2011-ci ildən başlayaraq www.dayofarchaeology.com portalı dünya arxeoloqlarını öz peşə bayramlarını - Ümumdünya Arxeologiya gününü qeyd etməyə dəvət edir. Layihənin məqsədi arxeoloqların yer kürəsinin hər yerində bu günü bayram etməklə eyni vaxtda müxtəlif tədbirlər keçirməyə həvəsləndirmək və bu fəaliyyətlərin nəticələrini geniş ictimaiyyət arasında foto, video, internet mterialları şəklində paylaşmaqdır.
2014-cü ildən etibarən Azərbaycanda arxeoloqların bayramı MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü ilə təntənəli surətdə qeyd olunur. Hər il Orta əsr Ağsu şəhərində keçirilən festivala arxeoloqlarla yanaşı etnoqraflar, epiqraflar, sənətşünaslar, Bakı, Ağsu, Şamaxı, İsmayıllıdan mədəni irs könüllüləri, yerli sakinlər qatılır.
İyulun 29-da Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksindəki Cümə məscidinin içərisində qoyulan vitrinlərdə və ətrafdakı podiumlarda 2013-2015-ci illər Mehrəvan qalasında aparılan arxeoloji qazıntıların nəticələrini əks etdirən “İlk orta əsrlərdə şəhər mədəniyyəti – Mehrəvan qalası” sərgisinin açılış mərasimi olmuşdur. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bildirib ki, sərgidə zəngin maddi-mədəniyyət nümunələri – tunc bəzək əşyaları, dəmir alətlər, əqiq möhürlər, Roma, Bizans və Sasani sikkələri, nərd daşları və zərləri, sümük, daş, şüşə əşyalar, saxsı təknə və s. nümayiş olunur. Sərgi bir il ərzində Cümə məscidində nümayiş olunacaq.
Uşaq tamaşaları üçün ssenari müəllifi və yazıçı Arzu Soltanının yazdığı “Sən də bizə qoşul” birpərdəli tamaşası Ağsu məktəbliləri tərəfindən hazırlanıb. Tamaşa uşaqları arxeoloji tədqiqatlara və axtarışlara həvəsləndirir. Tamaşanın sonluğu elə təmsili arxeoloji tədqiqatlara başlamaqla bitir. Səhnəcik Orta əsr Ağsu şəhərinin baş meydanında nümayiş olunub. Tamaşa zamanı İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələrinin milli rəqs ifaları və MİRAS Musiqi qrupunun muğam dəstgahı səslənib.
Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksinin Konfrans zalında Prof.Dr. Kübra Əliyeva, epiqraf Həbibə Əliyeva və arxeoloq Elmira Abbasova “Saxsıdan tətbiqi sənətə: naxışlar nədən danışır?” mövzusunda seminar təqdim olunub. Seminarda Azərbaycanın zəngin sənət tarixi, naxışlar aləminin müxtəlifliyi və varislik yolu ilə bu günə çatması ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tədbir zamanı Ağsu Tarix-Diyarşünaslıq Muzeyi, Ağsu Mərkəzi Kitabxanasının tətbiqi sənət nümunələri və yeni nəşrlərdən ibarət sərgisi nümayiş olunub.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Kənd həyat tərzinin inkişafında qadınların rolu” layihəsi çərçivəsində Gəgəli, Bico və Qəşəd qadınlarının əl işləri də sərgiyə cəlb olunub. Sərgi zamanı bəzi əl işlərinin hərracı da keçirilib. Rəssam Vüqar Qurbanov elə tədbir boyunca etüdlər edərək iştirakçılara hədiyyə edib.
II Ağsu Arxeologiya festivalı haqqında geniş informasiya www.dayofarchaeology.com portalında təqdim olunacaqdır.