YOCOCU Beynəlxalq Assosiasiyasının təşkil etdiyi Mədəni İrsin Yaşıl Konservasiyası (www.greenconservationconference.com) II Beynəlxalq Konfransı 16-18 noyabr 2017-ci il tarixdə İtaliyanın Palermo şəhərində keçirilib. Həmin konfrans elmə interdisiplinar yanaşma olub, müasir çağırışların səsləndirildiyi alimlərin beynəlxalq görüşüdür. Konfransda 16 ölkədən 150-dən çox alim və mütəxəssisər iştirak edib. Konfransda elmi məruzə və posterlərlə yanaşı, konservasiya işlərini həyata keçirmək üçün elmi labortoriyalarda hazırlanan müasir məhsulların təqdimatı da olmuşdur. YOCOCU prezidenti Dr. Andrea Macchianın da yer aldığı qrupun rəsm əsərlərinin təhlükəsiz bərpası üçün hazırladığı “Yaşıl Risk” kimyəvi məhlulu xüsusilə maraq doğurmuşdur.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli konfransın Elmi Komitəsinin Azərbaycandan olan yeganə üzvüdür. Onun Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru, memarlıq üzrə fəlsəfə doktoru Telman Kərimli və Bakı Dövlət Universitetinin müəllimi Firəngiz İsrafilova ilə hazırladığı “Azərbaycanda qədim nekropolların Qaranlıq Dünya turzmi konsepti əsasında öyrənilməsi, qorunması və təbliği məsələsi” mövzusunda məruzəsi konfransda dinlənilib. Məruzəçilər vurğulayıblar ki, 2017-ci ilin may ayında MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə Şamaxı rayonunun Dəmirçi kəndində Prof.Dr. Qafar Cəbiyevin rəhbərliyi ilə aparılan arxeoloji tədqiqatlar zamanı III-IV əsrlərə aid edilən və Xalqların Böyük köçünün izlərini daşıyan nekropol aşkar olunmuşdur. Nekropolun öyrənilən 30 qəbirindən 10, 11 və 18 saylı qəbirlərinin tayfa başçısı, sərkərdəsi və xanımına məxsus olduğu müəyyən edilmişdir. Qızıl, gümüş, tunc, dəmir, saxsı, şüşə materialların zəngin olduğu qəbirlər Xalqların Böyük köçü dövründə Uzaq Şərqdən tutmuş Şərqi Avropaya qədər türkdilli xalqların yaşadığı ərazilərdə geniş yayılmışdır. Müəlliflər nekropolun öyrənilməsi, qorunması və təbliği məsələsində Qaranlıq Dünya turizmi (Dark tourism) konseptinin tətbiq olunmasını təklif ediblər. Dəmirçi nekropolunun konservasiyası və artefaktlarının sərgilənməsi məqsədilə Qaranlıq Dünya turizmi konsepti və müasir memarlıq elementləri əsasında muzey binasının tikintisi, avadanlığı zəngin olan daş qutu qəbirlərin həmin muzeydə nümayiş etidirlməsi məsələsini alternativ layihə kimi təqdim ediblər. Ərazi arxeoloji və geoloji baxımdan öyrənildikdən, qəbirlər tamamilə açıldıqdan sonra ərazidə iri təpələrin birinin qarşısında daş qutu qəbirləri xarakterizə edən dəmir-beton konstruksiyalı daş qutu formalı muzey binasının ilkin layihə təklifi də hazırlanıb. Məruzəçilər qeyd ediblər ki, landşafta uyğun olaraq üç tərəfi torpaq altında qalan və bir tərəfindən girişi olan muzey binası sərt soyuq iqlim şəraitinə məxsus Dəmirçi nekropolunu turistlər istənilən zaman ziyarət etməklə yanaşı, mövcud qalıqlar in situ konservasiya ediləcək, artefaktlar sərgilənəcəkdir. Qaranlıq dünya turizmi məkanları elmi-tədqiqat işinin aparılmasında, tarixi faktların, mədəni dəyərlərin qorunması və onların gənc nəsillərə çatdırılmasında, humanizm ruhunun aşılanmasında mühüm rol oynayır. Dəmirçi nekropolu da insan qəbirlərindən ibarət olub qaranlıq dünya turizm məkanları təsnifatına daxil edilir. Qədim tarixi məkanları turistlərin ziyarətinə açıq etməklə yanaşı, yerli fərqli adət-ənənələr, sakinlərin sosial və ekoloji maarifləndirilməsi, davamlı inkişafa nail olmaq layihənin əsas məqsədlərindəndir.
Bununla yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”-nin qalibləri sırasında olan “AĞSUTEX: Məktəbdə texniki fənnlərin öyrədilməsində müasir innovativ üsullardan istifadə” layihəsinin eksperti kimi Fariz Xəlilli YOCOCU Beynəlxalq Assosiasiyası ilə əməkdaşlıq razılaşması əldə edib. Belə ki, ilkin olaraq Orta əsr Ağsu şəhərində Aslan Nadirov adına Ağsu şəhər 1 saylı məktəb-liseyin şagirdləri üçün təşkil ediləcək beş günlük kurs zamanı Dr. Andrea Macchia onlayn təqdimat edəcək.
Məlumat üçün bildirək ki, Mərkəzi Romada yerləşən YOCOCU (Mədəni İrsin Konservasiyasında Gənclər) Beynəlxalq Assosiasiyası (www.yococu.com) dünyada mədəni irsin qorunması və bərpası istiqamətində aparılan tədqiqatlar və həyata keçirilən konservasiya layihələrini birləşdirən gənc alimlər arası şəbəkədir. Bu məqsədlə YOCOCU konfransları iki ildən bir müxtəlif ölkələrdə keçirilir. Roma, Palermo, Antverpen, Madriddə keçirilən Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq konfranslarından birinin hələ 2014-cü ildə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycanın Ağsu şəhərində keçirilmişdi.