Bu insanlar artıq yüz ildən çoxdur ki, Gürcüstanda yaşayırlar. 150 nəfərdən ibarətdirlər. Özlərinə məxsus dildə danışır və özlərini "lahıc" adlandırırlar. Əvvəllər tatar xalqı kimi tanınan bu xalq heç yerdə qeydə alınmayıb. Lakin, 1939-cu ildə əhalinin ümumi siyahıya alınmasından sonra hər kəs onları azərbaycanlı hesab etməyə başlayıb. Bu insanlar isə israrla iddia edirlər ki, azərbaycanlı deyillər.
Bu xalqın kəndi Tbilisini Kaxeti ilə birləşdirən Qombori aşırımında yerləşir. Kənd ilə paytaxt arasındakı yol təxminən 55 kilometrdir. Qalın meşəliklərlə əhatə olunmuş kənd dəniz səviyyəsindən 1,130 metr yüksəklikdə yerləşir. Gürcüstanda yerləşən məhz bu meşəlik ərazilər o vaxt Bakı quberniyasından gələn insanların sığınacaq üçün seçdiyi yerlərdən olub. Özlərini lahıc xalqı adlandıran bu insanlar hazırda Azərbaycanın İsmayıllı rayonunda yerləşən Lahıc kəndinin sakinləridir.
Köçkünlərin sözlərinə görə, əvvəlcə kişilərdən ibarət qrup buraya gəlib. Regionun demək olar ki, hər yerində, iş və ev tapdıqları yerlərdə məskunlaşıblar. Yerlərini rahatlayıb şərait qurduqdan sonra isə yavaş-yavaş ailələrini də gətirməyə başlayıblar. Nəticədə İkinci Dünya müharibəsinə qədər lahıclar birdəfəlik Qombori kəndində məskunlaşıblar.
Kənd sakinlərindən biri, həm də ehtiyatda olan gizir Ayaz Cəfərov deyir ki, özlərini azərbaycanlı hesab etmirlər:
“Bizim öz dilimiz hələ yaşayır. Düzdür, sayımız get-gedə azalsa da, məhv olmamışıq. Bəlkə də, bir müddət sonra bu dildə danışmağa adam belə olmayacaq. Əlbəttə, etnik qrupumuzu rəsmi şəkildə qeydə almaq yaxşı olardı, amma kim bununla maraqlanacaq ki?”
O, meşəlik əraziləri seçmələrinin səbəbini belə izah edib ki, meşə köçkünlərə pis havadan gizlənmək, yemək tapmaq və ən əsası pul qazanmaq üçün yaxşı imkanlar verib. Ağacları kömürə çevirib, satıb dolanışıq qurmaq olur:
"O vaxtlar ağac kömürü dəmirçixanalarda və əritmə sobalarında geniş istifadə olunurdu. Hərçənd kömür elə ev məişətində də çox istifadə edilir. Samovar qalamaq və ya kabab çəkmək üçün istifadə olunurdu. Yəni tələbat vardı, insanlar da bundan istifadə edib dolanışıqlarını qururdular.
Bu insanlar “Lahıcdan niyə köçdünüz?” sualına cavab vermək üçün 17-ci əsrdən, İran hökmdarlarının vaxtından başlamalıdırlar. Ayaz Cəfərov deyir ki, o vaxt babaları İranın ərazisindən köçüblər:
“17-ci əsrdə Lahıc çiçəklənən sənət mərkəzi idi. Orada soyuq silah və mis əşyalar hazırlayırdılar. Ticarət inkişaf edir, insanların yaşayış səviyyəsi sürətlə yaxşılaşırdı. Bu güzəran 19-cu əsrə qədər davam etdi. Texnologiyanın inkişafı, maşınların meydana gəlməsi misdən əllə hazırlanan məmulatların dövriyyəsini kəskin azaltdı. İşsizlik baş qaldırdı. Tez-tez iğtişaşlar olurdu. Lahıclar yavaş-yavaş qəsəbəni tərk etməyə və yeni yaşayış yerləri axtarmağa başladılar. Elə o vaxtdan onların bir hissəsi bizim kimi Gürcüstana gəldi”.
Ayaz Cəfərovun valideynləri başqa 20 ailə ilə birlikdə Qombori kəndinə 1930-cu illərdə gəliblər. Kənddə birlikdə yaşamağa qərar verən əhali iki qrupa ayrılıb. Kişilər bir komanda kimi kömür yandırır, qadınlar isə ev təsərrüfatıyla məşğul olurdular. “Ev təsərrüfatı” anlayışı bir az nisbi qalır. Çünki o vaxtlar əhali meşələrdə samandan hazırlanmış komalarda yaşayırdı. Meşə onları qida ilə təmin edirdi.
Uzun müddət əzab-əziyyətli həyatdan sonra kəndlilər yığışıb, pul toplayıb mal-qara saxlamağa başladılar. Bundan əldə etdikləri gəlirlərlə isə özlərinə kənddə kiçik evlər tikməyə başladılar.
İkinci Dünya müharibəsi başlayanda bütün kişilər cəbhəyə aparılıb. Çoxları elə müharibədə həlak olub. Ayaz Cəfərov deyir ki, onun atası da müharibədə dünyasını dəyişib:
“Atam da müharibəyə aparılanlar sırasında olub. Mən onu heç vaxt görməmişəm, atamı 1942-ci ildə aparıblar, mən isə 1943-cü ildə anadan olmuşam. Kənd sovetində doğum haqqında şəhadətnamə verilən zaman anamdan yoldaşı haqqında sənəd istəmişdilər. Onun isə heç bir sənədi yox idi. Gürcü dilini bilmədiyi üçün heç nə başa düşmürdü. Anam adımın Ayaz, atamın adının isə Cəfər olduğunu deyib. Onlar da məni “Ayaz Cəfərov” - deyə qeydiyyata alıblar”.
Demək olar ki, buraya gələn bütün lahıclılar soyadlarını belə alıblar. Bu gün onların arasında geniş yayılmış İsmayılov, Məmmədov, Əliyev kimi soyadlar beləcə yaranıb.
Rus hərbçiləri həmişə bu yerə maraq göstəriblər. Gürcüstan Rusiya İmperiyasının tərkibinə keçən kimi burada hərbi bölmələr yerləşdirməyə başladı: 1801-ci ildə artilleriya, sonra isə atıcı batalyon gəldi. Rus zabitləri öz ailələrini gətirir və “Sloboda” adlandırdıqları kəndi abadlaşdırırdılar.
19-cu əsrin sonlarında, yəni lahıclar köçürülənə qədər Qombori kəndinin əhalisinin sayı 600-ə yaxın idi, onların demək olar ki, hamısı ruslar idi. Sovet dövründə burada kifayət qədər inkişaf etmiş infrastrukturu olan, hətta tərkibində raket briqadası olan iri hərbi bazalar olub.
O dövrdə Lahıcdan gələn kişilərin çoxu könüllü şəkildə daimi hərbi qulluğa düzəlmişdilər. Qadınlar isə hospitallarda təsərrüfat sahələrində işləyirdilər. Get-gedə lahıclıların sayı artırdı. 1989-cu ildə Qombori kəndində 400-dən çox Lahıc sakini yaşayırdı. Həyat öz axarına düşməyə başlayırdı.
Sovet İttifaqının dağılması ilə hərbi bazanın ləğv olunması gözlənilməyən dəyişikliklərə səbəb oldu. Rus hərbçiləri öz ailələri ilə birlikdə kəndi tərk etməyə başladılar. Bazada yerləşən bütün hərbi əmlakı Rusiyaya daşımaq mümkün olmadığı üçün onlar, raketləri və iri texnikanı göndərib, yük maşınlarını isə yerli sakinlərə satdılar. Qombori kəndində həmin maşınlardan təsərrüfatda hələ də istifadə olunur.
Sovet kolxozu bağladı və lahıclar yenə işsiz qaldı. Belə olan halda gənclər çörək pulu qazanmaq üçün bir-bir kəndi tərk etməyə başladılar.
Kəndin 83 yaşlı sakini Sənəm Bəhramovanın sözlərinə görə, gənclər getdikdən sonra kənddə demək olar ki, təqaüdçülər qaldı:
“Mən Qomboridə anadan olmuşam. Əvvəlcə bura babam gəlib və meşədə kömür yandırmaqla özünə dolanışıq düzəldib. İşlər yaxşı getmirdi, xirtdəyə qədər borca batmışdı. Borcunu ödəmək üçün babam öz oğlunu - mənim atamı Lahıcdan çağırıb borclandığı kişiyə pulsuz işlətmək üçün satdı. Sonra babam getdi və ondan bu günə qədər heç bir xəbər yoxdur”.
Atasından danışan Sənəm xanım deyib ki, o, müharibədən heç bir yara almadan qayıtmışdı:
“1940-cı illərdə müharibədə olub. Atamın adı Bəhram idi. Uzun və sağlam həyat yaşayıb. 102 yaşının tamam olmasına az qalmışdı ki, dünyasını dəyişib. Biz ailədə 4 uşaq idik. Atam müharibədən gələndən sonra anam ağır xəstələndi və dünyasını dəyişdi. Atam ikinci dəfə ailə həyatı qurdu və ikinci arvadından da 5 uşağı var. Biz ümumilikdə 9 bacı-qardaşıq. Evin böyük uşağı mən idim. Cəmi 2-ci sinifə qədər oxudum. Sonra atam məni məktəbdən çıxartdı. Bacı-qardaşlarıma baxmaq lazım idi. Beləcə mən təhsilsiz qaldım”.
Sənəm Bəhramova 41 il hospitalda sanitar işləyib. Tək yaşayan Sənəm xanım aldığı kiçik pensiyasını da öz qızına verir:
“Qızım Tbilisidən kənarda yerləşən Lilo qəsəbəsində yaşayır. Ərini çox tez itirib və iki körpə övladı var. Uşaqlardan biri anadangəlmə qüsurludur”.
Ötən əsrin 60-cı illərində Qomboriyə Gürcüstanın şimal-şərqində yerləşən yüksək dağlıq regionu olan Pşav-Xevsuretiyadan ekoloji mühacirlər köçüb. 1964-cü ildə Qombori kəndinin əhalisinin əksəriyyəti gürcülərdən ibarət idi. Lahıclar deyirlər ki, bir çox mədəni və məişət elementlərini məhz gürcülərdən götürüblər. Onlar gürcü qonşuları ilə birlikdə xristian kilsəsinə gedir, bayramlar keçirirlər. Gürcülər də həmçinin onlarla birlikdə Qurban bayramını qeyd edir.
Üç uşağı və altı nəvəsi olan Şabacı Paşayeva deyir ki, lahıclar da gürcülərdən nümunə götürərək qohum nikahlarından imtina ediblər. İslam qanunları buna imkan versə də, lahıclılar öz iradələri ilə bundan imtina edib:
“Necə ki, Azərbaycanda yaşayanda oranın qanunlarına riayət edir, donuz əti yemir, alkoqollu içki qəbul etmirdik, indi də gürcülərin adətlərinə əməl edirik. Əslində, Gürcüstanda belə qadağalar yoxdur və biz kulinariyada daha sərbəstik. Müxtəlif üsullarla hazırlanmış düyü və qoyun, mal və donuz əti olur. Bəli, təəccüblənməyin, demək olar ki, bütün lahıclar donuz əti yeyir. Bir də bizdə şəkərli kökə və turş süddən hazırlanmış göyərtili şorba olur. Gürcülər bunun dadını çox sevir”.
Qombori kəndində iki məktəb olub: gürcü və rus. Lahıclar özləri uşaqlarını hansı məktəbə qoymaq istədiklərinə qərar veriblər. Ümumiyyətlə, lahıclar dörd dildə sərbəst danışa bilirlər.
Əhali deyir ki, gürcülərlə gürcü dilində, ruslarla rus dilində rahat danışırlar. Azərbaycan dilində yalnızca kənddə yaşayan tatarlarla danışırlar. Tatarların da dədə-babaları iranlı olduğu üçün dili bilirlər. Onları da azərbaycanlı kimi qeyd ediblər. Amma elə deyil. Bu səhvdir. Onlar “İran azərbaycanlıları” gedir. Biz isə “Lahıc xalqı”. Heç birimiz azərbaycanlı deyilik.
Şabacı Paşayeva deyir ki, evdə öz dillərində danışırlar:
“Bizim heç vaxt öz yazımız olmayıb. Amma dilimiz hələ unudulmayıb. Ailədə hamı bir-biri ilə lahıc dilində danışır. Uşaqları da öyrədirik, amma gənclər artıq bu dildə həm evdə, həm də həmkəndli lahıclarla danışmağa utanır. Mənsə çox istərdim ki, əcdadlarımızın dilini itirməyək”.
Gürcüstanda müstəqillik bərqərar olandan və dini azadlıq əldə ediləndən sonra əhali kənddə yerləşən evlərdən birində kiçik ibadətxana yaradıb. Lahıclılar şiədir. Onlar buranı məscid adlandırırlar. Burada onlarla yanaşı, Qombori kəndində yaşayan bütün müsəlman əhali namaz qılır, dini mərasimlər keçirir, dini bayramları qeyd edirlər.
2014-cü ilin siyahıya alınmasına əsasən, Qombori kəndində 304 şərti “azərbaycanlı” yaşayır. Onların yarısı lahıclar, yarısı da tatlardı. 1989-cu illə müqayisədə müsəlman əhalinin sayı iki dəfə azalıb.
Lahıclar Gürcüstanın müxtəlif regionlarına, eləcə də xarici ölkələrə köçdüyü üçün onların dəqiq sayını müəyyən etmək mümkün deyil. Kəndi tərk edən sakinlər əsasən sosial-iqtisadi amillər üzündən gediblər. 100 il qabaq gəldikləri bu yerlər artıq onların normal dolanışığını təmin etmək üçün yararlı deyil. Yeni qanunlara görə, meşədə ağac kəsmək qadağandır. Bundan əlavə, artıq kömür yandıran yoxdur, işlədikləri hərbi hissələrdən heç nə qalmayıb. Bircə şey qalır: meşəyə gedib, satmaq üçün giləmeyvə və göbələk yığmaq. Bununla isə kəndin təzə ailə quran kişiləri məşğul olur.
Könül Cəfərli
Yazıya əlavə:
2003-cü ilin son günləri idi. Rusiya Federasiyasında yaşayan qohumlara baş çəkməyə gedirdim. Qatar vaqzaldan tərpənəndə kupe yoldaşlarımın 4 nəfərinin İsmayıllıdan olmalarını bildim, onların kimliyi və hara getmələri ilə maraqlandım. 4 gənc Orenburq şəhərinə tikinti işinə, yaşlı kişi isə Volqaqradda yaşayan oğlunun yanına gedirdi. Ağsaqqalın ləhcəsindən lahıclar kimi danışmasını aydınca tutdum. Harda yaşamasını soruşdum. Gürcüstandanam dedi. Gürcüstanlının lahıc ləhcəsi ilə Azərbaycan dili danışması marağı məni rahat buraxmadı. Müxtəlif suallarla nəsə öyrənmək cəhdim nəticəsiz qaldı. Adı Nurməmməd olan ağsaqqal Lahıc barəsində heç bir məlumatı olmadığını söyləsə də bu cavabın doğruluğuna şübhəm qaldı...
Qohumlar üçün apardığım bağlamada çapdan çıxmış kitablarımın nümunələri vardı. Vaxtın boş ötməməsi üçün “Bu yaz niyə geçikdi” kitabından bir neçə şeiri əzbər bilsəm də yenidən oxudum. Nurməmməd dayı: Ver görüm, orda nə yazılıb? – dedi. Kitabı ona uzatdım. Özüm çantadakı “Nəğmə xundum ve tati” (“Tatca nəğmə oxudum”) adlı kitabı əlimə aldım. Bir neçə bayatını oxumuşdum ki, ağsaqqal şirin ləhcəsi ilə: Ver, baxım, o kitabında nə var? – dedi. Heç fərqinə varmadım. Kitabı Nurməmməd kişiyə vedim. Az keçmiş hiss etdim ki, kupe yoldaşım kitabı elə-belə deyil, oxuduqca vərəqləyir. Təəccübümü bildirmədən:
- Ağsaqqal, oxuduğunu başa düşürsən ki, kitabdan gözünü çəkmirsən? – deyə soruşdum.
- Nurməmməd kişi:
- Ay bala, hə ve zuhunmuni diyə (Ay bala, elə öz dilimizdədir də) - deyə cavab verdi. Heyrət məni susdurdu...
Gürcüstan vətəndaşı Nurməmməd kişi kəndləri, həmkəndliləri, onların yağayış tərzi və bir çox şeylər barədə ətraflı danışdı.
Volqaqrada bir neçə dəqiqəlik yolumuz qalmışdı. Kitaba avtoqraf yazıb ağsaqqal yol yoldaşıma hədiyyə etdim. Söz verdim ki, Gürcüstana yolum düşsə, mütləq Qombori kəndinə gələcək, evinin qonağı olacağam...
Şahməmməd Dağlaroğlu
http://ismayilli-xeberleri.info/4811-grcstanda-100-ildi-yaayrlar-lahicdan-gedblrm.html