Ağdamın Qaraağacı qəbristanlığı necə öyrənilməlidir?

Azərbaycan tarixinin və mədəniyyətinin bir parçası olan Qaraağacı qəbristanlığı Ağdam şəhərinin yaxınlığında yerləşir. Tarixi hadisələrin gedişatına nəzər saldıqda qəbristanlıq ən azı min ilin qəbristanlığıdır. Belə ki, Oğuzlar/Bayatlar, Səlcuqlular, Qıpçaqlar, Monqollar, Elxanilər, Çobanilər, Cəlairilər, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Şahsevənlər, Əfşarlar, Qacarlar kimi Türk toplumlarının əksəriyyətinin Qarabağda qışladığını, hökmdar ailələrinin vəfat edən üzvlərinin əsasən Qaraağacı qəbristanlığında dəfn edildiyini görürük. 

Tarix: 18-5-2021 // saat: 05:43
Ona görə də Qaraağacı qəbristanlığını Hökmdar Qəbristanlığı/Royal Cemetry adlandırmaq doğru olar. Buradakı çoxlu sayda türbələr və qəbirüstü xatirə abidələri bunu deməyə əsas verir. Onların bir hissəsinin ölçü işləri XX əsrin əvvəllərində Azərbaycanı Öyrənən və Tədiq edən Cəmiyyət, sonlarında isə Tarix və Mədəniyyət Abidələrinin Qorunması və İstifadəsi Baş idarəsi tərəfindən aparılıb. Həmin tarix-mədəniyyət abidələri X-XX əsrləri əhatə edir. Qaraağacı Hökmdar qəbristanlığı türk xalqlarının həm də müqəddəs məkanlarından biridir. Burada nəinki qəbristanlıq həm də sufi xanəgahları və ticarət/karvansaray mərkəzlərinin olduğu da məlumdur. Xəlvətiliyin ikinci qurucusu hesab edilən Seyid Yəhyanın Qarabağa göndərdiyi xəlifəsi Dədə Ömər Rövşəni məhz Qaraağacı xanəgahını quraraq fəaliyyət göstərib. Qaraağacı xanəgahı xəlvətilik/rövşənilik sufi məktəbinin əsas mərkəzi olmaqla Ağqoyunlu dövləti, xüsusilə Uzun Həsən və Sultan Yaqub tərəfindən himayə edilirdi. Misir/Qahirə xəlvətlik/gülşənilik sufi məktəbinin əsasını qoyan İbrahim Gülşəni də Qaraağacı xanəgahının yetirməsi idi. Təbrizi paytaxt seçən hökmdarların Qarabağ/Qaraağacı əlaqələri varisliklə davam etdirilib. Qurultayların əksəriyyəti bu coğrafiyada keçirilir, Elxanilərin "Qarabağ" və "Qaraağacı" zərbi pulları burada kəsilirdi. Qarabağın türk tarixinin düyün nöqtəsi olan Qaraağacı Hökmdar Qəbristanlığı erməni vandalları tərəfindən işğal zamanı bilərəkdən məhv edilib, yeri şumlanaraq əkilib. UNESCO və digər beynəlxalq mədəni irs təşkilatlarının bu vandallıq aktına diqqətlərini çəkmək və abidəni gələcək nəsillərə qorumaq üçün biz nə etməliyik?
1. Qaraağacı Hökmdar Qəbristanlığı ilə əlaqədar bütün arxiv sənədləri, araşdırmalar üzə çıxarılmalı və dolğun məlumat bazası yaradılmalıdır.
2. Qaraağacı Hökmdar Qəbristanlığında arxeoloji tədqiqatlar başladılmalıdır. Çünki orada mədəni təbəqə min ildən çox dövrü əhatə etdiyi üçün bizə böyük elmi informasiya verəcəkdir. 
3. Qaraağacı Hökmdar Qəbristanlığında bütün insan qalıqları öyrənilməli, onların antropoloji ölçüləri götürülməli, DNK analizləri aparılmalı, kimlikləri təsbit edilməli və ayrılmış sahədə mədəni terrorun qurbanları kimi ədəb-ərkanla dəfn edilməlidirlər. 
4. Bütün bu işlərin görülməsi üçün son texnoloji imkanlara malik laboratoriya qurulmalı və ekspedisiyanın işinə xaricdən təcrübəli alimlər də dəvət olunmalıdır. Bu bizə gələcəkdə daha böyük elmi çevrələrdə nəticələrin nəşrinə imkan verəcəkdir.
5. Tədqiqatların nəticəsinə əsasən xatirə kompleksi planlaşdırmaq və inşa etmək doğru olacaqdır.     
 
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti "Orta əsr Ağsu şəhəri" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli
 
Foto: milli.az
 
http://agsunews.az/index.php?lang=az&sectionid=news&id=1298

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN