Göyçay sakini şəxsi kitabxanasında 725 yaşı olan qədim kitabı və ən kiçik ölçülü Qurani-Kərimi mühafizə edir

Tarix: 9-1-2015 // saat: 10:38
Artıq 20 ildən çoxdur ki, qədim və nadir nüsxəli kitablar toplamaqla məşğul olan Göyçay sakini Ruslan Məmmədov öz evində yaratdığı muzey və şəxsi kitabxanasını xeyli zənginləşdirib. Hazırda Ruslan Məmmədovun şəxsi kitabxanasında, ümumilikdə, 500-dən artıq qədim kitab var ki, onlardan da 300-ü nadir əlyazmalardır.
Ruslan Məmmədov AzərTAc-a eksklüziv müsahibəsində bildirib ki, o, şəxsi kitabxanasına topladığı 2200-ə yaxın qədim əlyazmanı, müxtəlif dövrlərdə çap olunmuş nadir nüsxəli kitabları və müasir ədəbiyyat nümunələrini mühafizə edir. Onlar arasındakı ən qədim kitabın 725 yaşı var. Ərəbcə olan həmin əlyazma kitab “Qurani-Kərimin təfsiri"dir. Onun sözlərinə görə şəxsi kitabxanasında elə qədim nadir nüsxə kitablar var ki, mütəxəssislər hələ onların dəqiq tarixini müəyyən edə bilməyiblər. Kitabxanada Əssar Təbrizinin “Mehr və Müştəri” əlyazmasının 420, İmam Birqivinin “Risaləsinin şərhi” əlyazmasının 290, S.Ə.Şirvaninin “İbtidai qəzəliyyat” kitabının 100, Dağıstan şairi Yetim Yalçuğinin “Şeirlər kitabı”nın 100, Səyyadinin “Divanı”nın 150 il əvvələ aid nüsxəsi var. “Mehr və Müştəri” kitabının qədim və nəfis əlyazmaları hazırda İngiltərə, Rusiya, Türkiyə, İran və Hindistanın kitabxanalarında mühafizə edilir.
Ruslan Məmmədovun mühafizə etdiyi ən kiçik ölçülü Qurani-Kərim kitabının uzunluğu 4, qalınlığı 2 santimetrdir. Səkkizguşəli bu əlyazma kitabın 310 yaşı var. Bundan əlavə kitabxananın yeni eksponatları sırasına Zaqafqaziya müftisi Şərif Əfəndinin əlyazmaları və şeirləri, Hacı Zeynalabdin Tağıyevin Mirməhəmməd Kərim Axunda yazdırdığı “Kəşfəl həqaiq” kitabı da daxildir. R.Məmmədov qədim kitabları toplamaqla yanaşı, onları bərpa edərək ömrünü uzatmaqla da məşğuldur. O, qədim kağız pullar və metal sikkələr, markalar, məişət əşyaları, sənədlər də toplayır. Kağız pullar arasında 1920-ci ildə hazırlanmış Azərbaycan Xalq Cümhuriyyətinin 500 manatlıq milli əsginazı və Nadir şahın əmri ilə hazırlanan əsginazlar, eləcə də yeni eksponatlardan Şəki və Şamaxı xanlarına, İran şahlarına, Rusiya çarlarına, Osmanlı və Şirvanşahlar dövlətlərinə məxsus gümüş və mis sikkələr, qədim Alban dövrünə aid məişət əşyaları, Fransadan və Almaniyadan gətirilən və 100 ildən çox yaşı olan elektrik lampaları və divar saatları diqqəti çəkir. R.Məmmədov bu günədək 300-ə yaxın belə qədim əşya, sənəd və əsginaz topladığını bildirib. Ruslan Məmmədovun sözlərinə görə o, yay aylarında Qəbələyə minlərlə turistin gəlişini nəzərə alaraq şəxsi kitabxana və muzeyindəki qədim əşyalarını bu rayonun Duruca kəndindəki evinə aparıb yerləşdirir. Onun evi Qəbələdəki “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinin yanında yerləşdiyi üçün topladığı qədim kitab və eksponatları yerli və xarici turistlərə nümayiş etdirmək imkanı əldə edir. Qış aylarında isə ucqar dağ kəndi olan Durucadan muzey əşyalarını və kitablarını Göyçay şəhərindəki evinə gətirərək burada onları mühafizə edir. O, həmin əşya və kitabları toplamaq üçün uzun illər vaxt sərf etdiyini, çoxlu vəsait xərclədiyini və ölkəmizin rayonlarını qarış-qarış gəzdiyini bildirib. O, buna görə də sevimli kitabları və əşyalarını heç kimə etibar etməyərək özü ilə Göyçaya gətirdiyini qeyd edib.
 
Şahnəzər Bəşirov, AzərTAc
http://azertag.az/xeber/823424

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN