Hər qaranlıq gecənin aydın səhəri olur. Amma səhərin havası tutqun, çiskin və hətta günəşli də ola bilir. Ancaq səhərin havası həmişə təmizliyi iə seçilir...
Səhərimizin havası təmiz olsa da, günlərimiz özümüzdən asılı olmayaraq gərgin, bəzən sıxıntılarla keçir. Dəhşətlisi onda olur ki, “yalan üstünə yalan” qoyub danışanların hesabına gərgin məqamlar günlərlə davam etsin. Belə günlərdə işıqlı insanlarla görüşmək insanı yüngülləşdirir və həyata olan inamı bir qədər artırmış olur.
Belə işıqlı insanlardan bir də Musa Yaqubdur. Təbiəti özündən artıq sevən şairin heç bir titulu olmasa da hamı onu xalqın şairi hesab edir.
Ovqat adamıdır. Hər saat həyatından gileylənən deyil. Özünün daim misal çəkdiyi kimi “qaleyçi İsmayil” demişkən “bijduxları” bilsə də, ondan istifadə etməyi bacarmır.
Deyir ki, keçmiş sovet dövründə yaxşı ki, Buynuzdakı həyətimdə təbiətin bir parça gözəlliyini yarada bilmişəm. Ömrümün bu çağında təbiətin gözəlliyinə baxıb dincəlirəm...
Söz yox ki, Musa Yaqub yaradıcılığına fikir bildirmək gücündə olmasam da, hesab edirdim ki, onu yaxşı tanıyıram. Çünki dəfələrlə yol yoldaşı olduğumdan şairin necə gözəl insan oldugunu bilirdim. Amma yanılmışam. Mən fikirləşdiyimdən də yüksək zirvədə olduğunu şairlə bu günlərdə aramızda olan söhbətdə hiss etdim...
Şairi yaxından tanımadığıma görə isə özümü qınamağı unutmadım...
Deməliyəm ki, bu yaxınlarda ağır əməliyyatdan çıxan şair pəhriz saxlamaq qərarına gəlib. Zarafatla deyir ki, həkim qəti şəkildə süfrədə spirtli içkinin olmamasını istəyib. “Mən də razılaşmışam,” - deyib, qımışır...
- Nə edim ey, bundan sonra. Əgər əlli ildə böyrəklərimdə yaranan daşların indi “təmizlətdirdimsə” birdə allah bilir nə vaxt yenidən yaranacaq...
- İndi öznünüzü necə hiss edirsiniz, Musa müəllim?
- İmkan versələr yaxşı edərəm. Şəhərdə olanda dostlarım gah ora dartır, gah da bura. Dostlarımın yanında özümü gümrah etsəm də, şəhərin havası məni çox sıxır. İmkan tapan kimi baş götürüb kəndə qaçıram...
Həyata nikbin baxan şairin amma bir nisgili var.
- 77 yaşındayam. Bu yaşımda doğma Buynuza çox rahat gedə bilirəm. Mənə ağır gəlir ki, ordan nə Ağdama, nə də Şuşaya gedə bilirəm. Allahdan ömür istəmişəm ki, oralara bir də getmək mənə də qismət olsun...
Şairə bu arada zəng gəlir. Buynuzda yaşayan qardaşı oğludur.
- Hə, ay bala yandır, kombini yandır ey, sabah gəlirəm. Darıxmışam kənd üçün. Burdakı hava məni yorub...
Hiss olunur ki, şairin kəndi üçün burnunun ücü göynəyir...
Söhbətimiz maşındaca davam edir. Hərdən şair “xala xətrin qalmasın” evinə dəvət edir. Lakin bəhanə edib maşından düşmürəm...
Şairin də ürəyi dolu olduğundan ara vermədən danışır...
- Həyatda ürək bulandıran adamlar çoxdur. Fikir vermək lazım deyil. Bunlar kimlərəsə xoş getmək üçün “yalanın üstünə yalan” qoyub danışırlar. Odur ki, belə məqamda kənara çəkilib susmaq lazımdır..
Gərək həyatda yola verməyi də bacarasan. Amma onun da bir həddi var...
Sınaqlardan çıxan adam çox yaşayır, deyirlər. Ancaq çox yaşamaq hələ yaddaşda qalmaq deyil. Yaddaşda qalmaq üçün sifətini gərək dəyişməyəsən, ilk növbədə.
Real işləri görməmək və ya görməməzliyə vurmaq da düzgün deyil. Bu heç allaha da xoş getmir...
Bu məqamda şairlə tam razıyam ki, nə olursa olsun insan olan kəs “sifətini gərək dəyişməsin”....
Söhbətimizdə sanki bir gərginlik hiss edilsə də, maraqlı məqamlarda yaddaşımda qaldı.
- Vüqar, bəzən qəlbimə dəysələr belə tarazlığımı qorumağa çalışıram. Bu gün mənim heç kimin qəlbinə dəyən yaşım deyil axı...
Söhbətimiz bir qədər çəkdi. Bir çox mətləblərə toxunduq. Məni narahat edən məsələlərə də aydınlıq gətirildi...
Deməliyəm ki, şairlə dəfələrlə söhbətim olub. Amma bu söhbətdə şair elə özüydü. Öz ovqatındaydı. Ürəyi doluydu. Bəlkə də daha səmimi idi...
Belə anların şahidi olmağıma çox sevindim...
Vüqar Tofiqli
http://modern.az/articles/69946/1/