Dekabrın 30-da Ağsuda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları təntənəli tədbirlərlə qeyd olunub.
AzərTAc xəbər verir ki, səhər tezdən bayramsayağı bəzədilmiş Heydər parkına gələn rayon rəhbərləri, ictimaiyyətin çoxsaylı nümayəndələri əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu, ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül-çiçəklər qoyublar.
Rayon mədəniyyət sarayında keçirilən təntənəli yığıncaqda “Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda məruzə dinlənilib, təbriklər səsləndirilib.
Məruzədə ötən əsrin 90-cı illərinin əvvəllərində erməni təcavüzünün, daxili çəkişmələrin yaratdığı problemlər, ölkəmizin düçar olduğu dərin böhran hərtərəfli təhlil edilərək belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı tarixi hadisə kimi dəyərləndirilib.
Qeyd olunub ki, ilk vaxtlardan xalqı bir araya gətirmək üçün böyük siyasi iradə, qətiyyət nümayiş etdirən Ulu Öndər çox keçmədən məqsədinə nail olub. Ümummilli Lider həm də xaricdə Azərbaycan diasporunun formalaşdırılması və təşkilatlanması istiqamətində fəal iş aparıb. Bakıda Dünya Azərbaycanlıların I Qurultayının keçirilməsi bu sahədə xüsusi dönüş nöqtəsi, böyük nailiyyət kimi tarixə düşüb.
Diqqətə çatdırılıb ki, daha sonralar Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin səyi ilə xarici ölkələrdəki Azərbaycan diasporunun təşkilatlanması istiqamətində ardıcıl və məqsədyönlü iş aparılıb. Tədbir iştirakçıları bu sahədə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın da xüsusi xidmətlərinin olduğunu bildiriblər.
Sonda rayon musiqi kollektivlərinin ifasında rəngarəng bayram konserti olub.
Bayram tədbirləri çərçivəsində, həmçinin Heydər parkında yolka ətrafında şənlik keçirilib, balaca fidanlara Yeni il hədiyyələri verilib.
http://azertag.az/xeber/822007