“Təmiz Kənd” Layihəsi yekunlaşdı

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 2014-cü il mart-avqust aylarında “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” adlı layihə həyata keçirmişdir.

Tarix: 12-11-2014 // saat: 13:21
Layihənin məqsədi sosial, iqtisadi və mədəni səviyyəsi eyni olmayan üç kəndin - Ağsu rayonunun Çiyni, Ülgüc və Gəgəli kəndləri timsalında ekoloji təmiz və etnoqrafik baxımdan cəlbedici kənd mühitinin yaradılmasına və bu kəndlərin başqa kənd yerlərinə nümunə olmasına yönəlib.
Layihə çərçivəsində ilk olaraq Ağsu rayonunun Çiyni, Gəgəli və Ülgüc kəndlərində monitorinq və əhali arasında sorğu keçirilmişdir. Sorğuda ümumilikdə müxtəlif yaş qruplarına, peşə ixtisasına malik 67 nəfər iştirak etmişdir. Çiyni kəndində 20, Gəgəli kəndində 22, Ülgüc kəndində isə 23 nəfər sorğuda iştirak etmişdir. Rəyi soruşulanların 20-si qadın (Çiyni və Gəgəli kəndlərində hərəsində 6 nəfər, Ülgüc kəndində isə 8 nəfər olmaqla), 47-i isə kişi idi.
Sonrakı mərhələdə 17-19 iyul 2014-cü il tarixlərində Ağsu rayonunun Çiyni, Gəgəli və Ülgüc kəndlərində bələdiyyə işçiləri və yerli icmaların nümayəndələri üçün maarifləndirici təlimlər də keçirilmişdir. Ekologiya, mədəni irs, turizm və şəhərsalma üzrə mütəxəssislərin cəlb olunduğu təlimlərdə məişət tullantılarının ətraf mühitə, insan sağlamlığına, eləcə də bölgənin ümumi inkişafına mənfi təsirləri və onların aradan qaldırılması yollarından bəhs olunmuş, iştirakçılara bu istiqamətlərdə müvafiq tövsiyələr verilmişdir.Bu təlimlər Çiyni, Ülgüc və Gəgəli kəndləri icmalarının nümayəndələri tərəfindən maraqla qarşılanmışdır.
Layihənin son mərhələsi olaraq avqust ayının 23-də isə Ağsu rayonu Çiyni kənd stadionunda "Təmiz Kənd" I Mini Futbol turniri keçirilmişdir. Bu maraqlı futbol yarışmasına "Təmiz kənd" layihəsi ilə əlaqəli olan Miras İctimai Birliyi, Ağsu-Ülgüc bələdiyyəsi, Çiyni bələdiyyəsi, Gəgəli bələdiyyəsinin futbol komandaları qatılmışdır.Turnirin sonunda "MİRAS", "ÜLGÜC" və "GƏGƏLİ" komandalarına plaketlər, qalib "ÇİYNİ" komandasına isə turnirin rəmzi kuboku təqdim edilib.
"Təmiz Kənd" I Mini Futbol turnirinin əsas məqsədi kənd gəncləri arasında zəif vəziyyətdə olan icma həmrəyliyini inkişaf etdirmək, eləcə də təmiz kənd mövzusunda gəncləri maarifləndirməkdən ibarət olmuşdur.

04 sentyabr 2014-cü il saat 16:00-da World Busiuness Center-də Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
Tədbirin açılışı zamanı layihənin rəhbəri “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Təmiz kənd” layihəsi hqqında ətraflı məlumat verərək bu layihənin müsbət tərəflərindən və Ağsu rayonunun Çiyni, Gəgəli və Ülgüc kəndlərində keçirilən təlimlər barədə danışıb.Daha sonra ekoloq-ekspert Gülşən Hüseynova layihədə ekspert kimi iştirakından, layihə çərçivəsində qaldırdığı problemlərdən və onların həlli yollarından, xüsusilə içməli su problemindən, onu yaradan səbəblərdən və bütün problemlərə rəğmən onların həlli yolları barədə fikirlərini bildirib. Layihə iştirakçılarından ekspert-təlimçi Elmira Abasova layihə haqqında fikirlərini söyləyərək, ekoloji maariflənmənin, ekoloji şüur və mədəniyyətin zəif olmasını vurğulayıb. “Təmiz kənd” layihəsində ekspert, şəhərsalma üzrə mütəxəssis, memarlıq üzrə fəlsəfə doktoru Ağasəlim Əzizov da həmçinin layihə haqqında fikirlərini bildirib. Layihə haqqında ekspertlərin çıxışları və “Təmiz kənd - yerli icmaların iştirakı ilə ekoloji və etnoqrafik identikliyin qorunması və davamlı inkişafı, araşdırma, təklif və tövsiyələr” kitabçasının təqdimatından sonra tədbir iştirakçıları layihə ilə bağlı fikir və təkliflərini irəli sürüblər.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN