Cənubi Qafqaz regionunda separatizm və təhlükəsizlik

Separatizm Dünyanın ən qorxunc anlayışlarından biri olduğu üçün bəzən cəmiyyətdə bu ifadəni işlətmək belə qorxu hissi oyadır. Bu sözün hərfi mənası Ayrılmağa çalışma deməkdir. Çoxmillətli burjua dövlətlərində: azlıqda qalan millətlərin, yaxud bir əyalətin dövlətdən ayrılaraq öz müstəqil dövlətini qurmağa çalışması anlayışıdır.

Tarix: 19-12-2017 // saat: 10:45
Separatizm - beynəlxalq təhlükə!
Separatizm Dünyanın ən qorxunc anlayışlarından biri olduğu üçün bəzən cəmiyyətdə bu ifadəni işlətmək belə qorxu hissi oyadır. Bu sözün hərfi mənası Ayrılmağa çalışma deməkdir. Çoxmillətli burjua dövlətlərində: azlıqda qalan millətlərin, yaxud bir əyalətin dövlətdən ayrılaraq öz müstəqil dövlətini qurmağa çalışması anlayışıdır. Etnik separatizm meyllərinin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərir. Ölkəmizin çoxmillətli olmasına baxmayaraq Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri əmin-amanlıq içərisində, azad və demokratik şəraitdə yaşayır. Bu da dünya ölkələri arasında Azərbaycanın daha qonaqpərvər və suveren dövlət olmasına sübutdur. Lakin Azərbaycan da zaman-zaman mənfur qonşularımızın torpaqlarımıza göz tikməsi və öz torpaqlarımızda xalqımıza qarşı etnik təmizləmə siyasətindən zərbələr görmüşdür.
Hal-hazırda dünyada 220 milyon nəfərdən çox əhalini və 12,7 milyon kvadrat kilometr ərazini əhatə edən 50-dən çox əsas etnik separatizm ocağı vardır. Etnik separatizmin nəticəsində yaranan münaqişələr hərbi toqquşmalarla müşayiət olunur və onların yayılma coğrafiyası demək olar ki, dünyanın hər yerində mövcuddur. Avropada Böyük Britaniya ilə Şimali İrlandiya və Şotlandiya, Belçika ilə Flandriya və Valloniya, Fransa ilə Paris aqlomerasiyası və Korsika, İspaniya ilə basklar və Kataloniya, Serbiya ilə Kosovo, Asiyada İsrail ilə Fələstin, Hindistan ilə Kəşmir və Pəncab, Çinlə Tibet, Afrikada Nigeriya ilə Şimali Nigeriya, Sudanla Cənubi Sudan, Amerikada Kanada ilə Kvebek, Meksika ilə Çyapas və s. arasındakı etnik münaqişələr uzun illərdən bəri həllini tapmayan problemlərdəndir. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyidir. Bu münaqişələr beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlər tətbiq edir. BMT, ATƏT və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların etnik separatizmə qarşı qətiyyətli mübarizə aparmalıdır. Əks halda, bu acı fatr mənfi tendensiya kimi dünya ərazisinin böyük bir qismini millətlərarası münaqişələr meydanına çevirə bilər. Sirr deyil Beynəlxalq münasibətlər sistemində “ikili standartlar” hökm sürür ki, bu da etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına əngəl törədir. Bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar etnik separatçılığın aradan qaldırılması istiqamətində zəruri addımların atılması kimi hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etmədiyi məsələsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların obyektivliyinin və prinsipiallığını şübhə altına alır. Bu gün çoxlu sayda insan dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi hallar üzündən qaçqın və miqrant həyatı yaşamağa məcburdur. 
Bu acı bizə hələ çoxdan tanışdır
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti erməni separatizmi ilə üz-üzə qaldı. Keçmiş SSRİ dövründə ermənilərin Azərbaycana qarşı separatçı hərəkətləri bir qədər sakitləşmiş götrünüş alsa da onların qəlbində günü-gündən alovlanan separatizm eşqi, vandalizm sevdası daha da güclənirdi. Sovet Sosialist Respublikasının süqutundan sonra Ermənistan uzun illərdən bəri bəslədiyi şeytanı üzə çıxardaraq, əsil üzünü ortaya qoydu. Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərək etnik separatizm və işğalçılıq siyasəti aparmağa başladı. Təbbidir ki, yüz illərdən bəri hazırlanmış planlarını həyata keçirmək imkanına malik olmayan erməniklər mütləq böyük güclərdən dəstək aldılar. Ermənistan silahlı qüvvələri 1992-ci ilin fevral ayında Xocalı şəhərinin azərbaycanlı əhalisinə qarşı soyqırımı törətdi. Ermənilərin etnik separatizm və ərazi iddiaları əsasında meydana gəlmiş Dağlıq Qarabağ münaqişəsinin nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olundu. Erməni separatçılarının Ermənistanın dəstəyi ilə Azərbaycanın ərazisində yaratdığı qondarma “Dağlıq Qarabağ” rejiminin fəaliyyəti beynəlxalq hüququn normalarının kobud şəkildə pozulması deməkdir. Təəssüf ki, bu məsələyə münasibətdə BMT başda olmaqla, beynəlxalq hüququn prinsiplərini təmin etmək missiyası yerinə yetirdiyini iddia edən təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri seyrçi mövqe tutmaqda davam edir. Amma Azərbaycanın da səbrinin bir həddi vardır. Yaxşı olardı ki, Dünya Birliyi də bunun vaxtında anlasın, Azərbaycanın suveren mövqeyi dəyərləndirilsin və Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqlarına önəm verməsindən sui-istifadə edilməsin. 
Hər an alovlana biləcək “ocaq”!
Artıq 25 ildir ki, Azərbaycan dünya birliyini Dağlıq Qarabağ münaqişəsinin regionda törədə biləcəyi təhlükələr haqqında xəbərdar edir, qəti şəkildə addımlar atmağa və Ermənistanı işğalçılıq siyasətindən çəkindirməyə çağırır. Lakin bu çağırışımız, haqq səsimiz hələ də cavabsız qalmaqdadır. Təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəldilmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası daha da genişlənəcək ki, bu da dünya nizamı üçün böyük təhdid deməkdir. Ermənistanın insan hüquqlarının simvolu olan Avropa Şurasının üzvlüyü dünya birliyinin olduqca məsuliyyətsiz və ikiüzlü davranışının bariz nümunəsidir. Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına biganə yanaşan Avropa özü bu gün separatizmlə üzləşdiyindən məsələyə mövqeyini dəyişməyə, öz üzvlərinin ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verməyə başlayıb ki, bu da ikili standartların bariz nümunəsidir.
Həmçinin BMT. BMT məhz ona görə yaradıldı ki, heç bir ölkə başqa ölkəyə ərazi iddiasında olmasın. Lakin BMT-də əməldə üzərinə düşən vəzifələri layiqincə icra etmədiyi üçün Azərbaycanın illərdən bəri kobudcasına pozulmuş hüquqları bərpa edilməyib. Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı BMT-nin qətnamələrində əksini tapsa da, hələ də təcavüzkarla işğala məruz qalana münasibətdə fərq qoyulmur. Əgər belə olmasaydı Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı soyqırımını törədən, 1 milyondan artıq azərbaycanlını doğma torpaqlarından çıxaran, minlərlə dinc soydaşımızın vəhşicəsinə öldürülməsinə, əlil qalmasına səbəb olan Ermənistana təcavüzkar ölkə hər hansı bir təyziq göstərilərdi. 
Səsimizi bir qədər də ucaltmalıyımı?
Siyasi şərhçi Azər Həsrət erməni separatizminin dünyaya təbliğ olunması ilə bağlı fikirlərini belə səsləndirib: “Bu, sadəcə olaraq, ermənilərlə azərbaycanlıların, Ermənistanla Azərbaycanın arasındakı problem deyil. Erməni separatizmi bütövlükdə region üçün problemdir. Çünki ermənilər sadəcə Azərbaycana yox, Türkiyəyə, Gürcüstana, hətta Rusiyaya qarşı bölücülük təşəbbüsü ilə çıxış edir, torpaq iddiası aparır. Biz unutmamalıyıq ki, Abxaziya münaqişəsində Gürcüstana qarşı vuruşanların böyük bir qismi də ermənilər idi. Erməni separatizmi bütövlükdə bizim region üçün ciddi təhlükə təşkil edir”. Azərbaycanın ərazi bütövlüyü müqəddəsdir, beynəlxalq birlik hər kəsə şamil etdiyi prinsipləri Ermənistana etmir. Bunun səbəbi nədir?” Dünyada Qarabağ probleminin həlli ilə bağlı ikili standart var. Dövlətlərin ərazi bütövlüyünün pozulmasına göstərilən münasibət Azərbaycana gəldikdə dəyişir. Onlar bunu xalqların öz müqəddəratını təyinetmə hüququ adlandırırlar. Məgər hərbi təcavüzlə öz müqəddəratını təyinetmə mümkündürmü? Bu, absurddur. Ermənistana isti münasibət təkcə ikili standart yox, həm də riyakarlıqdır. 25 ildir insanlar əziyyət çəkirlər, onlar öz evlərinə qayıtmalıdırlar. Mən anlaya bilmirəm: Azərbaycanın qazı və nefti yaxşıdır, özü isə pis? Aydın görünür ki, bu durum bəzilərinə sərf edir və onlar münaqişənin həllini bilərəkdən uzadırlar. Qarabağ problemi ədalətli həll olunmalıdır ki, növbəti münaqişələrin qarşısı alınsın. Doğrudan da həll olunmayan bir problem başqa bir problemin astanasıdır. Problemi mütləq vaxtında həll etmək lazımdır. Artıq dünya həyəcan təbili çalır! Axı dünyada ədalət deyilən bir anlayış da vardır. Ümid edirik ki, ən qısa zaman kəsiyində dünya Azərbaycanın haqq səsinə hay verəcəkdir.
Mən də dünya birliyini ədalətli mövqe tutmağa, Azərbaycan həqiqətlərinin dünya ölkələrinə çatdırılması istiqamətində daha böyük səylər göstərməyə səsləyirik. BiZ Azərbaycan gəncliyi olaraq əsil həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində nə qədər çox çalışsaq bir o qədər çox gələcəyimizin sağlam və təhlükəsiz olacağına zəmin yaratmış olarıq.
 
Elnarə Günəş, 
AJB-nin üzvü
“Bu yazı “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin elan etdiyi müsabiqəyə təqdim edilir”.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN