Gülnarə Səlimova ilə söhbət

Tarix: 31-12-2014 // saat: 13:50
Aida Məlikovanın "GÜLSAM" Əlillərin Reabilitasiyası İctimai Birliyinin sədri Gülnarə Səlimova ilə söhbəti 
- Gülnarə xanım zəhmət olmasa rəhbərlik etdiyiniz təşkilat haqqında məlumat verərdiniz?
- "GÜLSAM" Əlillərin Reabilitasiyası İctimai Birliyi 2005-ci ildə Ağsu rayonunda mən, I – qrup əlil Gülnarə Səlimova və qardaşım I – qrup əlil Samir Səlimov tərəfindən yaradılmışdır. İctimai Birliyimiz 01 avqust 2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmişdir. Birliymizin 500 nəfərə yaxın üzvü var. Fəaliyyətə başladığımız gündən hal-hazırki dövrədək İctimai Birliyin xətti ilə bir çox nailiyyətlərə imza atmışıq. Belə ki, bir çox əlillərin və onların ailələrinin müalicəsini təmin etmək və onların təhsil almaları üçün həm maddi, həm də mənəvi dəstək oluruq. Sağlam gəncləri öyrətmək üçün ödənişli əsaslarla kompyuter kursları açmışıq bu işi uğurla davam etdiririk. Hal-hazırda 1300 nəfərə yaxın tələbəni kompyuter kursumuza daxil etmişik və onların yüksək səviyyədə təhsillə təmin edirik. Azərbaycan tətbiqi və təsviri sənətinin bütün növləri əlil mütəxəssislərimiz tərəfindən bizim birlikdə geniş tədris olunur.
- Gülnarə xanım mümkünsə həyata keçirdiyiniz, Sizin üçün böyük önəm kəsb edən layihələriniz haqqında da məlumat verərdiniz?
- Biz bir-çox layihələrdə iştirak etməklə bərabər həm də, bir çox layihələrin təşkilatçısı olmuşuq. İctimai Birliyimiz 2010-cu, 2011-ci və 2013-cü illərdə Azərbaycan Repsublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qalib seçildik. Birliyin kursdan gələn gəlirin hesabına 2011-ci ildə kiçik tikiş fabriki açdıq və həmin fabrikə Qarabağda şəhid olmuş 2 ailə üzvünü və qarabağ əlilini işə aldıq.
- Maraqlıdır, bütün bu layihələri həyata keçirməklə hansı məqsədələri güdürsünüz?
- Bunları etməkdə məqsədimiz, hal-hazırda Ağsuda 960 nəfərə yaxın yaşayan əlilin həyatdan və insanlardan təcrid olunub özlərinə qapılmağının qarşısını almaqdır. Onların da adi insanlar kimi cəmiyyətdə xüsusi rolunu öz əməkləri və bilikləri vasitəsilə sübut etmək, ölkəmizə nə qədər gərəkli olduqlarını onlara öz gücləri, bilik və bacarıqları ilə aşılamaqdır. Bunun muqabilində ən azından öz işlərini özləri görmək halına gətirə bilərik. Hətta qonşu Qəbələ rayonunda yaşayan əlil həmkarlarımızdan da bizim birliyə müraciət edənlər var. Sadəcə olaraq yerimiz olmadığına görə hələki çətinlik çəkirik.
Tək istədiyim əlillərin cəmiyyət içinə çıxa bilməsidir. Evlərə bağlanıb çarəsiz qalmamalarıdır. Ömürlərinin çürüməməsini istəyirəm. Mənim məqsədim yalnız budur.
Əlillərin qarşısında bir çox imkanlar ola bilər. Sənətlə məşğul ola bilərlər. Yazı yaza bilərlər, şəkil çəkə bilərlər. Bununla da qismən öz problemlərinə həll tapa bilərlər. Az və ya çox bir gəlirləri olar. Heç kimin əlinə baxmazlar.
 
- Bəs xarici ölkələrdəki müvafiq təşkilatlarla hər hansı əlaqələriniz varmı?
- Bəli. Bizim fəaliyyətimizlə bağlı bir çox xarici ölkələrdən, qonşu Gürcüstan, Türkiyədən və ABŞ-dan xeyli dəstəklər alırıq. Birliyimizə dəstək üçün öz təkliflərini veririlər.
- "GÜLSAM" necə tərif edərdiniz?
- "Gülsam" Əlillərin Reabilitasiyası İctimai Birliyi əlillərin sosial problemlərinin həlli istiqamətində işlər görür, əlil vətəndaşların həyat şəraitinin yüngülləşməsinə yönəlmiş tədbirlər həyata keçirir.
- Gülnarə xanım Sizin həyat eşqinizə heyran qalmamaq olmur. Özünüz barədə də məlumat verərdiniz?
- Mən Gülnarə Səlimova Ağsu şəhərində anadan olmuşam. Bu günə qədər də Ağsuda yaşayıram. İndi əlil arabasındayam. Öncə kompüterdən istifadə bacarıqlarına yiyələndim. Sonra şəkil, model şəkilləri çəkdim, çeşidli hörgülər hördüm. Bunlardan ibarət sərgilər belə açdım.
Təhsilimi, orta məktəbi evimdə oxumaq məcburiyyətində qalmışdım. Yenə də bir şeylər etmək, heç olmasa, əlillərlə maraqlanmaq istədim. 2005-də əlillərlə daha çox maraqlandım. Əlillər üçün öz evimdə bir dərnək açmaq qərarı verdim. Çox zəhmət və çətinliklə də olsa sənədlərimi tamamladım və qeydiyyat üçün müvafiq orqana təqdim etdim. Ədliyyə Nazirliyi "Gülsam" Əlillərin Reabilitasiyası İctimai Birliyi adlı dərnəyi 01.08.2005-ci il tarixində qeydiyyata aldı və fəaliyyətə başladıq.
Əlilləri və ailələrini əlil uşaqların məktəbə getməsinə razı salmaq üçün bütün zamanımı xərclədim. Heç də asan olmadı, çox çalışdıq. Amma bir çox uşağın evdən xilas olmasına nail oldum. Əlillərə hüquqlarını, haqlarını anlatdım.
Azərbaycan daxilində saysız əlil uşağı və böyükləri müalicələrə göndərdim. Möhtac olmasınlar deyə, iş və çörək sahibi olsunlar deyə, kompüter kursu açdım. Çox müvəffəqiyyətli oldu. İllərlə bir çox kurslar təşkil etdim.
Dərnəyin maddi vəziyyətini yaxşılaşdırmaq üçün əlil olmayan insanlar üçün ödənişli kompüter kursu açdım. Bu günə qədər həmin kursun 800-ə yaxın məzunu olub. Əlillərə qarşılıqsız və pulsuz, amma əlil olmayan insanlara, gəlib dərs almaq istəyənlərə ödənişli kompüter kursu verməyə davam edirəm. Gördüyüm işlər hökumət tərəfindən təqdir olundu və bunun üzərinə təqdim etdiyim yeni iki layihə müsbət rəy aldı.
- Əlillərə nə məsləhət verərdiniz?
- Bu gün fiziki olaraq əlil ola bilərəm, amma özümə az da olsa bir gəlir yaratdığım üçün, bu gün anam baxırsa, sabah bir başqasına özümü baxdıra bilərəm. Bunu söyləyirəm ki, biz əlillər əngəllərimizi aşa bilərik. Bütün bu problemlər türkdilli millətlər arasında da var. Bu əngəlləri həll etməmiz üçün əhəmiyyətli olan türklüyümüzü və birliyimizi unutmamağımız üçün, işləri birlikdə geniş bir şəkildə etməmiz, problemləri həll etməmiz gərəklidir.
- "GÜLSAM" əlillərə başqa hansı yardımları edir?
- "Gülsam" Əlillərin Reabilitasiyası İctimai Birliyi indiyədək bir çox xeyriyyə tədbirləri həyata keçirib. Bu ilin iyun ayında "Gülsam"ın təşəbbüsü ilə 1-ci dərəcəli əlil Gəncə şəhər sakini Pərvanə Məmmədova üçün "Gülsam" ƏRİB-in üzvlərindən 2-ci dərəcəli əlil Teymur Quliyev tərəfindən 1 əlil arabası, Asəf Babaşov yardımı ilə və "Gülsam" ƏRİB-in sədri Gülnarə Səlimovanın iştirakı ilə Gəncə şəhərinə səfər edilib və Pərvanənin hədiyyəsi verilib. Gürcüstandan gətirilmiş keyfiyyətli əlil arabası 1-ci dərəcəli əlil Ağdaş rayon Dəhnə kənd sakini Şərifova Ülkərə hədiyyə edilib. Birliyin təşkilatçılığı və Elşad Bayramovun maddi köməkliyi ilə Gürcüstandan gətirilən keyfiyyətli əlil arabası 1-ci dərəcəli əlil Cabbarov Vüqara verilib. Belə yardımlarımız mütəmadi olaraq həyata keçirilir.
- "GÜLSAM" beynəlxalq tədbirlərə qoşulurmu?
- Ağsu rayonunda 05 may 2012-ci il tarixində Avropa Əlilliyi olan İnsanların Hüquqlarının Müdafiəsi Günü Əlil Təşkilatları İttifaqının növbəti VII Ümumi Yığıncağı keçirildi. Tədbir Ağsu rayonunda "Gülsam" Əlillərin Reabilitasiyası İctimai Birliyinin ofisində baş tutdu. Yığıncaqda Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli bir illik fəaliyyətləri barədə hesabat verdi. Tədbirdə təşkilati məsələlərə baxıldı, təşkilatın növbəti il üçün tədbirlər planı təsdiqləndi. Təşkilatın işi qənaətbəxş hesab edildi. Tədbirdə mənimlə yanaşı Ağsu Rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin əməkdaşı Kənan Hacızadə, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Allahşükür Aslanbəyli, Əlil Təşkilatları rəhbərləri Gülnarə Hüseynova, Səmyar Abdullayev, Şəlalə Səlimova, Tariyel Həsənov, Məhluqə Rəhimova, Firuzə Babayeva çıxış etdilər. Eyni zamanda əlillərin qarşılaşdığı problemlər müzakirəyə qoyuldu və problemlərin həllinə kömək edəcək təkliflər səsləndi.
Daha sonra "Gülsam" ƏRİB Amerika Sülh Korpusu tərəfindən Gənc Qızlar Düşərgəsinə "Məqsədə çatmaq" adlı təlimə dəvət olunub. Birliyin rəhbəri olaraq Azərbaycanın bir neçə regionundan gəlmiş gənc xanımlara qazandığı uğurlu nailiyyətlərdən və qarşıya qoyulmuş məqsədlərindən bəhs etdim və gənc xanımları qarşılarına qoyduqları hər hansı məqsədlərinə nail olmaq üçün iradəli olmağa, sağlamlıqlarını qorumağa çağırdım. Gənc xanımları əlillərin cəmiyyətdə qarşılaşdıqları bəzi problemlər barədə məlumatlandırdım.
"Gülsam" ƏRİB, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası və Gürcüstan Respublikasının Gürcüstan Əlil Təşkilatlar Birliyinin iştirakı ilə "Bakı Caz Mərkəzi"ndə "Təcrübə Mübadiləsi" adlı möhtəşəm tədbir keçirib.
"Gülsam" ƏRİB Bakıda keçirilən "Avroviziya-2012" mahnı müsabiqəsi ilə əlaqədər Milli Parkda əlillərin gəzintisini təşkil edib, bu gəzintinin təşkil edilməsinə HXRA, Əlil Qadınlar Cəmiyyəti, Əlil Təşkilatları İttifaqı da dəstək olub.
"Gülsam" Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycandakı nümayəndəliyi (ABA-CEELİ) ilə birlikdə 2012-ci il 01 yanvar tarixindən layihə həyata keçirir. Layihə Ağsu rayonunda 3-ci dəfə ödənişsiz səyyar HÜQUQ məsləhəti xidmətindən ibarətdir. Layihə uğurla həyata keçirilir. Müraciət edən hüquqları pozulmuş və hüquqlarını bilməyən vətəndaşlarımıza hüquqi yardım edilir. "Gülsam"ın həyata keçirdiyi layihə 9 ay müddətində icra olunacaq. Bu müddət ərzində təşkilat əlil vətəndaşlara hüquqi yardım göstərməkdə davam edəcək.
- “GÜLSAM” əldə etdiyi uğurlar yəqin nəticəsiz qalmadı?
- Bəli, “GÜLSAM” ƏRİB fəal QHT-lər arasında seçildi. 17 iyun 2014-cü il  tarixində  olan olan fəal QHT-lər arasında seçib və Qəbələ Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru cənab Qalib Nəbiyev və Şəmkir Reqional QHT-lərin Resurs və Təlim Mərkəzinin direktoru cənab Fuad Bədəlov  tərəfindən bizim kontaktları əldə edərək,  USAID–in İnkişaf naminə Yerli Bacarıqların Artırılması (İYBA) layihəsinin təşkil edəcəyi tədqiqatda  iştirak etməyi dəvət edilmişdik. “Siqma” İnkişaf və Beynəlxalq Əməkdaşliq Tədqiqatlar Mərkəzinin ofisində keçiri bir neçə QHT-lər arasında təcrubə mübadiləsi aparıldı. Keçirilən mənim təkliflərim çox yüksək qəbul olundu.
- Siz bu təcrübənizi gələcək nəsillərə ötürmək üçün hansı işlər görmüsünüz?
- Artıq Gənclər üçün Təhsil Mərkəzinin brendinə çevrilmiş “QHT Məktəbi”, “GÜLSAM” Əlillərin Reabilitasiyası İB-nin dəvəti ilə 1-3 sentyabr tarixində Ağsu rayonunda həyata keçirildi. Beləliklə, “Səyyar QHT Məktəbi fəaliyyətə başladi. Bir qrup gənclərə QHT-in idarəedilməsi və strukturunun inkişafı, könüllü üzvlərin cəlb olunması yolları, QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması (PR), layihə təkliflərinin hazırlanması, layihələrin yazılması və idarə edilməsi, hesabatlılıq, eləcə də bu sektorla maraqlanan şəxslərin maarifləndirilməsinə və zəruri informasiyalarla təmin olunmasına kömək edildi.
Belə bir uğurlu təlimin həyata keçirilməsi üçün “QHT Məktəbi “nin yaradıcısı Vüsal Quliyevə, Gənclər üçün Təhsil Mərkəzinin ” drektoru Fəxrəddin Həsənzadəyə və Ağcabədi rayonunda yerləşən GTM Qarabağ ofisinin rəhbəri Rade Telmanqızına öz dərin təşəkkürümizi bildiririk.
- Gülnarə xanım maraqlı söbətə görə Sizə öz minnətdarlığımızı bildiririk. Bu arada Sizi 31 dekabr Həmrəylik Günü münasibətilə təbrik edirik, yeni 2015-ci ildə Sizə can sağlığı, şəxsi işinizdə, o cümlədən də İctimai Birliyinizin fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN