Dekabr ayının 25-də Türkiyə Cümhuriyyətinin Mersin şəhərindəki Mersin Universitetində həmin universitetin Dünya Kültürləri Topluluğu, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Bolkar Kəndləri Sosial Yardımlaşma və Kültür Platformu və Mersin-Azərbaycan Kültür Dərnəyi tərəfindən təşkil olunan "Azərbaycan və Türkiyə: Ortaq Dəyərlər və Tarix" konfransı və fotoqraf Məmməd Rəhimovun "Türk Dünyasında Ortaq Dəyərlər" sərgisi keçirilib.
Əvvəlcə Dünya Kültürləri Topluluğunun sədri Məhəmməd Xalid Tahiri konfransı açıb. O bildirib ki, müxtəlif ölkələrin tələbələrinin üzvü olduğu topluluq tez-tez belə tədbirlər keçirir. Azərbaycandan gələn alimlərin bu topluluğun üzvlərinə xitab etməsi və gənclərimizi aydınlatması bizi sevindirir. O, konfransın və sərginin keçirilməsində əsas məqsədin ortaq dəyərlər və tariximizin daha geniş təbliği olduğunu qeyd edib. Dünya Kültürləri Topluluğunun məsləhətçisi Serdarhan Musa Taşkaya tədbiri təşkil edən gənclərə və konfransda məruzə edən alimlərə təşəkkür edib. Bolkar Kəndləri Sosial Yardımlaşma və Kültür Platformunun rəhbəri Cafer İşık türk xalqları arasında yeni mərhələdə əlaqələrin inkişafından danışıb və şəhərlərlə yanaşı kəndlərin qardaşlaşması təklifini də irəli sürüb. Mersin-Azərbaycan Kültür Dərnəyinin sədri Samirə Nəcəfova Sarı türk xalqlarının bir-birinin mədəniyyətini, ədəbiyyatını, musiqisini öyrənməsinin vacibliyini qeyd edib.
Konfransda çıxış edən Azərbaycan Texniki Universitetinin professoru, Tarix kafedrasının müdiri Şikar Qasımov Mersin Universitetinin rəhbərliyinə müxtəlif ölkələrin tələbələrinə bu kürsüdən xitab etmək üçün yaratdığı şəraitə görə minnətdarlıq edib. Bildirib ki, tariximizi dərindən öyrənən gənclik bugünkü qlobal mənada siyasi, iqtisadi və mədəni proseslərin gedişində öz yerlərini müəyyən edə bilər. Ortaq dəyərlər bizi birləşdirir və bu dəyərlərin araşdırılmasına sövq edir. 1915-ci il hadisələrini xatırladan Şikar Qasımov türklərin daha öncə erməni terror dəstələri tərəfindən hücumlara məruz qaldığını qeyd edib. Quldur Andronikin istər Anadoluda, istərsə də Qafqazda törətdiklərini konkret faktlarla diqqətə çatdırıb, Sultan bəy və Xosrov bəy Sultanov qardaşlarının onun azğınlaşmış dəstəsinin qarşısını Laçının Qanlı Dərə adlanan yerdə alınmasından və Qarabağda bir erməni dövlətinin yaranmasına imkan verməməsindən bəhs edib.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Orta əsr Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlar haqqında geniş məlumat verib. Daha sonra arxeoloji turizmin inkişafı üçün çalışdıqlarını, bu mənada lokal layihələrdən beynəlxalq layihələrə qədər xeyli işlər gördüklərini qeyd edib. "Ümumi Mədəni İrs Şəhərləri" beynəlxalq arxeoloji turizm layihəsinin yaxın gələcəkdə türkdilli ölkələrin mədəni irsinin ərazilərə enməklə, çevrələri gəzməklə daha dərindən öyrəniləcəyindən və təbliğ ediləcəyindən bəhs edib. Vanın bir Qaraqoyunlu mərkəzi olmasından, Ərzurum və Amasiyada Hülakülərin əsərlərindən, Səfəvilərin formalaşmasında Anadolu türklərinin rolundan geniş şəkildə bəhs edib. Gəncləri Türk-İslam mədəniyyəti abidələrini tanımaq üçün səyahət etməyə çağırıb.
Məruzəçilərə müxtəlif suallar ünvanlayan gənclər daha çox Qarabağ probleminin həlli yolları, Azərbaycan ali məktəblərində türk xalqlarının tarixinin tədrisi məsələləri, Azərbycan Xalq Cumhuriyyəti və onun yaradıcıları, müasir dövrdə iki ölkə arasında siyasi və mədəni əlaqələrlə maraqlanmışlar.
Konfransın sonunda "MİRASın Dostu" plaketi Universitetin rektoru, professor Ahmet Çamsarıya və Dünya Kültürləri Topluluğunun məsləhətçisi Serdarhan Musa Taşkayaya təqdim edilib.
Konfransdan sonra Azərbaycan nümayəndə heyəti Mersin Böyükşəhər Bələdiyyəsi baş katibi Haluk Tunçsu ilə görüşüblər. Azərbaycanı çox sevdiyini və mədəniyyətinə vurğun olduğunu qeyd edən Haluk Tunçsu hər iki ölkənin vətəndaşlarının gediş-gəlişlərinin artmasını və bununla bir-birlərini yaxından tanımasını vurğulayıb. Görüşdə Tarsusun Bolkar kəndlər qrupunun Azərbaycanın iri kəndlərindən biri ilə qardaş kənd elan olunması təşəbbüsü ətrafında da fikir mübadiləsi edilib.