Ağsu aşırımında problem

Bu problemdən əziyyət çəkənlərdən biri olan “Miras” ictimai birliyinin sədri Fariz Xəlilli Publika.az-a açıqlamasında bildirib ki, həmin maneələr turistləri Ağsuya getmək istəyindən daşındırır: “Dünən 50 nəfərlik  turist qrupu ilə Şamaxıda oteldən çıxsaq da, Ağsuya gedə bilmədik....

Tarix: 11-7-2016 // saat: 17:09
Bu günlərdə Ağsu şəhərinə getmək istəyənlər ciddi problemlə üz-üzə qalıb. Belə ki, Ağsu şəhərindən Ağsu dolaylarına çıxış və Şamaxı şəhərindən dolaylara giriş hissəsində böyük maşınların keçməməsi üçün metaldan 2.5 metr hündürlüyündə maneə quraşdırılıb. İndi oradan yalnız kiçik maşınlar, “Ford” və “QAZel” markalı avtomobillər keçə bilir. Həmin metalı lövhələr yalnız kranla götürülə bilər. Düzdür, Ağsuya getmək üçün alternativ İsmayıllı və Göylər yolu var. Amma bu hərəkət yolunun təxminən 60-80 km uzanması deməkdir. İstirahət, rahatlıq üçün gedən turist isə azı əlavə 80 km yol qət edib yorulmaq istəmir. Ağsu şəhərinə aparan bu yolun turizm potensialı baxımdan əhəmiyyətini vurğulamaq üçün orta əsrlərə aid Ağsu şəhərinin adını çəkmək kifayətdir. Bu mədəniyyət abidəsi orta əsr Azərbaycan tarixinin nadir nümunələrindəndir. Hər il yüzlərlə turist məhz buna görə Ağsuya səfər edir.
Bu problemdən əziyyət çəkənlərdən biri olan “Miras” ictimai birliyinin sədri Fariz Xəlilli Publika.az-a açıqlamasında bildirib ki, həmin maneələr turistləri Ağsuya getmək istəyindən daşındırır: “Dünən 50 nəfərlik  turist qrupu ilə Şamaxıda oteldən çıxsaq da, Ağsuya gedə bilmədik. Çünki bizim getdiyimiz avtobusla həmin dəmirlərdən keçmək mümkün olmadı. Bizə alternativ İsmayıllı yolu təklif edildi, lakin həmin yolu getmək üçün İsmayıllı şəhərinin içərisindən keçib, Göyçay rayonunda Qaraməryəmdən Ağsuya getmək lazım idi. Yolumuz azı 60-70 km uzanacaqdı. Bu təklifi eşidən turistlər isə getmək istəmədiklərini dedilər. Orada elə vəziyyət yaranıb ki, hündür maşınlar keçərkən dəmirlərə sürtünür, üzərində soyuducusu olan “Sprinter”lər isə ümumiyyətlə keçə bilmir. Problemi sadəcə həmin maneəni götürüb, yerində post-patrul xidməti və ya işarə qoymaqla ilə həll etmək olar. İndi isə həmin dəmirlərin qaldırılması üçün isə İcra Hakimiyyəti, “Azəravtoyol” ASC-yə müraciət etməliyik. Bu zaman da əlavə kran həmin dəmirləri götürməlidir”.
 Yolda qurulan bu dəmirlərin bölgənin turizm potensialına qarşı maneə olması bir tərəfə, həm də təhlükəsizlik üçün ciddi problemdir. 2.5 metr hündürlüyündə dəmirlərin qoyulma məqsədi ağır tonnajlı maşınların yaradacağı təhlükənin qarşını almaq olsa da, əslində bizi daha böyük təhlükə ilə üz-üzə qoyur. Həmin yolda hər hansı avtomobil qəzası və ya yanğın baş verməsi istisna deyil. Lakin reallıq göstərir ki, hündürlüyü 2.5 metrdən hündür olan yanğınsöndürən maşınların ora gəlib vaxtında çatması da mümkünsüzdür. Yanğınsöndürən maşınların hadisə yerinə çatması üçün əvvəlcə xüsusi kran yolları dəmir maneələrdən “təmizləməlidir”. Bu isə əlavə vaxt və hətta bəlkə də, can itkisi deməkdir.
 Məsələyə münasibət bildirən “Azəravtoyol”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Publika.az-a açıqlamasında bildirib ki, dəmir maneələr sərnişinlərin təhlükəsizliyi üçün quraşdırılıb: “Həmin yoldan ağır tonnajlı maşınların hərəkəti digər hərəkət istifadəçilərinin həyatı üçün təhlükə yaradırdı. Məhdudiyyət də bu məqsədlə qoyulub. Həmin dəmirlər Nazirlər Kabinetinin “Yol hərəkəti təhlükəsizlik komissiyası” ilə razılaşdırıldıqdan sonra qoyulub. Həmin yola alternativ yollar təklif olunur. Məsafə uzansa da, mənzil başına təhlükəsiz çatmaq, qısa yolla təhlükəli yol getməkdən yaxşıdır. Hündür avtobusların da həmin yoldan hərəkət etməsi təhlükəlidir”.
 A.Nəcəfli yük maşınlarının hərəkəti üçün sadəcə xüsusi işarələr və ya yol polisinin nəzarət etməsinə də münasibət bildirib: “Sadəcə işarə quraşdırılması kifayət deyil. Bu zaman gərək ya yol polisi və ya yolların mühafizə xidməti həmin yolda daimi post qurub nəzarət etməlidir. Çünki yük maşınlarının sürücüləri heç bir məhdudiyyətə məhəl qoymadan hərəkət edirlər. Bildiyim qədəri ilə əvvəl yol polisinin Ağsu dolaylarında postu olsa da, artıq ləğv edilib”.
 Yolda hər hansı qəza baş verdiyi halda yanğınsöndürən maşınların əraziyə çatmasında yaranacaq problemə gəldikdə, A.Nəcəfli bu iş üzərində işlədiklərini dedi: “Əvvəl həmin yolda dəmirlər kilidlə qoyulmuşdu, lazım olanda kilidi açıb keçmək olurdu. Bəzi hallarda yük maşınları kilidləri sındırıb keçirdilər. Ola bilər ki, yenidən elə kilid sistemi qurulsun. Ya da başqa bir variant işlənsin. Fövqəladə hallarda yanğın maşının əraziyə necə keçə biləcəyi bizi də narahat edən məsələdir. Bunun necə həll ediləcəyini dəqiq deyə bilmərəm, lakin həll olunmalıdır”.
 Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə açıqlamasında bildirib ki, yola mütəmadi olaraq yol polisi əməkdaşları nəzarət edir: “Yoldakı maneənin hündürlüyü 2,75 metrdir və orada gün ərzində yol polisi daim nəzarət edir. Operativ nəqliyyat vasitələrinin yoldan keçməsini isə yol patrul xidməti inspektorları təmin edir. Hər hansı turist avtobuslarının ərazidən keçməsi isə təhlükəli hesab edilir, ona görə də, icazə verilmir. Çünki həmin yol böyük avtobusların da hərəkəti üçün təhlükəlidir”.
 Maraqlıdır, yol patrul xidməti 24 saat ərazidə olaraq ağır tonnajlı avtomobillərin, hətta turist avtobuslarının keçməsinə icazə vermirsə, o zaman həmin dəmirlərin quraşdırılmasına nə ehtiyac var?
 
Gülxar Şərif
 
http://publika.az/p/142706

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN