəli zonalarda atəşkəs rejiminə keçdikdən və Azərbaycanın 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra mümkün oldu.
Qafqazda əmin-amanlıq və sabitlik konsepsiyasının əsasını dövlətlərarası münasibətlərin aşağıdakı prinsipləri təşkil edir:
- dünya birliyi tərəfindən tanınmış sərhədlər çərçivəsində dövlət suverenliyinin bərpa olunması;
- hər zaman və hər yerdə insan hüquqlarının müdafiə olunması;
- nəqliyyat və digər kommunikasiya növlərinin birgə qorunması;
- təbiətin qorunması və təbii fəlakətlərin aradan qaldırılması sahəsində əməkdaşlıq;
- etnik və dini dözümlülük;
- Qafqazla bağlı beynəlxalq layihə və xarici sərmayələrin hərtərəfli dəstəklənməsi.
Əməkdaşlığın belə bir çoxbucaqlı forması son nəticədə regionda kollektiv təhlükəsizliyin təmin olunmasını gerçəkliyə çevirə bilər. Mühüm fakt odur ki, Cənubi Qafqazın Avropa ilə Asiya, Şimal ilə Cənub və Qərb ilə Şərq arasında dağıdılmaz körpüyə çevirilməsi üçün təqdim olunmuş mexanizm ən azından iki Cənubi Qafqaz dövləti - Azərbaycan və Gürcüstanın təhlükəsizlik sistemlərini formalaşdırmışdır.
Son zamanlar Qafqaz xalqları və onların qonşuları üçün sülh və təhlükəsizliyi təmin edən strukturun yaradılması ideyası yerli və xarici siyasətçilərin və ekspertlərin ağıllarını məşğul edir. Onların çoxları belə düşünürlər ki, Şimali və Cənubi Qafqazın coğrafi, tarixi və mədəni kökləri nəinki bir-birilə bağlıdır, hətta bütövlük təşkil edir. Qafqazda regional əməkdaşlıq ideyası haqqında ilk dəfə 1990-cı illərin ortalarında Vaşinqtonda söhbət açıldı. Məhz o zaman Z.Bjezinski kimi mütəxəssislər Cənubi Qafqaza yüksək maraq göstərməyə başladılar, xüsusilə də Azərbaycana xüsusi diqqət verdilər. Qafqazda regional əməkdaşlıq ideyası müxtəlif modifikasiyalar şəklində yavaş-yavaş Avropaya ixrac olundu və nəticədə regional sabitlik və ya regional təhlükəsizlik haqqında saziş və digər bu kimi müxtəlif teoriya və formullara çevrildi.
Qafqaz üçün bir neçə regional əməkdaşlıq modeli nəzərdən keçirildi:
1. Balladyur stabillik paktı: Fransa tərəfindən Avropa Birliyinə təklif olunmuş pakt 1994-cü ildə meydana gəldi. Qafqaz üçün bu modelin variantı belədi ki, AB-nin böyük köməyi və ona inteqrasiya olması ilə Azərbaycan, Ermənistan və Gürcüstana Qarabağda və Abxaziyada münaqişələrin həllinə stimullar təklif olunur. Bu, AB-Ermənistan-Azərbaycan-Gürcüstan birgə sammitinə gətirib çıxartdı. 1999-cu ilin iyunun 22-də Lüksemburqda keçirilən tədbirin yekun bəyannaməsində qeyd olunurdu ki, mövcud münaqişələr “hər üç dövlətin siyasi və iqtisadi inkişafına maneçilik törədir”.
2. Balkanlarda stabillik paktı: AB, ABŞ, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan, həmçinin digər Qara dəniz və Xəzər dəniz ölkələri və beynəlxalq təşkilatları regional siyasətə və əməkdaşlığın inkişafına dair geniş dialoqa girirlər.
3. Avropa Birliyinə virtual üzvlük ideyası: Yəni Avropa Birliyi özünün iqtisadi, maliyyə və təhlükəsizlik sahələrində Gürcüstanın, Ermənistanın və Azərbaycanın inteqrasiyasına aktiv yanaşır, və həmçinin regionun etnosiyasi münaqişələrinin həlli üçün konstitusion paketlər təklif edir.
4. Türkiyənin qəbul edilməsi ilə AB Qafqaz istiqamətinə doğru genişlənir. Rusiya isə regionun inkişafı, təhlükəsizliyi və sabitliyi kimi ümumi məsələlər işində öz əməkdaşlığını genişləndirir.
Nəhayət, 2000-ci ilin mayında Avropa siyasətinin tədqiqat mərkəzi beşinci modeli təklif etdi:
- Dağlıq Qarabağda, Abxaziyada, Cənubi Osetiyada münaqişələrin həll olunması,
- ATƏT-in himayəsi altında regional əməkdaşlıq rejimi,
- Cənubi Qafqaz birliyinə təşəbbüs göstərmək,
- AB və Rusiya arasında “əməkdaşlığın cənubi məkanının” inkişafı,
- “Qara dəniz iqtisadi əməkdaşlığı” təşkilatının rolunun artırılması,
- Neftqaz sahəsində qarşılıqlı əməkdaşlığın leqal strukturasının təkmilləşdirilməsi.
Teoretik olaraq bütün qeyd olunan modellər çox maraq doğurur, lakin onların praktik istifadəsi problemli olaraq qalır. Beləliklə, həm Şimali, həm də Cənubi Qafqazda sülhün, sabitliyin, iqtisadi, siyasi və sosial tərəqqinin dəstəklənməsi üçün yeni regional təşəbbüsə kəskin ehtiyac vardır.
Qafqazın inkişafı yolları haqqında gedən geniş müzakirələr üç Cənubi Qafqaz ölkələrinin və Şimali Qafqaz xalqlarının reaksiyasına səbəb oldu. Hələ 1989-cu ildə Qafqaz Dağlı Xalqlarının Assambleyası yaradıldı və 1991-ci ildə bu, Qafqaz xalqlarının Konfederasiyasına çevrildi. Əsas məqsədlərdən biri Qafqazda dağlı xalqlarının suveren dövlət kimi bərpa edilməsi, yəni 1918-ci ildə yaradılmış Dağlı Respublikasına bənzər qurumun yaradılması idi. Lakin konfederasiyadakı struktur dəyişikliyi edilməsindən sonra onun qəti antirus istiqaməti seçməsi bir sıra xalqları ondan uzaqlaşdırdı. Bununla da ilk parçalanma baş verdi. Konfederasiyada başlıca rol çeçen xalqının nümayəndələri və onların lideri C.Dudayevin əlinə keçdi. Əsasən çeçenlərdən təşkil olunmuş Konfederasiya qoşunları gürcü-abxaz müharibəsi dövründə Abxaziya tərəfindən döyüşlərə qatıldı. Bu və digər səbəblər Konfederasiyanı gözdən saldı. Artıq 1992-ci ilin yayından etibarən Konfederasiya rəhbərləri arasında ciddi ixtilaflar yarandı və Birinci Rus-çeçen müharibəsinin başlanması ilə demək olar ki, o tam fəaliyyətsizləşdi.
Lakin “Qafqaz evi” ideyası üzərində iş Azərbaycanda və Gürcüstanda uğurla həyata keçirilməyə başlandı. 1992-1993-cü illərdə Gürcüstan prezidenti Eduard Şevardnadze “Ümumi Qafqaz evi” ideyasını önə çəkdi. Bir neçə ildən sonra bu ideya “Dinc Qafqaz uğrunda” təşəbbüsə transformasiya olundu. Regional əməkdaşlıq haqqında istənilən təklifə Azərbaycanın reaksiyası müsbət oldu.
Bu ümumbəşəri probleminin həll olunması yolunda Qafqazda və dünyada sülhün böyük tərəfdarları Heydər Əliyevin və Eduard Şevardnadzenin müstəsna xidmətlərinin olmasını xüsusilə qeyd etmək lazımdır.
“Qafqaz evi” qurumunun yaradılmasında ağırlıq mərkəzinin Azərbaycan-Gürcüstan münasibətləri müstəvisinə keçməsi aşağıdakı amillərlə bağlıdır:
- Hər iki respublika müstəqil Qafqaz dövlətidir;
- Hər iki respublikanın həll etməli olduğu problemlər, xüsusilə ölkənin ərazi bütövlüyü məsələsi analoji cəhətdən oxşardır, həlli yolları da xarici amillərlə bağlıdır;
- Hər iki dövlətin Avropa inteqrasiya proseslərinə qoşulmaq istəyi və reallaşması yollarının təxmini eyniliyi;
- Hər iki respublikanın Rusiyanın nüfuzu dairəsindən uzaqlaşmağa çalışması.
Ümumiyyətlə, Azərbaycan-Gürcüstan strateji əməkdaşlığının əsas məqsədlərindən biri də məhz Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasıdır. Bu baxımdan Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı ilin mart ayında Gürcüstana səfəri böyük əhəmiyyət kəsb etdi. Tbilisi görüşü iki dövlət arasında olan ənənəvi əlaqələrin modernləşdirilməsində, yeni məzmunla zənginləşdirilməsində mühüm mərhələyə çevrildi. Səfər çərçivəsində hər iki dövlət başçıları Qafqazda sülhün və təhlükəsizliyin yaradılması yolunda fikir və görüşlərini birləşdirə bildilər. Heydər Əliyevin Gürcüstana rəsmi səfəri zamanı bir çox sənədlərlə yanaşı, “Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq haqqında” birgə Bəyannamə də imzalandı. Bu bəyannamə H.Əliyevin təklifi ilə “Tbilisi Bəyannaməsi” adını aldı və “Ümumi Qafqaz evi” ideyasının əməli olaraq həyata keçirilməsinin başlanğıcını qoydu. Sənədin əhəmiyyəti ikitərəfli münasibətlərdən çox-çox kənara çıxır. Ümumi rəyə görə, həmin sənədin həyata keçirilməsi bütün Qafqaz xalqlarının taleyinə həlledici təsir göstərə bilər. Bəyannamədə regionda sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinin ümumi məqsədlərinə sadiqlik, beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı və onlara qarşı yönəlmiş hər hansı qəsdə yol verilməməsi, suverenlik, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığı, zor işlətməmək və ya zor işlətməklə hədələməmək, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə riayət edilməsi, region dövlətlərinin ərazilərində bütün mübahisələrin və silahlı münaqişələrin sülh yolu ilə nizama salınmasına sadiqlik, separat hərəkatların, terrorizmin bütün forma və təzahürlərinin yolverilməzliyi, MDB, QİƏT və Avropa İttifaqı ölkələri ilə qarşılıqlı faydalı və bərabərhüquqlu ikitərəfli və çoxtərəfli əməkdaşlığın zəruriliyi, region ölkələrinin Avropada geniş əməkdaşlıq məkanı ilə tədricən yaxınlaşması və mərhələlərlə, ardıcıl olaraq açıq beynəlxalq sistemə inteqrasiya olunması qeyd olunurdu. Tbilisi bəyannaməsinə görə, regionda sülhün və təhlükəsizliyin yaradılması üçün aşağıdakıların təmin edilməsi zəruridir:
- dövlətlərin suverenliyinin beynəlxalq birlik tərəfindən tanınmış sərhədlərinin hamı tərəfindən tanınması, ərazi bütövlüyünün təmin edilməsi, qaçqınların təhlükəsizlikləri təmin olunmaqla yaşayış yerlərinə qaytarılması;
- insan hüquq və azadlıqlarına, o cümlədən milli azlıqların hüquqlarına hörmət edilməsi;
- nəqliyyat və digər kommunikasiyaların daha da inkişafı və onların təhlükəsizliyi sahəsində əməkdaşlıq;
- Qafqazın nadir təbiətinin məsələlərində, təbii fəlakətlərin və silahlı münaqişələrin nəticələrinin aradan qaldırılmasında, beynəlxalq turizmin inkişafında hərtərəfli əməkdaşlıq;
- etnik və dini dözümlülük;
- beynəlxalq layihələrin fəal dəstəklənməsi, xarici investisiyaların cəlb edilməsi və təşviqi.
Beləliklə, bəyannamə mühüm siyasi-hüquqi sənəd kimi dinc və sabit Qafqaz uğrunda ümumi hərəkatın ilk addımı oldu. Digər tərəfdən Qafqaz milli-azadlıq hərəkatı tarixində ilk dəfə idi ki, dövlət başçıları səviyyəsində belə bir mühüm sənəd imzalanırdı. E. Şevardnadze demişdir: “Qafqazla həmişə BMT, ATƏT, MDB kimi nüfuzlu beynəlxalq təşkilatlar məşğul olmuşlar. Ancaq indiyə qədər Qafqaz amilinin özünü hərəkətə gətirmək mümkün olmamışdır. Zənnimcə, bizim bu təşəbbüsümüzün dəyəri məhz ondadır ki, Qafqazda yaşayan bütün dövlət və xalqları hərəkətə gətirməyə imkan verəcəkdir”. Gürcüstan-Azərbaycan bəyannaməsinin hər bir maraqlı dövlət üçün açıq olması onun regional müstəviyə qalxmasını nəzərdə tuturdu. Buna baxmayaraq, Rusiya və Ermənistan dairələrinin ciddi narahatlıqlarına səbəb olmuş sənədə bu dövlətlər qoşulmadılar. Baxmayaraq ki, bəyannamə bütün xalqlar və ölkələr arasında sülhə və qarşılıqlı anlaşmaya nail olmağın bütün elementlərini əhatə edirdi.
Tbilisi bəyannaməsinin imzalanması ilə Qafqazda sülh və təhlükəsizlik prosesinə region ölkələrinin, eyni zamanda Qafqazla əlaqələri olan dövlətlərin maraqları artmağa başladı. Tezliklə, “Qafqaz dördlüyü” adlanan Rusiya Federasiyası, Azərbaycan, Gürcüstan və Ermənistanın dövlət başçıları ilə yanaşı, Şimali Qafqazdakı muxtar qurumların rəhbərlərinin 1996-cı ilin iyunun 3-də Qafqazın Kislovodsk şəhərində görüşü keçirildi. Görüş zamanı bağlanmış “Qafqazda əmin-amanlıq, sülh, iqtisadi və mədəni əməkdaşlıq uğrunda” Bəyannamədə regionda qarşılıqlı əlaqələrin əsas prinsipləri müəyyən edilirdi. Həmin bəyannamədə Qafqazda millətlərarası həmrəyliyin təmin edilməsi, regionda möhkəm sülhün və sabitliyin bərqərar olmasına hərtərəfli kömək göstərilməsi, bölgədəki münaqişələrin beynəlxalq hüquq normaları əsasında sülh yolu ilə həll edilməsinin vacibliyi, qaçqın və məcburi köçkünlərin təhlükəsiz surətdə öz doğma ocaqlarına qaytarılmasının zəruriliyi, təcavüzkar separatçılığın və terrorizmin kökünü kəsmək üçün səylərin birləşdirilməsi, Qafqazda tarazlaşdırılmış iqtisadi siyasətin həyata keçirilməsi, Qafqazın nadir təbiətinin qorunması və digər bu kimi qlobal məsələlərin reallaşdırılması təzahür etmişdir.
“Kislovodsk bəyannaməsi” kimi tanınan sənəd mahiyyət və məzmun etibarı ilə H.Əliyev və E.Şevardnadze təfəkkürünün, zəngin dövlətçilik təcrübəsinin məhsulu olan “Tbilisi bəyannaməsi”nin məntiqi və siyasi davamı sayılsada, eyni zamanda bu sənədlər arasında ciddi fərq var idi. Belə ki, “Tbilisi bəyannaməsi” Qafqazı münaqişə və müharibələrdən qurtarmağın konkret yollarını müəyyənləşdirdiyi halda, “Kislovodsk bəyannaməsi” bütövlükdə Qafqazın münaqişə və problemlərini “konservləşdirməyə” çağırır, yaranmış “status-kvonu” qoruyub saxlamağı nəzərdə tuturdu. Buna baxmayaraq bu tarixi sənəd belə bir ümidverici bəyanatla bitir: “Biz – Azərbaycan, Ermənistan, Gürcüstan, Rüsiyanın dövlət başçıları, xalqlarımızın gələcəyi üçün tarixi məsuliyyət daşıdığımızı dərk edərək, milyonlarla insanların iradəsini ifadə edərək millətlərarası həmrəyliyi, sülhü, iqtisadi tərəqqini təmin etmək, Qafqaz xalqlarının mədəni-tarixi irsini birlikdə artırmaq üçün özümüzdən asılı olan hər şeyi etməyə hazır olduğumuzu bəyan edirik: Qafqaz bizim ümumi evimizdir. Onu öz tarixləri ilə fəxr edən və gələcəyə inamla baxan insanların yaşadıqları dinc, tərəqqi edən regiona çevirmək bizim borcumuzdur”.
Bu görüşlərin ardınca 1998-ci ilin sentyabrında Heydər Əliyevin təşəbbüsü ilə Bakıda keçirilmiş tarixi Böyük İpək Yolunun bərpası üzrə beynəlxalq konfransda imzalanan sənədlər də Qafqazda sülh prosesinin möhkəmləndirilməsində, region ölkələrinin bir-birilə və həmçinin Avropa və Asiya ölkələri ilə inteqrasiyasında mühüm əhəmiyyət kəsb etdi.
Artıq XX-əsrin 90-cı illərinin sonlarında Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə qalxması Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsində mühüm amil kimi çıxış etməyə başlamışdır. Belə ki, Qafqazın, Qərbin və Rusiyanın qarşıdurma mərkəzinə çevrilməsi ehtimalının artdığı bir dövrdə bir sıra iddiaları kənara qoyaraq iki dövlət başçısı – Heydər Əliyev və Eduard Şevardnadzenin strateji mənafeləri ön plana çəkməsi regionda siyasi balansın tarazlaşdırılmasına şərait yaradırdı.
1999-cu ildən başlayaraq, Qafqazda təhlükəsizlik sisteminin yaradılmasında müsbət rol oynayacağı gözlənilən Cənubi Qafqaz respublikalarının hərbi nazirlikləri başçılarının görüşləri müntəzəm xarakter aldı. 1999-cu ilin aprelin 13-də Gürcüstanın müdafiə nazirinin təşəbbüsü ilə Tsinandalidə Azərbaycan, Gürcüstan və Ermənistanın müdafiə nazirlərinin görüşü keçirildi. Görüş zamanı Qafqazda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə dair məsələlər müzakirə obyektinə çevrildi. Həmin ilin aprelin 28-29-da isə Azərbaycanın Daxili İşlər naziri Ramil Usubov Gürcüstana rəsmi səfəri zamanı, Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiyanın daxili işlər nazirlərinin Borjomidə keçirilmiş görüşündə iştirak etdi. Görüş zamanı regionda cinayətkarlıqla mübarizə və kriminoqen vəziyyətin aradan qaldırılmasında birgə səylərin daha da effektiv istifadə olunması məsələləri müzakirə olundu. Bundan başqa imzalanmış protokol, dörd respublika başçılarına ünvanlanmış məktub və birgə bəyannamə görüşün nəticələrindən oldu. Nazirlər həmçinin Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə xüsusi qərar qəbul etmişdilər. Nəticə etibarı ilə, Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması üçün belə görüşlərin keçirilməsi zəruridir və xüsusi əhəmiyyət kəsb edir.
1997-1999-cu illərdə Qafqazın ümumi problemlərini işıqlandıran bir neçə mühüm beynəlxalq konfrans və forumlar keçirildi. Bunlardan xüsusilə üçünü qeyd etmək olar:
Birincisi, 1997-ci ildə Tbilisidə “Cənubi Qafqazda postkommunistik demokratik dəyişiklər və geopolitika” mövzusunda beynəlxalq konfrans keçirildi. Forumda səslənən bəzi məruzələr, o cümlədən V.Keşelava və A.Yazkovanın məruzələri məhz Qafqaz birliyi probleminə toxunurdu.
İkincisi, 1999-cu ilin mayın 15-17-də Tbilisidə bir çox respublika və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə “XXI əsrin astanasında Qafqazda milli azlıqlar” mövzusunda beynəlxalq konfrans baş tutdu. Azərbaycan nümayəndə heyətinə milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov başçılıq edirdi. Konfransın bitməsindən sonra Azərbaycanın dövlət müşavirini Gürcüstan parlamentinin spikeri Z.Jvaniya qəbul etdi. Görüş zamanı Azərbaycan və Gürcüstan arasında mövcud iqtisadi, siyasi və mədəni əlaqələr haqqında fikir mübadiləsi aparıldı.
Üçüncüsü, 1999-cu ilin dekabrın 5-7-də yenə də Tbilisidə “Minalardan təmizlənmiş Dinc Qafqaza doğru” mövzusunda növbəti beynəlxalq konfrans keçirildi. Azərbaycanın müdafiə naziri və sərhəd qoşunları idarəsinin əməkdaşları konfransın iştirakçıları sırasında idi.
Bütün qeyd olunan tədbirlərdə Azərbaycan-Gürcüstan əməkdaşlığını izləmək olar ki, bu da “Ümumi Qafqaz evi” ideyasının gerçəkləşməsində ümidverici amil kimi çıxış etmişdir. Qafqazda təhlükəsizlik prosesinin inkişafına yönəlmiş daha bir tarixi faktı da qeyd etmək vacibdir. Belə ki, Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Qafqazda təhlükəsizlik sisteminin yaradılmasına kömək məqsədilə 1999-cu ilin noyabrın 18-də ATƏT-in İstanbul sammitində “Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq Paktı”nın yaradılması təklifi ilə çıxış etmişdir. Bu ideyanın davamı olaraq, 2000-cı ilin yanvarında Türkiyə Respublikasının və Gürcüstanın prezidentləri S.Dəmirəl və E.Şevardnadze “Qafqazda təhlükəsizlik və əməkdaşlıq Paktı”nı imzalamışlar. Sənəddə ümumregional əməkdaşlığın ayrı-ayrı formaları nəzərdə tutulurdu. Bu razılaşma Azərbaycan tərəfindən dəstəklənmişdir. Əlbəttə, bütün bunlar Qafqazda xüsusən də Cənubi Qafqazda sülhün möhkəmlənməsinə birbaşa xidmət edirdi.
Belə bir faktı da nəzərə almaq olar ki, Kislovodsk görüşündə razılaşdırıldığı kimi təhlil olunan və sonrakı illər ərzində “Qafqaz dördlüyü” müxtəlif formatlarda Qafqazda sülh və təhlükəsizlik məsələləri ilə bağlı görüşlərini davam etdirmişdilər. Belə ki, 2000-ci ilin iyunun 20-də Moskvada “Qafqaz dördlüyü”nün üçüncü (Kislovodskdan sonra) görüşü keçirildi. Görüş zamanı Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması məsələləri müzakirə edildi və bu cür görüşlərin mütəmadi olaraq keçirilməsi barədə razılıq əldə edildi. “Qafqaz dördlüyünün” növbəti sammiti 2001-ci ilin may ayının 31-də Minskidə baş tutdu. Həmin ilin noyabrında isə “Qafqaz dördlüyünün” parlament sədrlərinin ilk görüşü keçirildi. Bu görüşlər prezidentlərin görüşləri kimi mütəmadi xarakter daşıyırdı.
Beləliklə, bütün bu görüşlərdə Azərbaycan və Gürcüstan arasında dayanıqlı əməkdaşlığı izləmək mümkündür və perspektivliyinə görə aşağıdakıları vəd edir:
- Qafqazda hələ ki, Azərbaycan və Gürcüstanın iştirakı ilə regional əməkdaşlıq sistemi gerçəkliyə çevrilir;
- Azərbaycan Respublikası və Gürcüstan vasitəsilə Şərq-Qərb dəhlizi yaradılır və bu da öz növbəsində hər iki dövlətin iqtisadiyyatının inkişafına zəmin yaradır;
- Onlar Qara dəniz hövzəsi ölkələri ilə (əsasən Türkiyə və Ukrayna) münasibətləri genişləndirərək Rusiyadan iqtisadi asılılığı minumum dərəcəyə endirirlər, yəni, Rusiya ilə bərabərhüquqlu münasibətlər qururlar;
- Azərbaycan Respublikası ilə Gürcüstan arasında strateji tərəfdaşlıq xəttinin möhkəmləndirilməsi birgə təhlükəsizlik sisteminin yaradılması üçün imkanları artırır.
Müasir dövrdə Qafqazda sülh və təhlükəsizlik proseslərinin sürətləndirilməsi, bölgədə qarşılıqlı əməkdaşlığın inkişafı baxımından yuxarıda qeyd olunan transmilli layihələr (Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA), həmçinin bir sıra iqtisadi əməkdaşlığa əsaslanan GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər bu kimi qurumlarda, Qafqazda sülhün və təhlükəsizliyin yaradılmasına və möhkəmləndirilməsinə, region dövlətlərin Avropa və Asiyaya inteqrasiya olunmasına kömək etməlidir. Əlbəttə, “Qafqaz evi”nin tikilməsində Qafqaz xalqları hələ çox problemlərlə qarşılaşacaqlar.
Beləliklə, müharibələrə cəlb olunmuş Qafqaz dövlətlərinin əməkdaşlığını üç istiqamətdə inkişaf etdirmək lazımdır: iqtisadiyyat, siyasi aspekt və təhlükəsizliyin təminatı, həmçinin hüquq və demokratiya sferası. Əməkdaşlığın bütün bu sahələri bir-birinin qarşısını kəsməməli və zorla qəbul etdirilməməlidir. Yalnız bu sahələrin sintezi lazımı birliyi yarada bilər və o zaman regional əməkdaşlıq keçid dövrü yaşayan dövlətlərin gələcəyi üçün səmərəli olacaq. Digər tərəfdən, “Qafqaz evi”nin yaradılması prosesində beynəlxalq ictimaiyyətin geniş həmrəyliyinə böyük ehtiyac duyulur. Azərbaycan və Gürcüstan arasında mövcud olan münasibətlər, vahid strategiyanı səciyyələndirən siyasət çox guman ki, ehtiyac duyulan həmin həmrəyliyin də formalaşmasına şərait yaradacaqdır.