Azərbaycan-Gürcüstan münasibətlərində həlledici amillərdən biri Gürcüstan ərazisində azərbaycanlıların, Azərbaycan ərazisində isə gürcülərin yaşamasıdır. Ona görə də, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin yüksək səviyyədə və ya əksinə olmasının onların həyat tərzinə birbaşa təsiri var. Əlbəttə ki, bu reallığı əsasən Gürcüstandakı soydaşlarımıza daha çox şamil etmək olar. Digər tərəfdən, onların, xüsusilə də, azərbaycanlıların durumu öz növbəsində qeyd olunan əlaqələrin inkişafında böyük rol oynayır.
Bildiyimiz kimi, Gürcüstan Qafqazın ən polietnik dövləti sayılır. 1989-cu ilin məlumatlarına görə, burada əhalinin 30 %-indən çoxu başqa millətlərin nümayəndələrindən ibarət idi. Rəsmi olaraq 4 677 401 nəfər (2005-ci il) əhalisi olan Gürcüstanın 83,8 %-ini gürcülər təşkil edir. Göründüyü kimi, ilk baxışdan gürcülərin artımı müşahidə olunur. Lakin rəsmi məlumatlara görə, ötən illər ərzində etnik gürcülərin artımı olmamışdır. Deməli, sadəcə olaraq digər etnik azlıqların kütləvi şəkildə köçü nəticəsində etnik gürcülərin faizi artmışdır. Bunun isə başlıca səbəbləri aşağıdakılar idi: etnik azlıqlara qarşı rəsmi (xüsusilə də Z.Qamsaxurdiya dövründə) və qeyri-rəsmi diskriminasiya, ümumi sosial-iqtisadi problemlər, siyasi hadisələr və s.
Əlbəttə, bu poseslər azərbaycanlılardan da yan keçmədi. Hətta demək olar ki, diskriminasiyaya ən çox uğrayan məhz soydaşlarımız olmuşlar. Təhlil olunan illər ərzində Borçalıdan köçkünlərin sayı 100 mini keçməsinə baxmayaraq azərbaycanlılar hal-hazırda da gürcülərdən sonra ölkədə olan birinci çoxluqdur.
Gürcüstanda yaşayan azərbaycanlıların sayı ilə bağlı rəsmi və qeyri-rəsmi məlumatlar arasında ciddi fərqlər var. Üstəlik maraqlıdır ki, rəsmi statistika tez-tez dəyişir. Belə ki, rəsmi məlumatlara əsasən 1979-cu ildə Gürcüstanda yaşayan azərbaycanlıların miqdarı 257 min nəfər, 1989-cu ilin siyahıya alınmasına əsasən 307 556 nəfər, 2000-ci ildə 289 761 nəfər, 2002-ci ildə 284 761 nəfər, 2004-cü ildə isə 247 789 nəfər göstərilmişdir. 2006-cı ilin məlumatlarına görə, soydaşlarımızın sayı rəsmi olaraq 304 031 nəfər göstərilir ki, bu da ölkə əhalisinin 6,5 %-ini təşkil edir.
Lakin qeyd etməliyik ki, müəyyən səbəblərə görə azərbaycanlıların sayı həmişə olduğundan xeyli az göstərilmişdir. Belə ki, qeyri-rəsmi məlumatlarda azərbaycanlıların sayı 1988-1989-cu illərdə 600000-700000 civarında olmuşdur. 1990-1994-cü illərdə soydaşlarımızın sayı məlum səbəblərə görə kəskin sürətdə azalmışdır. Məsələn, göstərilən dövrdə təkcə Dmanisi rayonunu yaşı əlliyə qədər olan azərbaycanlı vətəndaşların 80 %-i tərk etmişdir. Və yaxud 1990-1991-ci illərdə Bolnisi şəhərindən 742 azərbaycanlı ailə qovulmuşdur.
Lakin ikitərəfli münasibətlərdə aparılan fundamental dəyişikliklərdən sonra 1995-1996-cı illərdə Azərbaycandandan yüzlərlə azərbaycanlı ailəsi geriyə, Gürcüstana qayıtmışdır. İndi qeyri-rəsmi hesablamalara görə, Gürcüstandakı azərbaycanlıların sayı təxminən 400000-500000 civarındadır.
Azərbaycanlılara qarşı yönəldilmiş diskriminasiyanın acınacaqlı nəticələrini Gürcüstanda olan Azərbaycan məktəbləri barədə məlumatları araşdırdıqda üzə çıxarmış olarıq.
2006-cı ilin məlumatlarına görə, Gürcüstandakı Azərbaycan məktəblərinin sayı 164 çatıb, ki bunların 72 orta, 55 natamam orta, 7 eksperimental, 30 ibtidai məktəbdir. Bu məktəblərin sayı rayon və şəhərlər üzrə aşağıdakı kimidir:
Marneuli – 61, Bolnisi – 40, Dmanisi – 29, Qardabani – 15, Saqareco – 5, Laqodexi - 5, Zalqa – 2, Tetriskaro – 2, Telavi – 1, Rustavi – 2, Tbilisi – 2. Bu məktəblərdə ümumilikdə 36 771 nəfər şagird oxuyurdu. Azərbaycan məktəblərində 4 minə yaxın müəllim çalışırdı.
Qeyd etmək lazımdır ki, Gürcüstanda azərbaycanlı tələbələr əsasən S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı bölməsində, həmin Universitetin Marneuli filialında, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Marneuli filialında və bir sıra başqa ali təhsil ocaqlarında təhsil alırlar.
Gürcüstan azərbaycanlıları əsasən ölkənin Kvemo-Kartli (243 min nəfər), Şida-Kartli (8 min nəfər) və Kaxet (11 min nəfər) bölgələrində məskunlaşmışlar. Onlar yığcam şəkildə Marneuli (Sarvan) (91,5 min nəfər), Bolnisi (Lüksemburq) (53,8 min nəfər), Dmanisi (Başkeçid) (33,1 min nəfər) və Qardabani (Qarayazı) (48,8 min nəfər) rayonlarında yaşayırlar. Bundan başqa, azərbaycanlıların müəyyən miqdarı Tbilisi (13,4 min nəfər), Rustavi (4,5 min nəfər) və başqa şəhərlərdə, o cümlədən Zalqa (2 min nəfər), Tetriskaro (Ağbulaq) (1,7 min nəfər), Saqareco (18,9 min nəfər), Telavi (8,4 min nəfər), Laqodexi (11,4 min nəfər), Kaspi (3,9 min nəfər), Kareli (1,2 min nəfər), Msxeta (2,2 min nəfər), Qori (607 nəfər) rayonlarında və Acarıstan Muxtar Pespublikasında (542 nəfər) yaşayırlar. Hazırda Gürcüstan ərazisində azərbaycanlılar yaşayan kəndlərin sayı 200-dən çoxdur. Onların 171-də elliklə azərbaycanlılar məskundurlar. Maraqlı bir faktı da vurğulayaq ki, Gürcüstanda əhalisinin çoxluğu baxımından ən iri kənd sırf azərbaycanlılar yaşayan Marneuli rayonunun Sadaxlı kəndidir (9486 nəfər).
Qeyd etdiyimiz kimi, XX əsrin 80-cı illərinin sonu, 90-cı illərinin əvvəllərində Gürcüstan müstəqillik qazandıqdan sonra bir çox mürəkkəb ictimai-siyasi və sosial-iqtisadi problemlərlə üzləşdi. İllərlə aradan qaldırılmayan qeyri-sabitlik, siyasi qarşıdurmalar ölkənin bütün əhalisi kimi azərbaycanlıların da yaşayış tərzinə, siyasi və ictimai statusuna öz mənfi təsirini göstərmişdir.
Z.Qamsaxurdiyanın hakimiyyətə gəlməsi ilə Gürcüstanda ayrı-seçkilik siyasəti daha da şiddənlənmişdir. Mənəvi-mədəni təzyiq siyasəti nəticəsində cəmiyyətdə azərbaycanlı ziyalılara yer verilmir, aşağı səviyyəli ziyalılar (müəllim, yerli kənd rəhbərləri və s.) istisna olmaqla ziyalıların çoxu Gürcüstanı tərk edirdi, rayon rəhbərliyində yerli azərbaycanlı kadrlar get-gedə seyrəlirdi. Sosial-iqtisadi təzyiq siyasəti nəticəsində azərbaycanlı əhali torpaq almaqdan məhrum edilirdi, belə də işsizlik artırdı, iqtisadi vəziyyət dözülməz olurdu. Bundan başqa, pasport qeydiyyatı məhdudlaşdırılırdı, mədəni-marif, səhiyyə ocaqlarında azərbaycanlılara yer verilmirdi. Bir sözlə, Gürcüstanın keçmiş rəhbərliyi tərəfindən dövlət səviyyəsində azərbaycanlılara qarşı diskriminasiya siyasəti yürüdülmüş, nəticədə onlar ciddi problemlərlə üz-üzə qalaraq ölkəni kütləvi şəkildə tərk etməyə məcbur olmuşlar.
1992-ci ilin oktyabrın 11-də keçirilən respublika parlamentinə seçkilərdə bir nəfər belə azərbaycanlının seçilməsinə imkan verilməməsi ictimai-siyasi təzyiqin növbəti təsdiqi oldu.
Azərbaycanlıların yaşadıqları bölgələrdə qədim toponimlərin kütləvi şəkildə dəyişdirilməsi də məhz bu dövrdə baş vermişdir. Təkcə Z.Qamsaxurdiyanın hakimiyyəti dövründə 60-dan çox kəndin adı gürcüləşdirilmışdir. Onun hakimiyyətdən uzaqlaşdırılmasından sonra da bu proses davam etdirilmişdir. Məsələn, Bolnisi rayonunun kəndlərindən Qoçulu – Xidisquri, Cəfərli – Samtredo, Mığırlı – Vanati, İmirhəsən – Savaneti, Faxralı – Talaveri, Arıxlı – Naxeduri, Saraclı – Mamxuti və s. adlandırıldı.
1989-1994-cü illərdə Gürcüstanda azərbaycanlılara qarşı dövlət səviyyəsində yeridilən diskriminasiya siyasətini yerlərdə mafioz qrupların, cinayətkar dəstələrin azərbaycanlıların yaşadıqları kəndlərə silahlı basqınları, adam oğurluğu, onların öldürülməsi tamamlayırdı. Təkzibolunmaz faktlar sübut edir ki, cinayətkar dəstələr rayon və respublika rəhbərliyi səviyyəsində dəstəklənirdilər. Beləliklə, müstəqilliyin ilk illərində Gürcüstanda yaşayan soydaşlarımızın durumlarının kəskin şəkildə pisləşməsi sözsüz ki, ikitərəfli münasibətlərə də mənfi təsir göstərmişdir.
Lakin qeyd edildiyi kimi, Azərbaycanda Heydər Əliyev, Gürcüstanda isə Eduard Şevardnadze rəhbərliyə gəldikdən sonra, onların gərgin fəaliyyəti sayəsində ölkələrdəki xaotik vəziyyət aradan qaldırıldı, sabitlik əldə olundu, quldur və mafioz dəstələr məhv edildi, ölkələrin beynəlxalq münasibətlər sistemində mövqeyi möhkəmləndi, etnik azlıqların hüquqları tanındı, xüsusilə də Azərbaycanda onların hüquq və azadlıqları təmin edildi.
1995-ci ildə Eduard Şevardnadze prezident seçildikdən sonra azərbaycanlıların da problemlərinin həll olunacağına böyük ümidlər yarandı. Azərbaycan-Gürcüstan əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə qalxdıqca bu ümidlər daha da artdı. Xüsusi vurğulamaq lazımdır ki, məhz Azərbüycan prezidenti Heydər Əliyevin bilavasitə diqqəti və qayğısı nəticəsində Gürcüstan azərbaycanlılarının problemləri ilə bağlı həyata keçirilən dövlət rəsmilərinin səfərləri müsbət nəticələr verdi. 1994-cü il noyabrın 30-dan dekabrın 4-dək Azərbaycanın milli siyasət məsələləri üzrə dövlət müşaviri H.Orucovun başçılıq etdiyi nümayəndə heyətinin Gürcüstana səfərinin əsas məqsədi məhz bu respublikada yaşayan soydaşlarımızın vəziyyəti ilə tanış olmaq, onların problemlərini, qayğılarını həmin ölkənin dövlət rəhbərləri ilə müzakirə etmək, humanitar və milli sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsinə nail olmaq idi.
Milli azlıqların hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığı genişləndirmək məqsədilə 1996-cı il aprelin 24-dən 26-dək Tbilisidə “Milli azlıqların hüquqlarının müdafiəsi sahəsində regional əməkdaşlıq məsələləri” mövzusunda Gürcüstan-Azərbaycan birgə seminarı keçirildi. Seminarda Azərbaycan tərəfindən dövlət müşaviri H.Orucovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etdi. Seminarda milli azlıqların problemləri, həlli yolları, bu sahədə əməkdaşlığın zəruriliyi və istiqamətləri və s. məsələlər H.Orucovun, Gürcüstan İnsan Hüquqlarının Müdafiəsi və Millətlərarası münasibətlər Komitəsinin sədri A.Kavsadzenin, digər rəsmi nümayəndələrin məruzələrində öz əksini tapdı. Seminar zamanı bu sahədəki əməkdaşlığın inkişaf olması təsbit edildi.
Azərbaycan-gürcü birgə komissiyası yaradıldıqdan sonra 1998-ci il iyul ayının 22-25-də H.Orucovun başçılığı ilə Azərbaycan nümayəndə heyəti növbəti dəfə Gürcüstanda oldu. Bu səfərin də məqsədi Gürcüstanda yaşayan azərbaycanlıların həll olunmamış problemləri ilə yaxından tanış olmaq idi.
Nəinki bu səfərlər zamanı, ümumiyyətlə, hər bir qarşılıqlı rəsmi və qeyri-rəsmi səfərlər zamanı aparılan müzakirələrin və danışıqların ən başlıca mövzularından biri məhz Gürcüstanda yaşayan azərbaycanlıların siyasi və sosial-iqtisadi vəziyyəti, onların dini və mədəni inkişafı ilə bağlı olmuşdur. Bir sözlə, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf dinamikasını və perspektivliyini şərtləndirən ən başlıca amillərdən biri məhz soydaşlarımızın insan hüquqlarının qorunması və onların mövcud problemlərinin həll olunmasıdır.
Beləliklə, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Gürcüstan azərbaycanlılarının vəziyyəti və həyat şəraitləri daim Azərbaycan rəhbərliyinin diqqət mərkəzində olmuşdur. Bu diqqətin nəticəsi olaraq Gürcüstanda yaşayan soydaşlarımızın hüquqlarının qorunması sahəsində müsbət dəyişikliklər baş verdi. Lakin çox təəssüf ki, azərbaycanlıların müəyyən problemləri həll olunsa da, təhlil etdiyimiz dövrdə onların bir çox sosial-iqtisadi və siyasi problemləri mövcudluğunu saxlamışdır. Bu problemlərin coxu həll olunmamış olaraq qalmaqdadır.
Beləliklə, Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyətində bəzi dəyişikliklər baş versə də, onların bir çox problemləri həll olunmamış olaraq qalmışdır. Bu problemləri aşağıdakı kimi qruplaşdırmaq olardı:
1. Gürcüstanın ümumi sosial-iqtisadi problemləri. Buraya işsizlik, yoxsulluq, enerji çatışmazlığı və s. problemlər aiddir.
2. Torpaq bölgüsü problemi. Bu problem soydaşlarımızın üzləşdiyi ən əsas problemlərdəndir. Məlumdur ki, Gürcüstan azərbaycanlılarının böyük əksəriyyəti kənd rayonlarında yaşayırlar və tarixən onların əsas məşğuliyyəti kənd təsərrüfatı olmuşdur. Belə ki, kənd əhalisi üzrə azərbaycanlıların xüsusi çəkisi bütövlükdə Kvemo-Kartli bölgəsində 62,5 %, o cümlədən Marneuli rayonunda 86,4 %, Bolnisi rayonunda 85 %, Dmanisi rayonunda 74,4 %, Qardabani rayonunda 43,6 % və s. təşkil edir. Gürcüstanın gürcü və azərbaycanlı vətəndaşlarının dövlətdən torpaq almaq imkanları qeyri-bərabərdir. Azərbaycanlı kəndlilərin başlıca dolanışıq mənbəyi olan torpağın kəndlilər arasında bölünməyib, torpağın çoxunun gürcü iş adamlarının, o cümlədən svanların əlində toplanmasını soydaşlarımıza qarşı ayrı-seçkilik olaraq dəyərləndirilməlidir. Hətta torpaq bölgüsü zamanı ortaya çıxan subyektiv maneələr bir kənara qoyulsa belə, qəbul edilmiş qanunlar da ölkənin bərabərhüquqlu vətəndaşları sayılan azərbaycanlıların torpaq mülkiyyətçisinə çevrilmələrinə ciddi məhdudiyyətlər yaradır. Beləliklə, 70%-ə yaxın azərbaycanlı kəndliləri torpaq sahələrindən məhrum ediliblər və çarəsiz azərbaycanlılar əlverişsiz şərtlərlə torpaqları icarəyə götürməyə məcburdular.
3. Təhsil sahəsindəki problemlər. Bu sahədə də problemlər çox ciddi xarakter daşıyır və soydaşlarımızın ölkəni ötən illər ərzində tərk etməsinin əsas səbəblərindən biri kimi səciyyələndirilə bilər. Bu problemlər əsasən aşağıdakılardı:
Tədris müəssisələrinin maddi-texniki təchizatının aşağı səviyyədə olması, məktəb binalarının əksəriyyətinin bərbad vəziyyətə düşməsi, ana dilində təhsil almaq imkanlarındakı məhdudiyyətlərin aradan qaldırılmaması, azərbaycanlıların böyük əksəriyyətinin gürcü dilini bilməməsi və bu problemin aradan qaldırılması üçün effektiv tədbirlərin görülməməsi, dərsliklərin çatışmaması, tədrisin keyfiyyətinin müasir standartlara cavab verməməsi, Azərbaycan dilli ali məktəblərin olmaması və s. problemlər ki, nəticədə azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiya prosesinin kifayət qədər ləng getməsini şərtləndirən amillərdən birinə çevrilir. Bundan başqa, Azərbaycanda təhsil alıb Gürcüstana qayıdan müəllim kadrlarının işə götürülməsinə yaradılan əngəllər pedaqoji kadrların kəskin qıtlığına gətirib çıxarır ki, bu isə təhsilin inkişafına mane olur. Son məlumatlara görə, 800 müəllimə ehtiyac duyulur. Nəhayət, 2005-ci ildən ümumi təhsil sisteminin vauçer sisteminə keçirilməsi ilə bağlı Azərbaycan məktəblərinin maliyyə çatışmazlığı nəticəsində birləşməsi, yaxud tamamilə bağlanma təhlükəsi göstərilən problemləri daha da qabarıq şəkildə üzə çıxarmağa başlamışdır.
4. Azərbaycan toponimləri ilə bağlı problem. Belə ki, qədim Azərbaycan toponimlərinin dəyişdirilməsi son 100 ildə mütəmadi şəkildə baş vermiş və Z.Qamsaxurdiyanın dövründə intensiv şəkildə davam etdirilmişdir. Z.Qamsaxurdiyanın göstərişi ilə parlamentə təsdiqini tapmadan, qanunlaşdırılmadan baş vermiş Azərbaycan mənşəli toponimlərin kütləvi şəkildə dəyişdirilməsi E.Şevardnadzenin hakimiyyəti illərində dəfələrlə müzakirə mövzusuna çevrilsə də, heç bir konkret tədbir görülməmişdir və hazırda Gürcüstan azərbaycanlılarının tarixi yaddaşı ilə əlaqədar həmin həssas problem həllini gözləməkdədir.
5. Azərbaycanlıların yüksək dövlət vəzifələrinə təyin edilməsi ilə bağlı problem. Azərbaycanlıların yaşadıqları bölgələrin heç birində rayon rəhbərlərinin azərbaycanlı olmaması bu problemin kifayət qədər ciddi olduğunu göstərir. Ölkədə 40 mindən çox ali təhsilli azərbaycanlı olmasına və onların sırasında gürcü dilini bilənlərin də az olmamasına baxmayaraq, (2002-ci ilin rəsmi məlumatlarına əsasən azərbaycanlıların 43 034 nəfəri gürcü dilini sərbəst bilir) yüksək vəzifədə çalışan cəmi bir neçə nəfər azərbaycanlı var. Eyni zamanda, soydaşlarımızın hüquq-mühafizə orqanlarına qəbul edilməsi də ciddi problemlərdən biridir.
Ən təhlükəlisi isə odur ki, bu meyl təkcə mərkəzi deyil, regional hakimiyyət orqanları üçün də səciyyəvidir. Borçalının hətta azərbaycanlıların çoxluq təşkil etdikləri rayonlarında da (Marneuli, Bolnisi, Dmanisi) icra strukturlarında, o cümlədən polis, prokurorluq, vergi orqanları, xalq təhsili şöbələri və s. rəhbər işçilər gürcülər, əksər hallarda Tbilisidən göndərilən gürcülərdir. Azərbaycanlılar isə, ən yaxşı halda, rəhbər-gürcünün müavini postuna qədər yüksələ bilər. Müqayisə üçün, ermənilərin məskunlaşdıqları Cavaxetiyada (Axalkalaki) durum başqa cürdür – icra hakimiyyəti başçısı, rayon prokuroru, polis rəisi, xalq təhsili şöbəsinin rəhbəri, vergi inspektoru da etnik ermənilərdir. Nəhayət, azərbaycanlıların çoxluq təşkil etdikləri Kvemo-Kertli (Borçalı) bölgəsinin yerli özünüidarəetmə orqanlarında azərbaycanlılar 25-30 %, deməli, yenə də azlıq təşkil edir. Nəticə etibarı ilə, Gürcüstanda azərbaycanlılardan ibarət azlığın hüquqlarının müdafiəsi, demək olar, mümkünsüz bir işə çevrilir.
6. İnformasiya təminatı ilə bağlı problemlər. Gürcüstanda Azərbaycan dilli kütləvi informasiya vasitələrinin sayı olduqca azdır. Gürcüstan azərbaycanlılarının ölkədə ayrıca televiziya və radio kanalının olması, yaxud bütün ölkə ərazisində yayımlanan kanallarda onlara ana dilində verilişlər hazırlamaq üçün saatlar ayrılması həlli gözlənilən problemlərdəndir. Ümumiyyətlə, bu və digər səbəblər soydaşlarımızda informasiya qıtlığı yaradır ki, nəticə etibarilə bu da onların vətəndaşı olduqları ölkənin ictimai-siyasi həyatından kənarda qalmasına gətirib çıxarır.
7. Azərbaycan mədəni irsinin təbliğ edilməsi və qorunması sahəsində mövcud olan problemlər. Belə ki, Azərbaycan Mədəniyyət Mərkəzinin, Tbilisi Azərbaycan Dövlət Dram Teatrının binasının bərbad hala düşməsi, bu azmış kimi, teatrın binasının bir neçə otağında gürcü və erməni ailələrinin məskunlaşması (müxtəlif dövrlərdə Abxaziya və Osetiyadan köçmüş qaçqınlar), xalqımızın Gürcüstanda dəfn edilmiş görkəmli şəxsiyyətlərinin qəbirüstü abidələrinə, onların ev-muzeylərinə biganə münasibətin olması mədəni irsin lazımı səviyyədə təbliğ edilməməsi və qorunmamasını üzə çıxarır. Eyni zamanda, Gürcüstan ərazisindəki qədim türk abidələrinin mühafizəsi sahəsində də problemlər mövcuddur.
8. Dini dəyərlərin qorunub saxlanması sahəsində mövcud olan problemlər. Belə ki, Gürcüstanda müsəlmanların xristianlaşdırılması ilə bağlı təbliğatlar aparılır və məqsəd də etnik azlıqların assimilyasiyasına nail olmaqdır. Əksinə, azərbaycanlılar arasında islamın təbliği demək olar ki aparılmır, bu isə dini savadsızlığa şərait yaradır və nəticədə də dini dəyərlərin itirilməsinə gətirib çıxara bilər.
Beləliklə, aparılmış araşdırma və təhlillər göstərir ki, Gürcüstan azərbaycanlılarının həll olunmamış olaraq qalan əsas problemləri nəinki soydaşlarımızın həyat tərzinə və yaşayış şəraitlərinə mənfi təsir edir, eyni zamanda da Azərbaycan-Gürcüstan münasibətlərinə kölgə salır ki, bundan da hər iki xalqın düşmən qüvvələri kifayət qədər istifadə edir. Digər tərəfdən, ən vacib, həllini tapmayan problemlərdən sayılan torpaq problemi, işsizlik, təhsildə yaranan yeni islahatlarla bağlı çaşqınlıq, mədəniyyət, informasiya və idman sahəsində yaranan boşluqlar miqrasiya prosesini (əsasən Rusiya və Azərbaycana) getdikcə artırır. Lakin qeyd etdiyimiz kimi, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının inkişafı bizləri ümidvar edir ki, bu problemlər də aradan qaldırılacaq. Əks halda Azərbaycan-Gürcüstan münasibətlərində sünilik kök salacaq, bu isə o deməkdir ki, Qafqazın təhlükəsizliyi və inkişafı daim sual altında olacaqdır. Dünyada, regionda, hətta Gürcüstanın özündə elə qüvvələr var ki, Azərbaycan və gürcü xalqlarının ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinə zərbə vurmaq niyyətiylə separatçılıq hərəkətlərinin yaranmasına çalışmışlar və hal-hazırda da çalışırlar. Məsələn, ayrı-ayrı vaxtlarda Azərbaycanın ərazi bütövlüyü təhrif olunan xəritə, dərslik və müxtəlif “əsərlərin” gürcü əhalisinə paylanması, gürcü gənclərin Gürcüstanda ali məktəblərə təmənnasız qəbul edilərək onların xristianlaşdırılması və beyinlərinin separatçı ideyalarla silahlandırılması, islam dininə mənsub gürcülərin arasında təhlükəli xristian təriqətlərin təbliğ olunması və s. faktlar heç şübhəsiz separatizm məqsədi güdür. Bundan əlavə, bir məqamı da qeyd etmək yerinə düşərdi ki, hələ Gürcüstan SSR dövründə gürcü soyadını qəbul etmiş ermənilər sonralar bu ölkədə yüksək postlar belə tutdular. Bu isə ona təsir edir ki, Gürcüstan hakimiyyətində təmsil olunan bəzi qüvvələr Azərbaycana və azərbaycanlılara qarşı ikili siyasət yeridir. Əlbəttə, dövlətlərarası əlaqələrin strateji tərəfdaş səviyyəsində və xalqlar arasında münasibətlərin sivilizasiyalı məcrada olduğundan yuxarıda qeyd olunan tipli təxribatların nəticəsiz qalacağı şübhə doğurmur.