Ağsu rayonu İcra Hakimiyyəti, AMEA Folklor İnstitutu, AzGranata, Helath Voyage turizm, Allprint, İMdizayn, Marelli moda evi, İvanovka çörək məhsulları şirkətləri, Mədəniyyətlərin təbliği və Xalq yaradıcılığına dəstək İctimai Birliyi, Azərbaycan xalçaçıları İctimai Birliyi dəstək göstəriblər. Festivalda Türkiyə, Gürcüstan, İran, Dağıstan (Rusiya) və Hindistandan gələn folklor qrupları iştirak ediblər.
Martın 18-də Ağsuda yerləşən Az-Granata şirkətinin zavodlarına “Ağsunun dadlarını kəşf elə” ekoturu və Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksinə "Ağsuda şəhər mədəniyyəti" arxeoturu təşkil edilmişdir. Qonaqlar Ağsunun qədim və müasir zənginliklərini bir arada görüblər.
Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin şagirdləri üçün professor Kübra Əliyevanın təqdimatında xalça bərpası yollarını öyrətmək məqsədilə ustad dərsi keçilib. Azərbaycan xalçaçıları İctimai Birliyinin üzvləri, bədii tikmə ustaları Səma Əmirova “Bədii tikmə növləri, kompozisiyanın qurulması, rəng seçimi, piləklə, muncuqla tikmənin əsasları”, texnika elmləri namizədi Elmira Qasımova “Mil və milçə ilə bədii hörmə”, Hökümə Qasımova “Azərbaycanın bədii tikmə sənətinin inciləri” və xoreoqraf Rasimə Əhmədova “Azərbaycan milli rəqsləri” mövzusunda ustad dərsləri keçiblər. Dərslərə məktəblilərlə yanaşı, yerli sakinlər və festivala gələn qonaqlar da qatılıblar.
Festival meydanında qurulmuş sərgidə Hindistan səfirliyi Mahatma Qandinin 150 illiyinə həsr olunmuş rəsmlər, informasiya panelləri, kitablar, jurnallar, açıqcalar nümayiş etdirib. Səfirliyin əməkdaşları festival iştirakçılarına Mahatma Qandi haqqında məlumatlar verib, onlara kitab və jurnallar hədiyyə ediblər. Sərgi meydanında Nərgizava nekropolundan 2018-ci ilin arxeoloji tədqiqatları zamanı aşkar olunmuş arxeoloji materiallar, kənd sakinlərinin müxtəlif əl işləri, palaz və xalçalar, tərəkəmə alaçığı, yuxa və qutab bişirilməsi nümayiş olunub.
Martın 19-da Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbində festivalın açılış mərasimi olub. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səslənib. Ağsu rayonu İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev Tərəkəmə Çərşənbəsi folklor festivalına uğurlar arzulayıb, gələn qonaqlara minnətdarlıq edib. MİRAS İctimai Birliyinin “İncilər” rəqs qrupu “Şən Azərbaycan” kompozisiyası əsasında modelyer Laləndər Novruzovanın hazırladığı milli geyimləri nümayiş etdiriblər.
Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bavitlunq Vanlalvavna Ağsu rayonu İcra hakimiyyətinin başçısına dəvət üçün minnətdarlıq edib, kənd sakinlərini, festival iştirakçılarını salamlayıb. Qeyd edib ki, Novruz bayramı Hindistanda da müxtəlif icmalar tərəfindən qeyd olunur. Bu bizim xalqlarımız arasındakı mədəni bağları göstərir. O qeyd edib ki, festival meydanında Hindistanın böyük lideri, azadlıq mübarizi, qardaşlıq rəmzi Mahatma Qandiyə həsr olunmuş sərgi nümayiş etdirilir. Səfir kənd icması ilə gələcəkdə əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.
Rusiya Federasiyası Dağıstan Tərəkəmələri Cəmiyyətinin sədri Hacımahmud Əlifxanov qədim Azərbaycan şəhəri Dərbəndin və onun 10 para tərəkəmə kəndinin adından festival iştirakçılarını salamlayıb. Dərbənd tərəkəmələrinin azərbaycanlı olduqları ilə fəxr etdiyini deyib. Bu festivala tərəkəmə ənənələrini öyrənməyə və gələcəkdə Dağıstanda belə festivalları keçirmək üçün təcrübə toplamağa gəldiklərini bildirib.
Ağsu arxeoloji ekspedisiyasının rəisi, professor Qafar Cəbiyev, İran Aşıqlar Birliyinin sədri Ustad Səlcuq Şahbazi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin direktoru Sabit Abdullayev festival iştirakçılarını salamlayıblar.
Festival iki gün boyunca bədii hissə ilə davam edib. Əvvəlcə Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin nəzdindəki Tərəkəmə Folkloru Araşdırma və Təbliğat qrupunun məktəbli üzvləri maraqlı proqramla çıxış ediblər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqişünaslıq fakültəsinin dekanı, dosent Nərmin Qaralovanın rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri aşıqlar, xanəndələr, ifaçılar festival boyunca maraqlı musiqi çələngi təqdim ediblər. Hindistan səfirliyinin dəstəyi ilə festivala qatılan rəqqas Nərgiz Həsənova hind rəqsləri ifa edib. Şirvan aşıqları Aşıq Məhəmməd Ağsulu və Aşıq Amil Bicolu, Ağsu Xançoban folklor ansanblı, Türkiyə Cümhuriyyəti Qars Kafkas Univeristetinin müəllimi Çetin Adıgüzel, Şöhrət Hüseynovanın rəhbərlik etdiyi Gürcüstan Respublikası Meydan Saz qrupunun aşıqları, İran Aşıqlar Birliyi (Aşıq Səlcuq Şahbazi və Aşıq Arif Həmidi) və Mişov aşıqlar qrupunun ustad aşıqları (Aşıq Əhəd Maliki, Bağır Heydəri, Tarıverdi Heydəri və Feriştə Əskəri) çıxış ediblər.
MİRAS üzvlərindən ibarət "İncilər" qrupu "Tərəkəmə", “Qara qız”, “Ağ gül, qırmızı gül, bir də sarı gül”, "Yallı" rəqslərini xoreoqraf Rasimə Əhmədovanın quruluşunda, Gülşən Hüseynovanın təşkilatçılığı ilə təqdim edib. Hökumə Qasımovanın müəllifliyi ilə “Bahar sevincləri” uşaq bədii hörmə nümunələrinin dəfiləsi Gəgəli kəndindən olan uşaqların iştirakı ilə nümayiş olunub. MİRAS sədrinin müavini Orxan Qəmbərovun ideyası əsasında festival meydanında od, su, yel və torpağın rəmzi olan əşyaların köməyi ilə “MİRAS – mədəni irsimiz, rəmzlərimiz, abidələrimiz, sənətimiz” flaşmobu həyata keçirilib. Ağsu şəhəri 3 nömrəli tam orta məktəbin şagirdləri bayramla bağlı hazırladıqları kompozisiyanı təqdim ediblər.
Yerli sakinlər və qonaqlar yaxınlıqdakı dağda çərşənbə tonqalı yandırıblar, şamal atıblar. Oturma evlərində şam yeməyində Şirvan plovu yeyən festival iştirakçıları səhərə qədər oyaq qalaraq çillə çıxarıblar.
Martın 20-də səhər tezdən tərəkəmə çərşənbəsi tonqalı qalanaraq heyvanların iki od arasından keçirilməsi mərasimi izlənilib. Daha sonra oyaq qalan festival iştirakçıları özləri iki od arasından keçiblər.
Festivalın son günü bütün ifaçı, təşkilatçı və iştirakçılara sertifikatlar təqdim olunub.