Dostlar qonaq gəlmişdi.Məclisə rövnəq vermək məqsəd
ilə iştirakçılar arzuladılar ki, qoca şair Nadir Mərzəngəli
ilə Aşıq Ağamurad - dayı-bacıoğlu deyişsinlər. Qoca
şair saçının-saqqalının bu nurani çağında “Ya Allah!”
deyib, ayağa qalxdı, sazı kökləyib sinəsinə sıxaraq bacıoğlusu
aşığa təklif etdi ki, deyəcəyi sözünü buyursun.
Aşıq Ağamurad:
De, ey Pirim, o nədir ki, halında
Həm sevinci, həm gözünün yaşı var?
O nədir ki, “Qulhu Allah”! öyrədir,
Özü bitki, süfrəsi var, aşı var?
Nadir Mərzəngəli:
Gözüm nuru, o dünyadır, halında
Həm sevinci, həm gözünün yaşı var.
O çəltikdir, təlqin edir; “De, Allah”
Özü bitki, süfrəsi var, aşı var.
Aşıq Ağamurad:
Necə şərtdir, çıxmaq olmur aradan,
Ağıl niyə ağı seçmir qaradan,
O nədir ki, təmin olur haradan,
Nə məqamdır, tərəzisi, daşı var
Nadir Mərzəngəli:
Görəcəkdir, çıxmaq olmur aradan,
Ağıl çaşır, ağı seçmir qaradan.
O ruzidir, təmin edir yaradan.
Haqq məqamdır, tərəzisi, daşı var.
Aşıq Ağamurad:
O kim idi, necə tapdı pak uğur,
Kimin üçün əvəz oldu nə, zühur.
O kim idi, nə yaratdı, üzü nur,
Qurğusunun neçə müddət yaşı var?
Nadir Mərzəngəli:
“Şükür” deyib, Əyyub tapdı pak uğur,
İsmayıla əvəz oldu qoç, zühur,
İslam qurdu o Məhəmməd üzü nur,
Qurğusunun min beş yüz il yaşı var.
28.05.2006
Nadir Mərzəngəli.
“Bütöv Azərbaycanam Şirvan,
Şamaxıyam” kitabı.
Bakı, “Şirvannəşr”, 2007