Göyçayda Mırtı, Tovuzda Çirkinli: Adları dəyişmək olarmı?

 Bu sözləri Teleqraf.com-a açıqlamasında tarixçi Fariz Xəlilli kənd, şəhər, yer adlarının yaxşı səslənməməsi arqumenti ilə dəyişdirilməsi təşəbbüsünə münasibət bildirirkən deyib.
 

Tarix: 15-10-2017 // saat: 13:30
Artıq mənbələrdə özünə yer tapmış, qəbul olunmuş toponimlərin dəyişdirilməsinə ehtiyac yoxdur.
Bu sözləri Teleqraf.com-a açıqlamasında tarixçi Fariz Xəlilli kənd, şəhər, yer adlarının yaxşı səslənməməsi arqumenti ilə dəyişdirilməsi təşəbbüsünə münasibət bildirirkən deyib.
Onun sözlərinə görə, tarixi dəyər qazanmış adlara toxunmaq olmaz: “Məsələn, Mərəzənin adını dəyişib, Qobustan qoydular. Həmin məkan Övliya Çələbinin əsərində Pir Mərəzə kimi keçir. Sonrakı bütün mənbələrdə Mərəzə adı qeyd edilir. Bundan başqa, dünyada Mərəzə adı ilə tanınmış xalçalarımız var.
Biz isə bu tarixi adı dəyişdik ki, guya mərəz sözündəndir, xəstəlik mənasını verir. Zənnimcə, bu cür adları bu arqumentlə dəyişmək olmaz. Tariximiz silinir.
Mən bir tarixçi kimi istərdim ki, adlarımıza heç kim toxunmasın. Çünki həmin adlar mənbələrdə özünə yer tutub, arxiv sənədlərində qeyd olunub.
Məsələn, Göyçay rayonunda Mırtı kəndi var. Ölkənin bir çox yerlərində Mırtı deyə yerlərə rast gəlinir Bu, mürid sözündəndi, dəyişə-dəyişə gəlib olub Mırtı. Bəziləri isə deyir ki, mırt sözü ilə bağlıdır. Doğru deyil. Mürid sözünün təhrif olunmuş formasıdı və tarixə keçib. 18, 19, 20 əsrin arxiv sənədlərində bu yer adı qeyd olunur. Orada yaşayan insanlar bu adı qəbul ediblər”.
Yazıçı Səfər Alışarlı da hesab edir ki, tarixi əhəmiyyət daşıyan ad və toponimlərin dəyişdiriləməsi məqsədəuyğun deyil: “Amma bəzən müəyyən səbəblər üzündən onları dəyişdirmək zərurəti ortaya çıxır. Bu zərurət, əlbəttə, milli mənafe zəminində yox, yaxşı və pis səslənməsi və yaxud özünü doğrultmayan ifadələr olması səbəbi ilə əlaqələndirilir. Ermənistan tərəfdə işğal edilmiş bütün toponim və adlarımız dəyişdirilib. Bəlkə də yeganə faktdır ki, dünya miqyasında toponimlərə bu cür barbar münasibət olub. Türkiyə ərazisində qədim yunan toponimlərinin 90 faizindən çoxu qorunub saxlanılıb, dəyişilməz qalıb.
Amma hərdən Azərbaycan KİV-də ölkəmizin toponimiyası ilə bağlı müəyyən fikirlər irəli sürülür. Adların yaxşı səslənməməsi söhbət mövzusu ola bilməz. Həmin adlar tarixi faktlara əsaslanır. Məncə, belə məsələlərə yüngül formada yanaşılmamalıdır”.
Deputat Fazil Mustafa bildirib ki, bu məsələ ilə xüsusi komissiya məşğuldur: “Toponimlərlə bağlı Milli Məclisin qərarı ilə Elmlər Akademiyasında xüsusi komissiya fəaliyyət göstərir. Ora daxil olan təkliflər müzakirə edilir və məqsədəuyğun olarsa, yer adlarının dəyişdirilməsinə qərar verilir. Komissiyanın rəyi əsasında təklif Milli Məclisin Regional məsələlər komitəsində müzakirə olunur. Sonra da Milli Məclisin müzakirəsinə çıxarılır.
Cəmiyyətdə çox vaxt bu dəyşikliklərin məqsədəuyğun olub-olmaması mübahisə doğurur. Məncə, addyişmə məsələsini çox da peşəkar həll edə bilmirik. Məsələn, Əlibayramlının adının Şirvan olaraq dəyişdirilməsi o qədər də uğurlu tapıntı deyildi. Çünki Şirvan bütövlükdə o ərazinin coğrafi adıdır. Daha fərqli ad tapa bilərdilər.
Dəvəçinin Şabrana dəyişdirilməsi isə ən uğursuz addımlardan biridir. Çünki Dəvəçi sırf türk adıdır və bu adın dəyişdirilməsinin heç bir mənası yox idi”.
AMEA Coğrafiya İnstitutunun Coğrafi fikir tarixi və toponimika şöbəsinin elmi işçisi Mahirə Abbasova bu tendensiyanı tariximizin üstündən xətt çəkməyimiz qədərində səhv addım kimi qiymətləndirib: “Adın yaranma tarixini, dəyişmə formasını müəyyənləşdirəndən sonra fikir söyləmək lazımdır. 30 il bundan qabaq Tovuzda Çirkinli kəndi vardı. Adını dəyişib Çeşməli etdilər. Halbuki Çirkin böyük türk tayfasının adıdır. Bu tipli adların dəyişdirilməsini səhv hesab edirəm.
Belə toponimləri yerli camaatın təklifi ilə dəyişdirildiyi deyilir. Yerli camaat adı dəyişmək istəsəydi əvvəlki nəsillər dəyişərdi. Axı, tariximiz qədimdir, belə olmaz. Kütləvi şəkildə “Babam mənə kor dedi, hər gələnə vur dedi” prinsipi ilə məsələlərə yanaşmaq düzgün deyil”.
 
Müəllif: Şəfiqə Nazimqızı
http://teleqraf.com/news/toplum/152042.html

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN