Şair olmaq üçün ilk növbədə fitri istedad lazımdır. Ancaq, eyni zamanda, şair olmaq üçün Vətənə, xalqa, torpağa bağlılıq da mühüm şərtdir. Xalq şairi Zəlimxan Yaqub da məhz belə bir şairdir.
AzərTAc xəbər verir ki, bu fikirlər Ağsu şəhərində xalq tərəfindən sevilən, öz şeiri, sözü, ictimai fəaliyyəti ilə böyük hörmət qazanan Zəlimxan Yaqubun 65 illik yubileyinə həsr olunan mərasimdə səsləndirilib.
Rayon mərkəzi kitabxanasının oxu zalında ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən mədəniyyət və turizm şöbəsinin müdiri Cavanşir Şeydazadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mətləb Məmmədoğlu, şair Vaqif Osmanlı və başqaları 1950-ci ilin yanvarında qədim Borçalı mahalında Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya göz açan şairin keçdiyi mənalı həyat yolu, zəngin yaradıcılığı və ictimai fəaliyyəti barədə ətraflı danışıblar.
Bildirilib ki, çoxsaylı dövlət mükafatlarına, o cümlədən ordenlərə layiq görülən Zəlimxan Yaqub 2008-ci il avqustun 29-da aşıqların V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib. Hazırda Zəlimxan Yaqub Azərbaycan Aşıqlar Birliyinin sədri kimi bu qədim el sənətinin inkişafı, gənc istedadların yetişdirilməsi istiqamətində böyük xidmətlər göstərir.
Yubiley mərasimində bütün bunlar barədə ətraflı danışılıb, görkəmli poeziya ustasının şeirlərindən nümunələr səsləndirilib.
Tədbir iştirakçıları Zəlimxan Yaqub həyat və yaradıcılığından bəhs edən videoçarxa baxıb, onun əsərlərindən ibarət kitab sərgisi ilə tanış olublar.
Adil Ağayev, AzərTAc
http://azertag.az/xeber/827055