XIX əsrin əvvəllərində 57 ailənin yaşadığı Padar kəndi şirvan əyalətinin Xançoban mahalına, sonralar isə şamaxı qəzasının Xançoban dairəsinə daxil olmuşdur.Padar oykonimi padar tayfaları ilə bağlıdır. Meşanninov İ.M. Azərbaycan ərazisində padar toponiminin çox qədim tarixə malik olduğunu qeyd edir. Urartu kitabələrində (e.ə. VIII əsr) tez-tez adı çəkilən Patari (şəhər adı) toponimi ilə bağlılığını göstərir. Digər mənbələr padarları Elxanilər dövründə Orta Asiyadan köçən 200.000 türkdilli ailə içərisində yerləşdirir. Padarların şirvana köçmələri Səfəvilərlə əlaqələndirilsə də onların daha əvvəllər burada məskunlaşdıqları haqqında məlumatlar vardır. XIX əsrdə padarlar bir sıra tirə və qollardan (ilxıçı,qaraçörüklü, axtaçı, pölüklü, küyüllü və s.) ibarət idilər.