Göyçay, 12 dekabr, Şahnəzər Bəşirov, AzərTAc
Su dəyirmanları tarixən xalq arasında xeyir-bərəkət rəmzi kimi dəyərləndirilib. Deyilənlərə görə, dəyirman haram götürməz və onun suyunu kəsən, onu çirkləndirən şəxs həmişə el arasında qarğış sahibi olub. Hələ neolit dövründə Azərbaycanda taxılın una çevrilməsində sadə dən daşlarından istifadə olunurdu.
Taxılçılığın inkişafı nəticəsində əl dəyirmanlarını sonradan su dəyirmanları əvəz edib. Su dəyirmanları bəşər tarixində mühüm ixtiralardan biri kimi qiymətləndirilir. Su dəyirmanlarının ilk vətəni də Azərbaycan hesab edilir. Hazırda Azərbaycanın bir neçə rayonunda qədim tarixə malik olan su dəyirmanları mövcuddur.
Onlardan bir çoxu hazırda işləməsə də, Göyçayın Aşağı Qaraməryəm kəndindəki su dəyirmanı bu gün də insanlara xidmət göstərir. İki yüz ilə yaxın yaşı olan və Dəvəbatan çayının sahilində yerləşən “Muxtaroğlu” su dəyirmanı istehsal etdiyi məhsulun keyfiyyətinə görə bir çox insanların diqqətini çəkir.
Dəyirmançı Şirzad Cəbiyev AzərTAc-a eksklüziv müsahibəsində bildirib ki, digər müqəddəs yerlərimiz kimi, bu su dəyirmanı da vaxtilə ermənilərin qəddarlığının qurbanı olub. Düşmənlər tərəfindən 1905-ci və 1918-ci ildə yandırılan bu dəyirman yenidən bərpa olunub və əhalinin istifadəsinə verilib.
Şirzad Cəbiyev ötən əsrin 90-cı illərində rayonun kəndlərində 30-a yaxın elektrik mühərrikli dəyirmanın və su ilə işləyən yalnız bir dəyirmanın fəaliyyət göstərdiyini, indi isə rayonda cəmi 4-5 dəyirmanın işlədiyini bildirib. O, qeyd edib ki, əvvəllər nəinki Aşağı Qaraməryəm kəndindən və ətrafdakı yaşayış məntəqələrindən, eləcə də qonşu rayonlardan insanlar öz taxılını “Muxtaroğlu” dəyirmanına gətirərək una çeviriblər. Son illər dəyirmana gələn insanların sayı kəskin şəkildə azalıb.
Dəyirmançı bunu insanların rahatlıq axtarması ilə əlaqələndirib. İndi insanlar mağazadan hazır un alaraq istifadə edirlər. Onun sözlərinə görə, son vaxtlar gün ərzində 2-3 nəfər dəyirmana taxıl gətirir. On beş il əvvəl isə bu su dəyirmanında taxıl üyütmək üçün saatlarla böyük növbələr yaranırdı. Müştərilərin çoxluğu səbəbindən “Muxtaroğlu” dəyirmanı hətta gecələr də insanlara xidmət göstərirdi. İllər keçdikcə mağazalarda müxtəlif çeşiddə un satışının xeyli artmasını görən insanlar dəyirmanlara üz çeviriblər.
Ş.Cəbiyev sağlamlığını düşünən çox az sayda insanın bu gün dəyirmana taxıl gətirdiyini qeyd edib. Onun sözlərinə görə, su dəyirmanının istehsal etdiyi məhsul elektriklə işləyən dəyirmanın unundan daha keyfiyyətlidir. Su dəyirmanının qara unu şəkər və mədə-bağırsaq xəstəliyindən əziyyət çəkən insanlar üçün dərman hesab edilir. Bu dəyirmanın üyütdüyü qara un ilə bişirilən çörəyin qeyri-adi dada və ətirə malik olduğunu, keyfiyyətcə çox qüvvəli olduğunu bilən kənd sakinləri onun fəaliyyətinin dayanmasını istəmirlər. Hazırda ətraf kəndlərdəki dəyirmanlar işləmədiyi üçün yerli taxılçılar öz məhsulunu yalnız bu dəyirmana gətirmək məcburiyyətindədirlər. Kəndlilərin unla yanaşı, mal-qara üçün yem istehsal etmək məqsədilə bu dəyirmana gəldiyini qeyd edən Şirzad Cəbiyev payız və qış aylarında sifarişlərin daha çox olduğunu bildirib.