Rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri ümummilli lider Heydər Əliyevin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə Qobustan şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan açıq dərslərdə fəal iştirak edirlər.
Bu tədris ilində ümumtəhsil məktəblərində oxuyan 366 nəfər XI sinif şagirdindən indiyədək 103 nəfəri müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsinə həsr olunan dərslərdə yüksək fəallıq nümayiş etdiriblər.
AzərTAc xəbər verir ki, yanvarın 27-də keçirilən növbəti açıq dərsdə rayonun Cəmcəmli və Təklə kənd ümumtəhsil məktəblərindən ümumilikdə 34 nəfər XI sinif şagirdi iştirak edib.
Təcrübəli tarix müəllimi Afət Balaqardaşovanın “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda iki akademik saat ərzində tədris etdiyi dərs şagirdlərlə canlı ünsiyyət şəraitində keçib.
Dərs prosesində Ulu Öndərin təşəbbüsü ilə 1999-cu ildən təhsil sahəsində islahatların başlanması, Azərbaycan və UNESCO arasında əməkdaşlığın qurulması, “Kitabi-Dədə Qorqud” dastanının 1300, Məhəmməd Füzulinin 500 illik yubileylərinin UNESCO səviyyəsində qeyd edilməsi barədə məlumatlar şagirdlər tərəfindən böyük maraqla dinlənilib.
Məktəblilər, həmçinin 2001-ci ilin avqustunda Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi, milli təhsil proqramı və dərsliklərin yaradılması, tarixi, mədəni irsimizin, o cümlədən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar sarayı, Möminə xatın türbəsi, tarixi-dini abidələrin bərpasına dövlət qayğısı, təhsilə, mədəniyyət və incəsənətə, təhsil işçilərinə, yazıçılara, incəsənət xadimlərinə, idmançılara dövlət qayğısının gücləndirilməsi, idmanın maddi-texniki bazasının yaradılması, Olimpiya mərkəzlərinin təşkilinə başlanılması, idmançıların hazırlanması sahəsində tədbirlərin gücləndirilməsi və s. barədə ətraflı məlumatları maraqla qarşılayıblar. Həmin gün Heydər Əliyev Mərkəzinə baxan şagirdlərə burada sərgilənən fotoşəkillər və sənədlər barədə də ətraflı məlumatlar verilib.