Azərbaycanda İslam arxeologiyası...

Fariz Xəlilli: “Arxeologiya və Etnoqrafiya İnstitutunda İslam arxeologiyası ilə bağlı hər hansı bir fundamental iş aparılmayıb”. 
“Azərbaycanda İslam arxeologiyası termini hələ oturuşmayıb”.
“Hazırda apardığımız tədqiqata İslam arxeologiyası metodologiyası tərəfdən baxanda görürük ki, bəzi yanlışlıqlarımız var”.

Tarix: 24-2-2019 // saat: 12:23
Elə sahələr var ki, onlar haqqında yeni-yeni eşidirik. Sözsüz ki, bu sahələr yeni olduqları üçün diqqətimizi çəkir. Son zamanlar elmi ictimaiyyətdə, xüsusən də arxeologiya sahəsində İslam arxeologiyası haqqında danışılır. İslam arxeologiyası nədir, o, Azərbaycanda nə zaman yaranıb?
“Miras” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli “Bakı-Xəbər”ə bildirdi ki, bu sahə ilə bağlı tədqiqatlar aparılır, işlər görülür. Fevralın 21-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “İslam arxeologiyası” mövzusunda seminar keçdiyini deyən F.Xəlilli bildirdi ki, İslam arxeologiyası təkcə müasir İslam ölkələrini deyil, həmçinin, əhalisi qeyri-müsəlman olan ölkələri də əhatə edir. İslam arxeologiyasının əsas istiqamətləri maddi-mədəni abidə və artefaktların aşkarlanmasını və tədqiqini ehtiva edir. O vurğuladı ki, İslam sivilizasiyasının ən başlıca səciyyəvi əlaməti, özəlliyi və fenomeni şəhərsalma mədəniyyətinin yüksək səviyyəyə çatmasıdır. Azərbaycan ərazisində İslam arxeologiyasının ən qədim abidələrinin inşasına VIII əsrin sonu - IX əsrin əvvəllərindən başlanıb. İslam arxeologiyası yeni termindir. Bir çox ölkələrdə artıq arxeologiyanın bu sahəsi üzrə müxtəlif mütəxəssislər ixtisaslaşırlar. Böyük Britaniya ərazisində, xüsusilə də London Kollecində İslam arxeologiyası ayrıca mərkəz kimi fəaliyyət göstərir. Hətta hər il fevralın 2-də İslam arxeologiyası günü də qeyd edilir. Bu gün çərçivəsində müxtəlif tədbirlər keçirilir. İslam arxeologiyası ilə bağlı böyük monoqrafiyalar yazılıb. Mənim özümün də ən çox istinad etdiyim Timoti İnsolun “İslam arxeologiyası” əsəridir. Bu sahədə Oleq Qrabar, Əkbər Əhməd və digər tanınmış alimlər də var. Bu alimlər İslam arxeologiyası elminin metodologiyasını müəyyən edirlər. Qeyd etmək lazmdır ki, İslam arxeologiyası ilə bağlı tədqiqat aparanlar mütləq islamın əsas qaydalarını bilməlidirlər. Çünki bunu bilmirlərsə, apardıqları arxeoloji qazıntıları dəqiq adlandıra bilmirlər. Yəni bəzən çox yanlışlıqlar olur. Məsələyə, sadəcə, bir şəhər mədəniyyəti kimi, yaşayış yeri kimi baxmaq olmur. Bu işləri görmək üçün Qurani Kərimdən, şəriətdən xəbərdar olmaq tələb olunur. Vacib deyil ki, bu alimlər müsəlman olsun, onlar müxtəlif dinlərə, inanclara mənsub ola bilərlər, lakin əsas məsələ islam dinini bilmələridir. İslam arxeologiyası həm də arxeologiyanın digər sahələri ilə əlaqəli fəaliyyət göstərməlidir. Çünki arxeologiya indi çox şaxələnir. Yəni arxeologiyanın müxtəlif sahələri var. Məsələn, sənaye arxeologiyası, urban arxeologiya, ətraf mühit arxeologiya, demoqrafik prosesləri öyrənən arxeologiya və s. var. Bu gün arxeologiyanın ayrı-ayrı sahələri üzə çıxıb. İslam arxeologiyası da bu sahələrlə əlaqəli fəaliyyətdə olan bir sahədir. Tarixçilər mənbələri araşdırırlar, ancaq o mənbələrin məlumatlarını təsdiqləmək həm də arxeoloji tədqiqatlar nəticəsində mümkün olur. Məsələn, hansısa bir hadisə ilə, götürək elə mədəniyyət tarixi ilə bağlı əsərlər yazılanda tarixçilərin əsas çatışmayan cəhətlərindən biri arxeoloji abidələrlə müqayisələrin aparılmaması ilə bağlıdır. Eləcə də arxeoloqlar da bu şəhərləri aşkar edərkən və öyrənərkən bu mənbələrlə az işləyirlər, onlardan xəbərdar olmurlar. Ona görə də tədqiqat zamanı qarşıya çıxan bir islam şəhərini, islam yaşayış yerlərini, qəbir abidələrini öyrənərkən problemlər yaranır. Azərbaycanda İslam arxeologiyası termini hələ oturuşmayıb. Ümumiyyətlə, Arxeologiya və Etnoqrafiya İnstitutunda İslam arxeologiyası ilə bağlı hər hansı bir fundamental iş aparılmayıb. Sadəcə, məsələyə orta əsr şəhər mədəniyyəti istiqamətində baxılıb. Ancaq İslam arxeologiyası təkcə şəhərləri öyrənmir, eyni zamanda, köçəri tayfaların da tarixini, mədəniyyətini öyrənir. Yəni İslam arxeologiyası islam maddi mədəniyyətini kompleks öyrənir. Bu sahənin ayrı-ayrılıqda öyrənilməsi bir çox yanlışlığa gətirib çıxarır”.
F.Xəlilli hesab edir ki, ona görə də bu terminologiyanın izah olunmasına, bununla əlaqədar monoqrafik əsərlərin yazılmasına, bu sahədə fundamental əsərlər yazan xarici alimlərin tədqiqatlarından tərcümələrin olmasına ciddi ehtiyac var. O qeyd etdi ki, İslam arxeologiyası ilə bağlı bir neçə islam dövrü abidəsini bu metodlar əsasında tədqiq edib öyrənmək lazımdır. “Məsələn, biz orta əsr Ağsu şəhərini öyrənmişik, bu bir müsəlman şəhəridir, ancaq bizim də üsullarımız klassik şəhər mədəniyyətini öyrənmək üsullarıdır. Hazırda apardığımız tədqiqata İslam arxeologiyası metodologiyası tərəfdən baxanda görürük ki, bəzi yanlışlıqlarımız var. Xüsusilə kulinariya ilə bağlı məsələdə. Qazıntılar zamanı üzə çıxarılan çörəkbişirmə sexləri, məscid, hamam, su xətlərini və s. bir şəhər tipoqrafiyasını öyrənmək şəklində öyrənmişik. Amma İslam arxeologiyası baxımından öyrənməmişik. Düşünürəm ki, gələcəkdə biz tədqiqatlarımızı bu istiqamətdə həyata keçirməliyik. Son zamanlar aşkarlanan bəzi xanəgahların qalıqlarına, türbələrə və s. kompleks baxılmalıdır. Bəzən elə şəhərlər olur ki, alimlər ən alt təbəqəyə çatmaq istəyirlər. Ən alt təbəqəyə çatmaq üçün üstdəki İslam abidələrini yox edirlər. Yəni belə problemlər var. Konservasiyada, mühafizədə, sənədləşdirmədə problemlər var. Hesab edirəm ki, İslam arxeologiyası ilə bağlı əsaslı işlərin görülməsində xüsusilə Azərbaycan Milli Elmlər Akademiyası çox maraqlı olmalıdır” - deyə F.Xəlilli bildirdi.
 
İradə SARIYEVA
http://www.baki-xeber.com/medeniyyet/88684.html

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN