Tarixdə Soyqırımlar Simpoziumu

Tarix: 7-3-2015 // saat: 23:29
 MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhərində I Beynəlxalq “Tarixdə Soyqırımlar: Faktlar, Reallıqlar, Uydurmalar” Simpoziumu keçiriləcəkdir.
Qısa məlumat. Tarixdə soyqırıma uğradığını iddia edən və haqqını tələb edən toplumlara çox rast gəlinir. Soyqırım nədir? Hansı faciələr, qırğınlar soyqırım kimi qəbul edilə bilər? "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın (SCQACK) 2-ci maddəsində "milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş aşağıdakı hərəkətlərdən – qrup üzvlərini öldürmək; qrup üzvlərinə ciddi fiziki və ya mənəvi ziyan vurmaq, qrupun tam və ya qismən fiziki məhvi məqsədilə qrupda həyat şərtlərini düşünülmüş şəkildə aşağı salmaq; qrupda olacaq doğumların qarşısını almaq üçün tədbirlər görmək; (və) uşaqları bir qrupdan zorla digər qrupa köçürmək – biri" kimi hadisələr soyqırım kimi nəzərdə tutulub. SCQACK-nın preambulasında olduğu kimi "bütün tarixi dövrlərdə soyqırım bəşəriyyətin amansız böyük itkisi" sayılır.
Məqsəd. Simpoziumun məqsədi dünyada soyqırımlar haqqında yazan, araşdıran və müzakirələr aparan tarixçiləri və tədqiqatçıları bir araya gətirməkdir. Tarixdə əsaslı və əsassız bir çox iddialar mövcuddur. Bu iddiaların araşdırılması metodologiyası, aparılan analizlər və gəlinən nəticələr haqqında elmi ictimaiyyətin rəyi öyrəniləcək, nəşrlərə daxil ediləcək. Simpoziumda yeni araşdırmalar və arxiv materiallarının dövriyyəyə gətirilməsi gözlənilir. Gələcəkdə yeni tədqiqatları izləmək məqsədilə simpoziumun silsilə şəklində həyata keçirilməsi nəzərdə tutulur. 
Simpoziumun əsas mövzuları:
- soyqırım nədir, problemə hüquqi baxış;
- soyqırım tarixini araşdırma metodologiyası;
- XX əsrdən öncə soyqırımlar;
- I Dünya müharibəsi ərəfəsində soyqırım aktları;
- II Dünya müharibəsi ərəfəsində soyqırım aktları;
- siyasi rejimlər və həyata keçirdiyi soyqırımlar;
- Azərbaycan tarixində soyqırımlar.
Müraciətlər üçün son tarix: 10 mart 2015-ci il
Qəbul olunan tezislər 15 mart 2015-ci ilə kimi açıqlanacaq.
E-mail: miraspresscenter@gmail.com
İnternet səhifəsi: www.miras.az

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN