Görkəmli ədəbiyyatşünas, tanınmış ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, akademik Rafael Baba oğlu Hüseynov - Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, Millət Vəkilidir, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Rafael Hüseynov 1955-ci il avqustun 12-də Kürdəmir şəhərində anadan olmuşdur. 1971-ci ildə burada 12 saylı şəhər orta məktəbini bitirmişdir. 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində fars fılologiyası ixtisası üzrə təhsil almışdır.
Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbəsində başlamışdır (1976-1978). Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində kiçik elmi işçi (1978-1982), həmin institutun Orta əsrlər şərq yazılı mənbələrinin tədqiqi və nəşri şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır (1982-1988). 1980-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Nizami adına Ədəbiyyat muzeyində şöbə müdiri işləmişdir. Hazırda muzeyin direktorudur. Ədəbi fəaliyyətə 1975-ci ildə Kürdəmir rayonunda çıxan "İrəli" qəzeti səhifələrində dərc olunan şeirləri ilə başlamışdır. Dövri mətbuatda vaxtaşın çıxış etmişdir.
Azərbaycan xalq musiqisi və onun görkəmli ifaçıları haqqında hazırladığı "Nəğməli ömürlər" və "Axşam görüşləri" adlı həftəlik verilişlər silsiləsi efırdə səslənmişdir. Qobustan" incəsənət toplusunda "Görməyən gözlərin aydınlığı", "Əsas odur ki, xalq sizi sevir", "Həsrət qatarı" və s. publisistik yazıları çap olunmuşdur. Orta əsrlər fars və türkdilli poeziyanın müxtəlif problemlərinə həsr edilmiş 30-dan artıq ədəbiyyatşünaslıq əsərinin müəllifıdir.
1992-ci ildə "Baba Tahir Üryan və onun poetik irsi" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Məhsəti Gəncəvinin rübailərini, Rəsul Rza və Nigar Rəfibəyli haqqında "İki ömrün işığı" (1987) adlı xatirələr kitabını tərtib etmişdir. ADU-da "Fars ədəbbiyyatı" (1987-1989), Konservatoriyada "Mədəniyyət tarixi" (1990-1991), "Xəzər" Universitetində "Azərbaycan ədəbiyyatı" və "Azərbaycan mədəniyyəti" (1995) fənlərindən dərs demişdir.
Xəzər Universitetində "Azərbaycan filologiyası və şərqşünaslıq" kafedrasının müdiri vəzifəsində (1995-1998) çalışmışdır.
Əsərləri:
Vaxtdan uca. Bakı: İşıq, 1987, 363 səh.
1002-ci gecə. Bakı: İşıq, 1988, 408 səh.
Məhsəti necə varsa. Bakı: Yazıçı, 1989, 336 səh.
Millətin zərrəsi. Bakı, “Azərbaycan”, 2001
Məhsəti Gəncəvi-özü, sözü, izi. Bakı, “Nurlan”, 2005
Əbədi Cavid. Bakı, “Nurlan”, 2007
Cavidlər. Tehran: Dorsa, 2009.- 288 s.
Söz məbədi. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi. Bakı, "Araz", 2009
Госпожа Луна – Мехсети Гянджеви. Баку, «Элм», 2010
Yurdun adındakı can. Bakı, Elm, 2010
Hamısı ulduz. Musiqi tariximizin səhifələri. Bakı, “Elm və Təhsil”, 2012
Söz heykəli. Bakı, “Elm və Təhsil”, 2012
İmzamız. Sənət düşüncələri. Bakı, “Elm və Təhsil”, 2012
Şirvan şairləri. Bakı, “Elm və Təhsil”, 2012
Söz tək gözəl. Məhsəti haqqında monoqrafiya. Bakı, Şərq-Qərb” nəşriyyatı, 2013
Царица державы рубаи. Məhsəti haqqında monoqrafiya. Bakı, Şərq-Qərb” nəşriyyatı, 2013
Məhsəti Gəncəvi. Portret-oçerk. (21 dildə kitab - Azərbaycan, Azərbaycan dilində ərəb əlifbası ilə, rus, ingilis, türk, fransız, alman, italyan, ispan, tacik, fars, ərəb, koreya, yapon, indoneziya, norveç, yunan, hind, polyak, çex, ivrit, urdu dillərində). Bakı, “Şərq-Qərb”, 2013
Sözün meracı (Azərbaycan ədəbiyyatının klassikləri haqqında). Bakı, 2014 “Elm və təhsil” (Rus dilində)