Ağsuda Makedoniya mədəni irsi və folkloru tanıdılıb

Noyabr ayının 9-da MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMEA Folklor İnstitutu, Ağsu rayonu İcra Hakimiyyəti, Makedoniya Respublikası Mədəniyyət Nazirliyi, Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutu və İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) və AzGranata MMC-nin dəstəyi ilə Ağsu şəhərində Azərbaycan və Makedoniya mədəni irsini tanıdan silsilə tədbirlər keçirilib.

Tarix: 9-11-2014 // saat: 18:37
Noyabr ayının 9-da MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, AMEA Folklor İnstitutu, Ağsu rayonu İcra Hakimiyyəti, Makedoniya Respublikası Mədəniyyət Nazirliyi, Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutu və İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsi (COMCEC) və AzGranata MMC-nin dəstəyi ilə Ağsu şəhərində Azərbaycan və Makedoniya mədəni irsini tanıdan silsilə tədbirlər keçirilib.
Əvvəlcə Ağsu rayonu rəhbərliyi, Azərbaycan və Makedoniyanın tanınmış ziyalıları, media və turizm nümayəndələri, rayon ictimaiyyəti, eləcə də MİRAS İctimai Birliyinin üzvləri Ümummilli Lider Heydər Əliyevin Ağsu şəhərindəki xatirə abidəsini və Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Sonra Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində "Azərbaycan və Makedoniyanın mədəni irs abidələri" fotosərgisinin açılışı olub. Ağsu rayonu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev 9 noyabr Dövlət Bayrağı günü münasibətilə qonaqları və Ağsu sakinlərini təbrik edib. O, sərginin əhəmiyyətindən danışıb, Ağsuda mədəni irsə ictimai münasibətin yaxşı mənada artdığını qeyd edib. MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli Azərbaycan və Makedoniya arasında mədəni əlaqələrin genişləndiyini, 2014-cü ildə Ohrid şəhərində "Azərbaycanın arxeoloji inciləri" sərgisinin keçirildiyini xatırlatmışdır. Sərginin qarşıdakı bir ayda ziyarətçilərə açıq olacağı nəzərə çatdırılıb. Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutunun direktoru Rubin Zemon Azərbaycanın bu qürur günündə, bayraq günündə burada olmaqdan məmnun olduqlarını, Azərbaycan və Makedoniya hökumətlərinin əməkdaşlıq memorandumu imzaladıqlarını və bu tədbirin əməkdaşlıq üçün yaxşı nümunə olduğunu bildirib. Azərbaycan İqtisad Universitetinin professoru Abbas Seyidov beynəlxalq simpozium və sərgilərdə mədəni irsimizin layiqincə təmsil edildiyini və hər bir azərbaycanlının öz kimliyi ilə həqiqi mənada fəxr etdiyini qeyd edib. Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov MİRAS İctimai Birliyinin mədəni irs sahəsində dünyanın müxtəlif ölkələrindəki elmi və ictimai qurumlarla əməkdaşlığını təqdir etdiklərini, Makedoniya mədəni irsi ilə bağlı sərgini və folklor qrupunun zəngin proqramını xüsusilə vurğulayıb. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Arif Əliyev Azərbaycanda 6308 mədəni irs abidəsinin olduğunu, bu abidələrin qorunmasının konstitusiyamızda təsbit olunduğunu, Orta əsr Ağsu şəhərinin bu mənada layiqincə qorunduğunu qeyd edib. "Ümumi mədəni irs şəhərləri" beynəlxalq arxeoloji turizm layihəsinin koordinatoru Məleykə Hüseynova Azərbaycanda arxeoloji turizmin perspektivləri, İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) dəstəyi ilə həyata keçirilən beynəlxalq layihədə Orta əsr Ağsu şəhərinin əsas marşurutlardan birini təşkil etdiyini bildirib. Bu sərgidə layihə zamanı çəkilmiş və tədqiqata cəlb edilmiş geniş fotobankın da nümayiş etdirildiyini deyib. MİRAS İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə Ağsu arxeoloji ekspedisiyasının fəaliyyətinə və elmi-mədəni tədbirlərə verdiyi dəstəyə görə Ağsu rayonu İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev MİRAS mükafatı ilə təltif edilib.
Daha sonra Azərbaycan və Makedoniyanın tanınmış ziyalıları, media və turizm nümayəndələri, rayon ictimaiyyəti, eləcə də MİRAS İctimai Birliyinin üzvləri sərgi ilə tanış olublar. Sərgi ilə tanışlıqdan sonra Orta əsr Ağsu şəhərinin sərgi kompleksləri də iştirakçılara təqdim edilib.
Daha sonra Ağsu şəhəri Mədəniyyət Sarayında Makedoniyanın Vevçani bölgəsindən olan KUD “Drimkol” folklor qrupunun ifasında rəqslər və MİRAS Musiqi qrupunun ifasında muğam dəstgahından ibarət mədəni proqram keçirilib. Proqramı Ağsu rayonu İcra Hakimiyyətinin başçısı açıq elan edib, Makedoniya folklor qrupunun Ağsuda olmasından məmnunluq ifadə edib. Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutunun direktoru Rubin Zemon Kud Drimkol folklor qrupu haqqında məlumat verib, qrupun həm Makedoniyada, həm də dünyanın müxtəlif ölkələrində festival və konsertlərə qatıldığını qeyd edib. Kud Drimkol folklor qrupunun rəhbəri Toşe Çoçoroski Ağsuda konsertin təşkilində göstərdiyi dəstəyə görə minnətdarlıq edib, rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevə xatirə hədiyyəsi təqdim edib. AMEA Folklor İnstitutunun elmi işçisi Atəş Əhmədli Azərbaycan folkloru, onun digər xalqların folkloru ilə əlaqəsi və folklor turizmi haqqında geniş məruzə edib. Daha sonra Azərbaycan musiqiçiləri (tarzən Mehman Mikayılov, kamança ustası Bəxtiyar Hüseynov, xanəndələr Ruslan Adıgözəlov və Mirnağı Hüseynov) muğam dəstgahı ifa ediblər. Professor Abbas Seyidov Azərbaycan aşıq sənətinin incəliklərindən bəhs edib və sazda aşıq musiqisi ifa edib.
Kud Drimkol folklor qrupu hüzn, ayrılıq, qəhrəmanlıq, quraqlıq və sevgidən bəhs edən folklor musiqilərinin müşaiyəti ilə xalq rəqslərini təqdim edib. Xalq rəqsləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutunun direktoru Rubin Zemon tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilliyə İnstitutun fəxri üzvü seçilməsi ilə bağlı sertifikatı təqdim edib.
Media və turizm nümayəndələrinin infoturu isə AzGranata MMC-nin Ağsu şəhərində yeni açılmış mağazasında yerli məhsullarla tanışlıqla davam edib. Tur iştirakçılarına sertifikatlar təqdim olunub.
Qeyd etmək istərdik ki, 2014-cü ilin yanvarında MİRAS İctimai Birliyi Makedoniyada Azərbaycanın mədəni irsinin tanıdılması məqsədilə sərgi keçirmişdir. Eləcə də birliyin üzvləri Ohrid şəhərində hər il keçirilən Beynəlxalq Mədəni İrs, Media və Turizm Konfransında Azərbaycanı təmsil edib.
Makedoniyadan gələn qonaqlar üçün 10-11 noyabr tarixlərində Şəki, Qəbələ, Şamaxı, İsmayıllı və Ağsu rayonlarına mədəni irs turları təşkil olunacaq. 









Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN