Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikası tərəfindən dekabrın 24-də Şamaxı rayonunda gözdən əlilliyi olan şəxslərə oftalmoloji xidmətlər göstərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə respublikada ilk dəfə olaraq keçirilən bu xeyriyyə aksiyasında Şamaxı, İsmayıllı və Qobustan rayonlarından olan 30 nəfər gözdən əlil şəxs üzərində cərrahiyyə əməliyyatı aparılıb.
Gözdən əlilliyi olan şəxslərin reabilitasiyası, habelə göz xəstəlikləri olan insanların əlilliyinin qarşısının alınması məqsədilə keçirilən bu humanitar aksiyada iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov məlumat verib ki, Prezident İlham Əliyevin ölkədə əlilliyi olan şəxslərin hərtərəfli qayğı ilə təmin olunması sahəsində həyata keçirdiyi siyasətə uyğun olaraq nazirlik tərəfindən məqsədyönlü işlər aparılır. Bu işlərin davamı olaraq Şamaxı, İsmayıllı və Qobustan rayonları üzrə 19 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əvvəlcədən qeydiyyatı aparılan və müalicə aparılmaqla reabilitasiyası mümkün olan lakin, maddi imkansızlıqdan cərrahi əməliyyat etdirə bilməyən gözdən əlil şəxslər səyyar klinikada müvafiq oftalmoloji xidmətlərlə təmin edilib.
Müasir diaqnostik və cərrahi avadanlıqlarla tam təmin edilən səyyar klinikada yüksək ixtisaslı və peşəkar həkim briqadası tərəfindən gözdən əlil şəxslər ətraflı tibbi müayinə edilib və onlara müvafiq müalicə prosedurları tətbiq olunub.
Bununla yanaşı, səyyar klinikada müxtəlif göz xəstəliklərindən əziyyət çəkən və xəstəliyin ağırlaşdığı təqdirdə əlilliyə məruz qalma ehtimalı olan şəxslərin də müayinəsi aparılıb və onların müalicəsi üçün müvafiq oftalmoloji tədbirlər görülüb.
Göz əməliyyatından uğurla çıxanlar və onların yaxınları bu humanitar aksiyadan razılıqlarını bildiriblər. Xidmətdən yararlanan insanlar bu xeyriyyə tədbirinin Prezident İlham Əliyevin doğum gününə təsadüf etdiyi üçün məmnunluqlarını bildirib, ölkədə əlilliyi olan şəxslərin rifah halının yaxşılaşdırlmasına, habelə tibbi-sosial reabilitasiyasına göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edərək ona uzun ömür, can sağlığı arzulayıblar.