Gəncədə Şeyx Bəhaəddin dühasının məhsulu

Tarix: 14-1-2015 // saat: 22:36
Azərbaycan Milli Elmlər  Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qorunan əlyazmalar arasında Şeyx Məhəmməd ibn Hüseyn ibn Əbdussəməd əl-Amilinin (1546- 1622) astronomiyaya dair “Təşrihu’l-əflak” əsərinin əlyazması xüsusi yer tutur. O, astronom olmaqla bərabər digər elm sahələrində də böyük nailiyyətlər əldə etmişdi.
Görkəmli üləma, təriqət şeyxi, Səfəvi şeyxülislamı, məşhur riyaziyyatçı və astronomu Şeyx Məhəmməd əl-Amili Livanın  Cəbəliamil bölgəsindəki Bəaləbək şəhərində anadan olmuşdur. Atası ilə birlikdə İrana gedərək Səfəvi xanədanının baş şəhəri olan Qəzvində məskun oldular. Kiçik yaşlarından  din alimi olan atasından ərəb dili, hədis, təfsif və fiqhi öyrəndi. Elmə böyük həvəs göstərən Məhəmməd Qəzvində on il ərzində  dövrün tanınmış alimlərindən kəlam, fəlsəfə, riyazi elmlər və tibb üzrə təhsil aldı. O, cəbr, həndəsə, astranomiyanı Molla Əli Müzəhhəbdən, tibb elmini isə Həkimud-din Mahmud adlı alimdən öyrənmişdi. Sonda elmdə elə bir dərəcəyə çatdı  ki, dost da, düşmən də onun yüksək elmi məqamını etiraf etmiş oldular. Şeyx Bəhaəddin tarixdə ədib, fəqih, təfsirçi, riyyaziyatçı, mühəndis, şair, həmçinin həkim və filosof kimi qalmışdır.
Səfəvi şahları bu alimə çox yüksək qiymət verərək onu böyük dini və dövlət mənsəblərinə təyin etmışlər. Şeyx bir müddət Herat və İsfahan şəhərlərinin Şeyxul-İslamı olmuş, camaatın şəri məsələlər barəsindəki suallara cavab vermişdir.
Daha sonra Şeyx Bəhaəddin dünya və onun məqam və dövlətinə arxa çevirib zahidanə bir həyat keçirməyə başladı. Zahid qismində Misir, Suriya, Hicaz, İraq, Fələstin, Əfqanıstanı, Azərbaycanın Təbriz, Gəncə şəhərlərini gəzib-dolaşdı. Səyahətləri vaxtı bir çoxlu alimlərlə görüşdü, dərs aldı, kitablar yazdı. Nəhayət, İsfahan şəhərinə qayıdıb ömrünün sonuna  1622-ci ilə qədər orada qaldı. 
Şeyx, hərtərəfli biliyə malik ensiklopedik bir alim olmuşdur. Bir çox sahələrdə, o cümlədən mühəndislik sahəsində məharət qazanmışdı. Onun inşa etdiyi bir şamla suyu qızdırılan məşhur İsfahan hamamının hələ də sirri açılmayıb. Maraqlı burasıdır ki, bir çox yerlərdə, o cümlədən Azərbaycanda, Gəncə şəhərində Qoşa minarəli Şah abbas məscidi və yanındakı hamam da Şeyx Bəhaəddin dühasının məhsuludur. Bu məscid barədə "Lüğətnameyi-Dehxoda" kitabının 12-ci cildində belə məlumat verilir: "Gəncədə böyük abidələr, o cümlədən Bürclər, Cameə məscidi, Şah Abbas karvansarası və başqa abidələr gözə dəyir. Cameə məscidi birinci Şah Abbasın tikdirdiyi binalardan biri olub, memarı isə Şeyx Bəhaidir. Bu məscid hicri-qəməri tarixi ilə 1015-ci ildə inşa edilmişdir". Bakı Dövlət Universitetinin professoru M.Məmmədov bu məscid haqqında belə yazır: "Gəncədə olan Cümə məscidinin memarı Şeyx Bəhaəddindir ki, bir şamla qızdırılan məşhur şərq hamamını inşa etmişdir. Astronomiya baxımından möcüzə sayılan məsciddə olan kərpiclər çox qəribə bir xüsusiyyətə malikdir. Belə ki, fəsillərdən asılı olmayaraq saat 13:00-da günəş şüasının daim pəncərədən daxilə eyni bir kərpicin üzərinə düşməsi müşaidə edilir. Bu möcüzəni əyani görmək üçün keçmişdə Avropa ölkələrindən buraya faytonla gəlmişlər. Məscidin digər möcüzəsi də odur ki, Şeyx Bəhaəddinin quraşdırdığı soba, bütün məscidi qızdırmaqdadır. Həmçinin yaxınlıqda olan hamam da çox qəribə isitmə sisteminə malikdir. Qazanxanadan borular hamamın döşəmələrinin altından keçib krantlara gəlir. Bu ona görədir ki, həm hamamın döşəməsi isti olur, həm də suyu soyutmaq (çimmək) üçün lazım gəlmir.
Şeyxin müsəlmanlara göstərdiyi xidmətlər əvəzsizdir. O, tikdiyi abidələr, yazdığı kıtablardan əlavə İslam aləminə elm korifeyləri olan Molla Sədra Şirazi, Molla Möhsün Feyz Kaşani və Məhəmməd Təqi Məclisi kimi böyük filosof, mühəndis və fəqihlər yetişdirmişdir.
Şeyx Məhəmməd əl-Amili hesaba gəlməz maddi və mənəvi nemətlərə malik idi. Süfrəsindən yetimlər, fəqirlər faydalanırdı. Məhrum və kasıb təbəqə həmişə onun diqqət mərkəzində idi.
Şeyxin müxtəlif elmlərdən bəhs edən  doxsana qədər kitab və risalələri vardır. "Əsrarul-Bəlağə", riyaziyyata aid  "Bəhrul-hesab", fiqh və şəriət məsələlərindən bəhs edən "Cameyi-Əbbasi", Quranın şərhi və təfsiri haqqında "Eynul-həyat", ərəb dilinin qramatikasından bəhs edən və hazırda mədrəsələrdə tədris olunan "Fəvadius-Səmədiyyə" kimi kitablar ilə bərabər astronomiyaya aid də bir sıra əsərləri  mövcuddur.  “ Ustürlab"yaxud "Səhifə" və "Təşrihul-əflak"əsərləri məhz astronomiya mövzusundadır. Hər iki əsər Milli Azərbaycan Elmlər Akademiyası M. Füzuli adına Əlyazmalar  İnstitutunda qorunur.
 
“Respublika” qəzeti, 5 dekabr 2014-cü il,  s.6
 
t.e.d. Nərgiz Əliyeva
Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə durektor müavini

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN