20 yanvar 1990-cı il Azərbaycan tarixinin qanla yazılmış şanlı səhifəsinə çevrildi. Tarixi düşmənlərimiz olan ermənilərin fitvası və Qarbaçovun fitnəsi ilə 19-undan 20-nə keçən gecə muzdlu sovet qoşunları Bakıya hücum çəkdi. 137 nəfər şəhid oldu.700-dən çox soydaşımız yaralandı. Azərbaycana düşmən kəsilən ordu Bakını, bakılıları, Vətənimizi, vətəndaşlarımızı gülləbəran etdi. 20 yanvar şəhidlik məktəbindən keçən mərd, cəsur, qəlbi vətən eşqi ilə döyünən dəyərli övladlar Qarabağ müharibəsində şəhid oldular. Hər rayonda bir “Şəhidlər xiyabanı” yarandı İndi Dağüstü parkdakı “Şəhidlər xiyabanı” xalqımızın birlik, vəhdət, dəyanət, ləyaqət, mübarizlik, qorxmazlıq, şücaət rəmzinə çevrilmişdir.
20 yanvar saat 10-dan başlayaraq İsmayıllı şəhərinin Heydər Əliyev prospekti ilə “Şəhidlər xiyabanı”na doğru ziyarətçilər axını gedirdi. Rayon rəhbərliyi, ağsaqqallar, Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, müharibə veteranları öndə idi. Beş minə qədər şəhər sakini əllərində kədər simvoluna çevrilmiş tər qərənfillər şəhid məzarlığını ehtiramla ziyarət etdi!
Ziyarətdən sonra müharibə əlilləri, şəhid ailələri, ağsaqqallar, ikinci dünya müharibəsi veteranları, çernobıl faciəsi zamanı əlil olanlar, din xadimləri Peşə tədris mərkəzində açılmış ehsan süfrəsi ətrafına gəldilər. Məhəmmədiyyə məscidinin axundu Elnur Yusifov 20 yanvar faciəsinin baş vermə səbəblərindən, ümummilli liderimiz Heydər Əliyevin hadisələrə hüquqi və siyasi qiymət verməsindən bütün əməlləri ilə şəhidlərin ruhunu şad etməsindən ətraflı danışdı. Şəhidlərin ruhuna yasin oxundu, dualar verildi. Ehsan mərasimi yenidən bir olduğumuzu, birliyimizi, vəhdətimizi, dərdi-ələmi birgə yaşamaq bacarığımızı göstərdi.
Ziyarətçilərin bir hissəsi Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun rəhbərliyi ilə Mədəniyyət Sarayına qayıtdı. Sarayın qarşısı şəhidlərin müqəddəs ruhuna layiq səviyyədə tərtib olunmuşdu. Kompozisiyadan əvvəl Rayon Təhsil Şöbəsinin əməkdaşı Rəşid Məmmədov “20 Yanvar xalqımızın qan yaddaşıdır” mövzusunda çıxış etdi. Şəhər 1,2 və 3 saylı uşaq bağçalarının birgə hazırladıqları bədii kompozisiya nümayiş etdirildi.
Rayon Təhsil və Rayon Mədəniyyət və Turizm şöbələrinin hazırladıqları ədəbi-bədii kompozisiya 20 Yanvar faciəsinin əsil mahiyyətini açdı, sonrakı nəsillərin vətənpərvərlik tərbiyəsində oynadığı rolu aydınlığı ilə əks etdirdi. Tədbir mübariz ruhlu “Yaşa,yaşa , Azərbaycan!” mahnısı ilə yekunlaşdı.
http://ismayilli-ih.gov.az/news/746.html