Dekabrın 9-da rayonun Heydər Əliyev Mərkəzində şəhər 6 saylı tam orta məktəbinin XI sinif şagirdləri üçün Ulu Öndərin irsinin daha dərindən öyrədilməsinə həsr edilmiş növbəti açıq dərs keçirilmişdir.
Dərsdə Qarasaqqal kənd tam orta məktəbinin tarix müəllimi Əhsən Xankişiyev “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunu tədris edərkən Ümummilli Liderin siyasi hakimiyyətə ikinci dəfə gəlişinin tarixi əhəmiyyətindən ətraflı danışıb.
Məktəblilər 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndərin ölkənin xilası, müstəqil dövlət quruculuğu yolundakı uzaqgörən siyasəti və bu istiqamətdə gərgin mübarizəsi ilə əlaqədar məlumatları böyük maraqla dinləyiblər. Diqqətə çatdırılıb ki, 1994-cü ilin əvvəllərində Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hücum əməliyyatı ilə Füzuli rayonunun Horadiz qəsəbəsi və 22 kəndi düşmən tapdağından azad edilib. Lakin ordu quruculuğunu təkmilləşdirmək üçün vaxt qazanmaq lazım idi. 1994-cü ilin mayın 12-də cəbhədə atəşkəs əldə edildi. Bu, müdrik dövlət başçısı, böyük öndər Heydər Əliyev siyasətinin əyanı nümunəsi idi.
Tədris prosesində ümummilli liderimiz Heydər Əliyevin müstəqil dövlət quruculuğu, ölkədə iqtisadi dirçəlişə nail olunması sahəsində gərgin fəaliyyəti barədə, həmçinin Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına çıxması ilə əlaqədar məlumatlar şagirdlər tərəfindən böyük maraqla dinlənilib.
Sonda məktəblilər Heydər Əliyev Mərkəzi və burada sərgilənən fotoşəkillər və sənədlərlə tanış olublar.