Ağsu rayonunun ən iri yaşayış məntəqələrindən olan Gəgəli kəndində Novruzun axır çərşənbəsində birinci Beynəlxalq “Tərəkəmə çərşənbəsi” folklor festivalına hazırlıq işləri aparılır. Festivalın Gəgəli kəndində keçirilməsi təsadüfi deyil. Çünki oğuz türklərinin boylarından biri olan Axtaçı obasının məskunlaşdığı Gəgəlidə axır çərşənbə günü ilə bağlı maraqlı adətlər vardır. Bu adətlərin bir qismi günümüzədək gəlib çatıb. “Tərəkəmə çərşənbəsi” festivalının təşəbbüsçüsü, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli AzərTAc-a eksklüziv müsahibəsində bildirib ki, axır çərşənbə axşamını çərşənbə günü ilə bağlayan səhərin ala-toranlığında sakinlər ev heyvanlarını həyətlərində qaladıqları iki iri tonqalın arasından keçirirlər. Əski inanca görə, tərəkəmələr bununla mal-qaralarını il ərzində hər cür bəlalardan, xəstəliklərdən qorumuş olur, onların yeni otlaqlara sağ-salamat çıxarılmasını təmin edirlər.
Festival çərçivəsində əvvəlcədən seçilib hazırlanan evlərdə palaz üzərində oturaq vəziyyətdə səhəri dirigözlü açmaq yarışları da keçiriləcək. Bu zaman yatan adam palaza tikiləcək, ayıldıqda şən gülüş dolu mahnılar eşidəcək. “Tərəkəmə çərşənbəsi” festivalında sərgi təşkil olunacaq. Maraqlı etnoqrafik və folklor görüntülərinin yarandığı kənddə bu festival vasitəsilə kənd turizminin də inkişafı nəzərdə tutulur.
Adil Ağayev, AzərTAc
http://azertag.az/xeber/825549