Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2016-cı il 1-ci maliyyə yardımı müsabiqəsinin qaliblərindən biri MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və onun "Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihəsidir. Layihənin rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir.
Məqsəd Azərbaycanda yaşayan əhalinin ahıl, tənha və aztəminatlı ailələrinin, xüsusilə qadınların sosial vəziyyətinin yaxşılaşması və onların asudə vaxtlarının səmərəli təşkilinə dair təşəbbüslərə dəstək verməkdir. Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində müxtəlif yaş kateqoriyalarına və ictimai durumuna malik olan qadınların kənd həyat tərzinin inkişafında tarixən keçdiyi yol, ənənəvi təsərrüfat sahələri, xüsusilə ev sənətkarlığı haqqında araşdırmaların aparılması, nəticələrin ümumiləşdirilməsi, təklif və tövsiyələrin hazırlanması, praktiki işlərin təşviq edilməsi, yeniliklərin kəndlərə gətirilməsi və s. məqamlara diqqət göstəriləcək.
Layihə Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində həm yerli palaz və xalça toxuma, həm də Şirvan xalça məktəbinə xas olan çeşnilərin özünəməxsusluğunun öyrədilməsi, bölgədə sahibkarlığın, turizm potensialının inkişafına yönəlib. Eyni zamanda boyaqçılığın bərpası, boyaq bitkilərinin kultivasiyası, qoyunçuluğun inkişafı, yun emalı iplik istehsalı müəssisələrinin yaradılması, kəndli-fermer təsərrüfatlarının inkişaf etdirilməsi kimi kompleks yanaşmaların təşviqidir. Bunun üçün istiqamətlər üzrə müvafiq təlimlər təşkil olunmalı, xalçaçılıq sənəti və texnologiyası, boyaqçılıq, kəndli-fermer təsərrüfatlarının yaradılması, bitkilərin kultivasiyası sahəsində ən müsbət təcrübə, iqtisadi səmərəlilik, qanunvericilik bazası ilə bağlı elmi-praktik seminarlar keçirilməli, mütərəqqi texnologiyalara dair ədəbiyyat nəşr edilərək tullantısız, alternativ enerji mənbələrinə əsaslanan pilot təsərrüfat modeli işlənməli və kənd qadınlarının bu sahələrdə rolu artırılmalıdır.
Əldə olunan nəticələr xalçaçılıq üzrə “Ustad dərsləri”nin keçirilməsi, yerli və əcnəbi turistlərə “Xalça və palaz turları”nın təşkili, mədəni məhsulun istehsalı nəticəsində iqtisadi səmərənin əldə olunmasının nümunəsi kimi ölkəmizdə digər sənət növlərinə də yeni baxışın formalaşmasına və mədəni irs nümunələrinin inkişafına yönəlmiş istənilən ideyaya kompleks yanaşmanın perspektivləri haqqında təsəvvür yaradacaq.
Layihədə əsas məqsəd həm də gələcəkdə məhsulların satışı yarmarkalarını təşkil edərək insanlarda bu sahəyə qarşı maraq oyatmaq, maddi və mənəvi stimullaşdırmadır.
Layihənin sosial mahiyyəti işsizliyin aradan qaldırılması ilə yanaşı, bölgələrdə ciddi problem olan erkən nikahların qarşısının alınması, böyüməkdə olan nəslin təhsilə cəlb olunması, köklərə daha sıx bağlanması, kəndli-fermer təsərrüfatlarının yaradılması və sosial fəallığın artması, bölgələrdə infrastrukturların inkişafının təşviqi, beləliklə əhalinin dövlət proqramlarından irəli gələn vəzifələri yerinə yetirilməsi işinə cəlb etməklə maddi durumlarının yaxşılaşdırılmasıdır.
Son illər Miras İctimai Birliyinin xüsusi diqqəti və gördüyü işlər nəticəsində tarixi turizmin inkişaf etdiyi Ağsu rayonunda turizm potensialı və bölgəyə gələn turistlərin sayı artıb. Bu da layihənin reallaşması və gələcəkdə müsbət təsirini göstərərək effektli olacağına inamı daha da artırır.
Bu məqsədə çatmaq üçün layihə qarşısında aşağıdakı vəzifələr qoyulmuşdur:
- Qadınların kənd həyat tərzinin inkişafına münasibətinin araşdırılması;
- Kənddə mədəni və sosial həyatın potensial və perspektivlərinin araşdırılması;
- Sorğuların keçirilməsi;
- Sorğuların təhlili, ekspert qiymətləndirmələri, təkliflər və tövsiyyələrin hazırlanması;
- Araşdırmaların nəticələrinin ümumiləşdirilməsi və uyğun təklif, tövsiyələrin hazırlanması;
- Qadınlara ənənəvi və müasir xalça, palaz və toxuma üsullarının öyrədilməsi, kursların, təlimlərin təşkili, praktik iş;
- Bu sahədə müasir təcrübəyə, qanunvericilik bazasına, boyaqçılığın və boyaq bitkilərinin kultivasiyası, yun emalı, iplik istehsalına həsr olunmuş təlimlərin təşkili;
- Sonda hər bir iştirakçı imtahan olunaraq sertifikat verilməsi və qazanılan ballara görə ilk üç yeri tutan müdavimlərin diplomla təltif olunması;
- Əldə olunan nəticələri əks etdirən fotosərginin və əl işlərindən ibarət satış-sərginin təşkili, qabaqcıl təcrübə və pilot müəssisə modelinin təqdimatı;
- Birliyə məxsus agsunews.az internet səhifəsində kənd həyat tərzi bölməsinin yaradılması;
- “Kənd həyat tərzinin inkişafında qadınların rolu” tövsiyyə kitabının çap olunması;
- Layihənin yekunlarına həsr olunmuş mətbuat konfransının keçirilməsi.