Makedoniyada keçirilən "Arxeologiya davam edir” adlı III beynəlxalq foto müsabiqədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşı Arzu Mürvətovanın “Balaca arxeoloqlar” adlı fotosu yer alıb.
Skopye Arxeologiya Tədqiqatları İnstitutunun təşkilatçılığı və Makedoniyanın Milli Arxeologiya Muzeyinin dəstəyi ilə keçirilən sərginin əsas məqsədi arxeologiyanı təbliğ etmək və dünyada mövcud olan arxeoloji əraziləri tanıtmaqdır. Müsabiqəyə arxeoloqlar, tələbələr, eləcə də digər ölkələrin fotoqrafları tərəfindən 90 foto təqdim olunub.
Ən yaxşı 30 foto professional jüri tərəfindən və eləcə də İnstitutun sosial şəbəkədəki rəsmi səhifəsində səs vermə yolu ilə seçilib. Qeyd edək ki, müsabiqədə seçilən ən yaxşı fotolar ilə bərabər Arzu Mürvətovanın təqdim etdiyi Orta əsr Ağsu şəhər Arxeoloji Turizm Kompleksinin fotosu da təşkilatçılar tərəfindən hazırlanan onlayn kataloqda yer alaraq ictimaiyyətə təqdim olunub.