Tərəkəmələrin yurd görüşünə hazırlıq işləri görülür

Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin fərdi kateqoriyada qalibi olmuş “Quzuçuyam, quzu məndə: məktəb nəzdində tərəkəmə folklorunu araşdırma və təbliğat qrupunun yaradılması” layihəsi çərçivəsində Ağsu rayonu Gəgəli kəndində işlər davam etdirilir. 

Tarix: 10-11-2017 // saat: 02:13
Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin fərdi kateqoriyada qalibi olmuş “Quzuçuyam, quzu məndə: məktəb nəzdində tərəkəmə folklorunu araşdırma və təbliğat qrupunun yaradılması” layihəsi çərçivəsində Ağsu rayonu Gəgəli kəndində işlər davam etdirilir. 
Artıq layihənin ilkin mərhələsində Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin nəzdində “Tərəkəmə folklorunu araşdırma və təbliğat qrupu” yaradılıb. Qrupun üzvləri məktəbin müəllimləri və şagirdləridir. Onlar hər həftə müxtəlif günlərdə kəndin yaşlı sakinləri ilə görüşür, etnofiloloji sorğular keçirirlər. İndiyə qədər kəndin 30 sakini ilə belə sorğular keçirilib, çox sayda maraqlı folklor nümunələri toplayıb, layihənin ekspertinə təhvil veriblər.
Layihənin rəhbəri, məktəbin direktoru Sabit Abdullayevin ssenarisi əsasında Tərəkəmələrin yurd görüşünə hazırlıq işləri görülür. Noyabrın 6-da bu məqsədlə hazırlanan folklor tamaşalarına layihənin eksperti, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin iştirakı ilə baxış keçirilib, məktəblilər arasında bölgülər aparılıb. Folklor tamaşaları 4 səhnəcikdən ibarətdir: “Tərəkəmə xanımlarının həyat tərzi”, “Yaşlı və cavan çobanın söhbəti”, “Tənbəl tərəkəmə uşaqları” və “Əlaçı tərəkəmə balaları”. Tamaşalarda məktəbin IV-IX siniflərinin fəal şagirdləri iştirak edirlər.
Tərəkəmə folkloru qrupunun fondu üçün "Tarix otağı"nda xüsusi avadanlıqlar yerləşdirilib. Fonda daxil olmuş arxeoloji və etnoqrafik materialların aktlaşdırılması və pasportlaşdırılması qaydaları layihənin eksperti tərəfindən qrup üzvlərinə bildirilib.
Layihə çərçivəsində elan olunmuş "Tərəkəmə folkloru müsabiqəsi"nə işlərin qəbulu davam etdirilir. Bu məqsədlə müxtəlif məktəb və müəssisələrdə görüşlər keçirilir, müsabiqənin geniş ictimaiyyət arasında yayılması üçün təbliğat işi aparılır.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN