İlin qalibləri mükafatlandırılıb

Tarix: 30-12-2014 // saat: 12:09
İsmayıllı şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət Mərkəzində Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni ilə həsr olunan bayram mərasimi keçirilib.
AzərTAc xəbər verir ki, bayramsayağı bəzədilən mərkəzdə Yeni il yolkası ətrafında keçirilən mərasimdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasından, bu sahədə xaricdəki Azərbaycan diasporunun fəaliyyətindən söhbət açılıb. Qeyd olunub ki, bu gün xarici ölkələrdə Azərbaycanın maraqlarını yüksək səviyyədə qoruyan güclü diasporumuz vaxtilə ulu öndər Heydər Əliyevin gərgin səyi nəticəsində yaranıb, formalaşıb və təşkilatlanıb.
Bayram tədbirində, həmçinin 2014-cü ilin ismayıllılar üçün də uğurlu olduğu diqqətə çatdırılıb, gələn il sosial-iqtisadi həyatın bütün sahələrində daha yüksək zirvələr fəth olunacağına əminlik ifadə olunub.
Sonra şənlik musiqiçilərin, rəqs qruplarının, idmançıların çıxışları ilə davam edib.
Tədbir çərçivəsində xüsusi komissiya tərəfindən il ərzində təmsil etdikləri sahələrdə yüksək nəticələrə nail olanlar 9 nominasiya üzrə qalib elan edilib. Qaliblərə diplom və hədiyyələr təqdim olunub.
İlin yekunlarına əsasən “2014-cü ilin ən fəal idmançısı” nominasiyası üzrə qalib, olan cüdo üzrə 2 dəfə Azərbaycan çempionu, “Qara kəmər” ustası, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına lisenziya qazanan Günel Həsənli, “2014-cü ilin ən fəal müəllimi “ nominasiyası üzrə qalib, şəhər 3 nömrəli tam orta məktəbinin müəllimi, “Ən yaxşı müəllim” və “Elektron təhsil” müsabiqələrinin qalibi Çingiz Muradlı çıxış edərək bundan sonra da Azərbaycanın və doğma rayonun şərəfini uca tutacaqlarını söyləyiblər.

http://azertag.az/xeber/822079

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN