Etnoqrafiya və muzeylər

Mayın 18-də "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Etnoqrafiya və muzeylər” mövzusunda vebinar keçirilib. Vebinarın moderatoru AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, Miras İctimai Birliyinin sədri Şəhla Xəlilli olub.

Tarix: 21-5-2020 // saat: 07:16
Vebinarda Türkiyə Cümhuriyyəti Konya Mövlanə Muzeyinin direktor müavini Dr. Naci Bakırcı və AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Gülzadə Abdulovanın məruzələri dinlənilib. 
Naci Bakırcı Mövlanə Muzeyinin yaranmasından, Mövlanə Cəlaləddin Rumiyə və digər mövləvilərə məxsus əşyalardan, muzeydə qorunan və nümayiş olunan etnoqrafik materiallardan, Osmanlı dövründən başlayaraq bu günə qədər Konya muzeylərinin qısa tarixçəsindən danışıb.
Gülzadə Abdulova Milli Azərbaycan Tarixi Muzeyinə etnoqrafik əşyaların cəlb edilməsi, onların saxlanılma vəziyyəti və ekspozisiyalarda nümayişindən bəhs edib. O, xronoloji ardıcıllıqla etnoqrafik əşyaların muzeyə daxil olmasını təsvir edib. 2000-ci illərdə Prezident İlham Əliyevin təşəbbüsü və sərəncamı ilə muzeyə əlavə ayırılan maliyyə resursları ilə yüzlərlə etnoqrafik əşya cəlb edilib. Milli geyimlərin qorunmasının əhəmiyyətini vurğulayan Gülzadə Abdulova bu sahədə pərakəndəliyin baş alıb getdiyini, milli geyim adı ilə tikilən geyimlərin əksəriyyətinin milli geyimlərimizlə heç bir əlaqəsinin olmadığını deyib. 
"Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Şəhla Xəlilli məruzəçilərə maraqlı çıxış üçün minnətdarlıq edib. Bildirib ki, hər iki qurum ilə birliyin uzunmüddətli əlaqələri var. Milli Azərbaycan Tarixi Muzeyi Orta əsr Ağsu şəhərində görülən işlərdə tərəfdaş olub, muzeyə onlarla arxeoloji materiallar, xüsusilə qızıl əşyalar hədiyyə edilib, muzeyin əməkdaşları ekspedisiya, sərgi, konfrans və seminarlarda fəal iştirak ediblər. Mövlanə Muzeyinə Azərbaycandan xüsusi mədəni irs turları təşkil edən Miras İctimai Birliyi elmi araşdırmalar, seminar və konfranslarda da əməkdaşlıq edib. Naci Bakırcı Ağsuda Beynəlxalq Avrasiya Arxeologiyası Konfransında iştirak edib, Orta əsr Ağsu şəhəri ilə tanış olub. 
Müzakirələrdə professor Minəxanım Təkləli Nuriyeva, Azərbaycan Texniki Universitetinin kafedra müdiri, professor Şikar Qasımov, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli, “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dekan müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli, Gəncə Dövlət Universitetinin baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Lamiə Hacımuradova, "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədr müavini Vüqar Quliyev, Muğla Sıtkı Koçman Universitetinin magistri Aidə Məlikova, müstəqil tədqiqatçı Üzeyir Mikayıl və digər iştirakçılar çıxış ediblər. Onlar qələmkarların hazırlanması, muzeylərin ekspozisiyasının onlayn ortamda təqdimatı, milli geyimlərin qorunmasının yolları, türk geyimlərinin Mərkəzi Avropada yayılması, bahari və küləcə geyimlərinin ad fərqi, işğal altında olan Laçına məxsus etnoqrafik materiallar, Mövlanə muzeyində qorunan Şəms Təbriziyə aid əşyalar, mövləvilər haqqında ensiklopedik məlumatlar, mövləvilərin qəbir abidələrinin nümayişi haqqında suallar ünvanlayıblar.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN