Abad şəhər - Ağsu

Yolda onu da qət etdim ki, sabah məktəbə gedəndə şagirdlərə ilk söyləyəcəyim söz bu olacaq. “El arasında söylənən “Xaraba şəhər” ifadəsini unudun. Ora “Abad şəhərdir” çünki bütün saflığı ilə birgə qorunan qədimlik xaraba ola bilməz.

Tarix: 11-3-2017 // saat: 17:26
Tale elə gətirdi ki, Ağsuda fəaliyyət göstərməli oldum. Hər işin ilk addımları çətin olduğu kimi mənim də işimin ilk çağları bir qədər çətinlik içərisində keçdi. Yeni mühit, yeni insanlar, yeni düşüncə və saydıqca bitməyən yeniliklər.Əslində insan hər zaman yenilik istəyir, yeniliyə ehtiyac duyur, ona doğru can atır. Ancaq dahi Nizami “Artıq içiləndə dərd verir su da” sözlərini nahaq yerə deməyib. Bəzən həddən artıq yenilik mənəvi cəhətdən yorğunluğa gətirib çıxarır. Zaman hər dərdin dərmanıdır deyiblər. Həqiqətən də, elə oldu. Qısa müddətdə özümü toparlaya bildim. Bu yenilikdə də xoş məqamlar, xoş aura axtarışına çıxdım və atalarımızın “Niyyətin hara, mənzilin ora” sözlərinin sübutunu da burada gördüm.
Bir gün dərs zamanı mövzumuz qalalara həsr olunmuşdu. Şagirdlərə motivasiya xarakterli “Siz hansı tarixi abidələri tanıyırsınız?” sualını verdim. Çox tarixi abidələrin adlarını sadaladılar. İkinci suala gələn cavab məni, həqiqətən, maraqlandırırdı. Bəs, Ağsu ərazisində hansı tarixi abidələr var? Şeyx Dursun türbəsi, Pir Bəxtiyar türbəsi, Xaraba şəhər yeri və bir neçə tarixi yerlərin adlarını söylədilər. “Bu tarixi abidələrdən hansıları görmüsünüz?” sualına isə güman edirdim ki, cavab verməyə çətinlik çəkəcəklər. Lakin zənnim məni yanıltdı. Düzü, bu dəfə zənnimin yanılmağına çox sevindim. Mətləbdən çox uzaqlaşmayım sevincimin səbəbi bu idi ki, sualıma bütün sinif şən səslə “Xaraba şəhər Ağsuya getmişik” – dedilər. “Aha, ora haradır? Nə gördünüz orada?” suallarımı həvəslə cavablandırdılar. Həqiqəti desəm, bu dəfə mən utandım. Axı bu 5 ayda niyə Ağsunun tarixi abidələri ilə maraqlanmamışam? Bu sualı öz-özümə şagirdlər qədim şəhər haqqında danışdıqca verdim.O qədər həvəslə, o qədər maraqla danışırdılar ki, özlüyümdə qət etdim ki, mütləq gedəcəyəm bu tarixi yeri görməyə. Çox qısa zamanda həmyaşıd həmkarlarla bir gün yolumuz Ağsu şəhərinə istiqamətləndi. Yol boyu maraq məni bürümüşdü. Mücərrəd suallar fikrimi o qədər məşğul etmişdi ki, mənzil başına necə çatdığımızı hiss etmədim. Budur, möhtəşəm, əsrarəngiz tikili. Müasirliklə tarixin qədim dövrlərindən axıb gələn izlər. Sənətkarlar məhləsindən başlayan səyahət , qədim məscid, qədim yaşayış məskənində tamamlandı.Hətta atılan top mərmilərinin qalan izləri, saxsı qablar, müxtəlif pullar bizi heyran etdi. Gəzdikcə Səməd Vurğunun şeirindən misralar yaddaşımda təzələndi.
Kim bilir, neçədir dünyanın yaşı,
Tarixin nə qədər yazısı vardır.
Hər saxsı parçası, hər məzar daşı,
Nəsildən-nəsilə bir yadigardır.
Beləliklə,qədim şəhəri gəzdikcə öyrəndik ki, XVIII əsrin xanlıqlar dövrünün ərazi və əhalisinin sayına görə ən böyük şəhəri olan Ağsuda Arxeoloji tədqiqatlar 2010-2012-ci illərdə aparılmışdır. Bu zaman kəsiyində 1,5 hektar sahə öyrənilmişdir. Lakin səhv etmirəmsə bələdçi bizə 40 hektar ərazidə torpaq altında bu şəhərin qalıqları olduğunu söylədi.
Bu nağıl kimi, nağıldan da şirin keçmişə səyahətimiz xatirə dəftərində düşünmədən, tərəddüdsüz təəssürat yazmağımıza səbəb oldu. Ekskursiyamızın sonunda getməyə hazırlaşırdıq ki, MİRAS ictimai birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli ilə tam təsadüf nəticəsində qarşılaşdıq. Bizi o qədər səmimi, o qədər ürəkdən salamladı ki, hər birimiz başqa-başqa bölgədən olsaq da sanki öz həmyerlimizlə rastlaşdığımız kimi hiss etdik özümüzü. Hər birimizlə ayrı-ayrılıqda maraqlandı. Köhnə şəhər haqqında daha dolğun məlumatlar verdi. Söhbət əsnasında mənim İsmayıllı rayonundan gəldiyimi öyrənəndə İsmayıllının Sulut kəndi ərazisindəki “Buzxana ”dan, Fit dağındakı qaladan da danışdı. Sonda Fariz müəllim bizə xatirə qalsın deyə jurnal və kitablar da bağışladı. Biz də düşündük ki, həmin kitabları oxuduqdan sonra məktəbin kiçik bir guşəsində sərgiləyək.
Geri qayıdanda xəyalımda söz ustadı Nizami Gəncəvinin utopiyası kimi bir şəhər canlanırdı. Əsrlərdən yadigar qalan bu heyrətamiz şəhərdən uzaqlaşmaq istəmirdim.İçimdə bir hiss mənə deyirdi ki, yenə buranı ziyarət etməyə gələcəyəm.Hətta bu ikinci ziyarətimin xəyalını artıq təsəvvürümdə bir kino lenti kimi kiçik animasiyarla canlandırmağa çalışırdım. Bu dəfə şagirdlərlə gələcəkdim. Orta əsr Ağsunu görməyən şagirdlərlə.Ona görə ki, onlar bizim gələcəyimizdir. Gələcəyimizə tariximizi öyrətməli, tarixi yerlərə getməyi biz hər birimiz təbliğ etməliyik. Hüseyn Cavid demişkən:
Təkrarsız, bənzərsizdir bu Vətən,
Sirli-sehrlidir,ana mehrlidir,
Çən bərədir,zil dərədir,
Sərt qayadır, mərd qaladır,səfalı oylaqdır,
Həm aran, yaylaqdır bu Vətən!
Yolda onu da qət etdim ki, sabah məktəbə gedəndə şagirdlərə ilk söyləyəcəyim söz bu olacaq. “El arasında söylənən “Xaraba şəhər” ifadəsini unudun. Ora “Abad şəhərdir” çünki bütün saflığı ilə birgə qorunan qədimlik xaraba ola bilməz.
 
Turac Ağayeva
Ağsu rayonu Kəndoba kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN