Narkomaniyaya qarşı mübarizədə kitabxanaların rolu

 26 iyun “Narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə günü”dür. Bütün dünya üçün aktual olan narkomaniya Azərbaycandan da yan keçməyib. Rəsmi statistikaya görə, artım hər il təxminən 1000 nəfər təşkil edir.

Tarix: 27-6-2016 // saat: 23:34
 26 iyun “Narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə günü”dür. Bütün dünya üçün aktual olan narkomaniya Azərbaycandan da yan keçməyib. Rəsmi statistikaya görə, artım hər il təxminən 1000 nəfər təşkil edir. Statistik məlumatlarda ölkədə 27 min nəfər yaxın narkoman olduğu bildirilir. Təəssüfedici hal odur ki, narkomaniya gəncləşməkdədir. Belə ki, respublikadakı narkomanların 4 min 979 nəfəri 18-29 yaş arasında olan gənclərdir. Narkomanların 600 nəfəri qadınlar, 12 min 791 nəfəri isə 40-59 yaşlı kişilərdir.
Narkomanların 80 faizi damar daxili narkotik istifadəçiləridir. Respublika üzrə ən çox narkotik istifadəçiləri isə Bakı və Sumqayıt şəhərlərinin və cənub bölgəsinin payına düşür. Qeyri-rəsmi məlumatlara görə isə ölkədə narkomanların sayı göstərilən rəqəmdən bir neçə dəfə çoxdur.
Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün  Dövlət Proqramı” qəbul edilmişdir. Narkomaniya ilə mübarizə istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Bununla əlaqədar kitabxanaların da üzərinə böyük vəzifələr düşür. Narkomaniya və narkobiznesə qarşı mübarizə mövzusunda yeniyetmə və gənc  oxucular arasında mühazirələr keçirilməsi vacibdir. ”Ağ ölümə qarşı mübarizə et”, ”Zərərli vərdişlər və ondan törənən fəsadlar”, ”Bəşəriyyətin düçar olduğu bəla”,”Gəlin,gələcəyimizi qoruyaq!”, "Narkomaniyanın genefondumuza gətirdiyi bəlalar”və s mövzusunda mühazirələr  oxucularda maraq oyada bilər.Bundan başqa  kitabxananaın internet saytında “ağ bəla” haqqında video çarxlar,elektron nəşrlər ,fotolar yerləşdirilməlidir.Mühazirənin sonunda  mövzu ilə əlaqədar  film də nümayiş etdirmək olar.
Keçirilən tədbirlər arasında söhbətlər mühüm yer tutur. Məsələn, ”Gəncləri narkomaniyaya doğru aparan yol”. Belə tədbirlər maarifləndirici xarakter daşıyır. Söhbət zamanı mövzu ilə əlaqədar video çarxdan və sənədli filmdən istifadə edilməlidir.
Narkomaniyaya və narkobiznesə qarşı mübarizə ilə əlaqədar oxucu konfransları və kitab icmallarından da istifadə edilməlidir. Bu zaman keçirilmiş tədbirlər, son dövrlərdə nəşr olunmuş kitablar haqqında məlumatlar oxucunun nəzərinə çatdırılmalıdır.
Kitabxanalar narkomaniya ilə əlaqədar yeni kitabların təqdimatını keçirməli və mövzu ilə əlaqədar  oxucularla bilavasitə dialoqa girməlidir.Kitabın əhəmiyyəti və əldə olunma yolu haqqında iştirakçılara məlumat verilməlidir.
Keçirilən tədbirlər arasında mövzu gecələri və “sual-cavab gecəsi”ni də qeyd etmək lazımdır.
Mövzu ilə əlaqədar sdendlər, sərgilər, plakatlar, fotomontajlar, veriləcək suallar, göstəriləcək səhnəciklər, video və sənədli filmlər, deyiləcək şeir parçaları əvvəlcədən hazırlanır.
Narkomaniyaya və narkobiznesə qarşı mübarizə ilə əlaqədar ən təsirlisi kitab sərgiləridir. Kitabxanada “Dünyamızı narkomaniya bəlasından qoruyaq” sərgi təşkil etmək olar. Sərgidə Ümummilli lider Heydər Əliyevin mövzu ilə əlaqədar sitatından,kitablardan,qəzet və jurnal materiallarından istifadə edilməlidir.Kitabxanalarda narkomaniyaya və narkobiznesə qarşı mübarizə ilə əlaqədar guşələr də təşkil edilə bilər. Guşədə qəzet və jurnal materialları, tövsiyə ədəbiyyat siyahıları, mövzu ilə əlaqədar sənədlər və şəkilllər öz əksini tapmalıdır.
Ümumiyyətlə, kitabxanaçı narkomaniyaya dair tədbir keçirərkən ilk növbədə gənc və yeniyetmələrin diqqətini narkomaniyadan törənən ağır bəlalara yönəltməlidir. Tədbirlərin keçirilməsində başlıca məqsəd  gənc və yeniyetmələri bu yoldan uzaqlaşdırmaq,onları narkotika kimi pis vərdişdən cəkindirməkdir. Rayon Mərkəzləşdirilmiş kitabxana Sisteminin kitabxana filialları  bundan sonra da bu istiqamətdə işlərini davam etdirəcəkdir.
 
Məhbubə Əhmədova
Ağsu rayon Mərkəzi kitabxananın işçisi 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN